Əsas məzmuna keç

Qəbələdə saray tipli ictimai binanın qalıqları aşkar edilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev tezadlar.az-a bildirib ki, qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olanqədim Qəbələ ərazisində 1926-cı ildən başlayaraq artıq 100 ildir ki, müəyyənfasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır. Bu ilki çöl-tədqiqat mövsümündə mənim rəhbərliyim ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası 3 ay ərzində şəhərin Qala ərazisində tədqiqatları davam etdirmişdir. Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və müəyyən səbəblər üzündən yarımçıq qalan III qazıntı sahəsi cənub və şərq istiqamətdə genişləndirilərkən orada alban dövrünə aid iri ölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkara çıxarılıb. Diqqəti cəlb edən odur ki, ən azı yaxın 35-40 km məsafədə bu qəbildən olan daş yatağı mövcud deyil. Deməli, tikintidə istifadə olunan mədən daşları haradasa uzaq bir yataqdan tədarük olunaraq Qəbələyə daşınmışdır. Bu isə ancaq və ancaq dövlət resuslarından istifadə yolu ilə həyata keçrilə bilərdi. Təkcə bu faktor yeni aşkar edilən binanın dövlət təyinatlı ictimai bina olduğunu deməyə əsas verir. Əfsuslar olsun ki, erkən orta əsrlərin sonlarına doğru daxili və xarici təsirlər nəticəsində həmin bina çox ciddi dağıntıya məruz qalıb. VIII əsrin sonu-IX əsrdə isə qeyd olunan tikintinin qarşısında və onun bünövrəsi üzərində bişmiş kərpicdən yeni, həm də memarlıq baxımından daha möhtəşəm bir bina ucaldılıbdır. Qarşı tərəfində 3 ədəd kərpic platforma və bir ədəd kərpic sütunu aşkr edilən həmin bina da bütün parametrləri ilə ictimai bina təsəvvürü yaradır. Fikrimizcə kompleksin ətrafının bişmiş kərpic divarlarla hasara alınması da elə bundan xəbər verir.

XXX

Xatırladaq ki, şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, bu cür əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub. 500 kvadrat sahədə aparılan tədqiqatlar zamanı Qəbələ sakinlərinin təsərrüfat həyatı, məişəti, ayrı-ayrı sənət sahələrinin inkişaf və ya tənəzzül dinamikası, şəhərin memarlıq xüsusiyyətləri, ticarət və mədəni əlaqələrdə iştirak məsələlərini öyrənmək baxımından çox mühüm elmi əhəmiyyəti olan çoxsaylı və rəngarəng çeşidli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.  Həmin nümunələr içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi olaraq qeyd etmək olar. Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir. Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyası və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından çox əhəmiyyət kəsb edir. Son olaraq onu da qeyd edək ki, hazırda öyrənilməkdə olan sahədə tədqiqatlar hələlik başlanğıc mərhələsindədir. Heç şübhəsiz ki, yeni aşkar olunan saray tipli ictimai binanın dövrü, plan quruluşu, digər konstruktiv özəllikləri və təyinatı ilə bağlı son söz demək üçün gələcəkdə orada tədqiqatları davam etdirmək vacibdir. Hesab edirik ki, tədqiqatların bu istiqamətdə davamı 2500 il yaşı olan qədim paytaxt şəhərimiz Qəbələnin, bütövlükdə Qafqaz Albaniyası tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaqdır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…