Əsas məzmuna keç

Azıb Ermənistana keçən əsgər Azərbaycana təhvil verildi

Xəbər verdiyimiz kimi, 26 sentyabr 2026-cı il tarixində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Rasim oğlu Musayev Laçın istiqamətində xidmət yerində itkin düşmüş və daha sonra Ermənistan ərazisinə keçərək bu ölkənin hərbçiləri tərəfindən saxlanılmışdır.

Tezadlar.az “Sputnik Armeniaya”ya istinadla bildirir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Rasim oğlu Musayev bu gün Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın aidiyyəti qurumlarına təhvil verilib. Onun barəsində ilkin tibbi müayinə və araşdırmalara başlanılıb.

XXX

ZƏRURİ QEYD: Ailəsinin günlərlə xəbər ala bilmədiyi Azərbaycan əsgəri Nəsimi Rasim oğlu Musayevin Ermənistanda saxlanıldığı məlum olub. Baş Prokurorluqdan tezadlar.az-a verilən məlumata görə, Laçın istiqamətində xidmət edən Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanıb. Axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri də cəlb olunub. Hərbi Prokurorluq əsgərin hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələrin” olduğunu bildirib və faktla bağlı cinayət işi açılıb. Ancaq işin hansı maddə ilə araşdırıldığı açıqlanmayıb. Musayevin ailəsi bundan əvvəl sosial mediada məlumat yayaraq sentyabrın 26-dan ondan xəbər ala bilmədiklərini, taleyi barədə dəqiq məlumat verilmədiyini bildirmişdilər. Yaxınları hərbi hissə komandirinin onları qəbul etmədiyini də deyirdi. Oktyabrın 1-də Azərbaycan tərəfi əsgərin Ermənistan ərazisində olduğunu və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə həmin gün Sünik vilayətinin Şaki kəndində 38 yaşlı qadının ayağından güllələndiyini və hadisəni törətməkdə azərbaycanlı hərbçinin şübhəli bilindiyini bildirib. Qadının vəziyyətinin stabil olduğu açıqlanıb. Azərbaycan Baş Prokurorluğunun məlumatında bu hadisəyə münasibət yer almayıb. Hələlik Nəsimi Musayevin hərbi hissədən hansı şəraitdə ayrıldığı, Ermənistan ərazisinə necə keçdiyi və həmin günlər ərzində harada olduğu məlum deyil.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…