Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, prodüser Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.
Tezadlar.az xəbər verir ki, aktrisa “Hərşeyşünas” yutub layihəsinin aparıcısı Aynur Xəlilovanın suallarını cavablandırıb. D.Əliyeva bildirib ki, hazırda gündəmdə çox olmasına səbəb sosial şəbəkələrdir.
A.Xəlilovanın “Gah deyirlər, ölənlə ölən olmaz. Gah da, cəmiyyət deyir ki, yazıq ölənin canına. Oqtay Əliyevi itirəndən sonra daha parıldadınız, gözəlləşdiniz, gəncləşdiniz, daha yüksəlişə keçdiniz. Bu fikirlər birmənalı qarşılanmadı. Cəmiyyət bir insanın yasına nə vaxt inanır? Dərisi solğunlaşanda, saçı ağaranda? Budurmu yasın göstəricisi” sualına D.Əliyeva belə reaksiya verib:
“Ona da inanmırlar, söz olur. Bu düşüncədə olan insanların fikri məni narahat etmir. Bildiyim kimi həyatımı yaşayıram, uğurlarımı əldə edirəm. Bacarırlar, sevinirlər. Sevinməyənlərin, etdiklərimin başına ip çevirənlərin fikri mənə maraqlı deyil. Mənim kimi taleyi yaşayan qadınlar belə söhbətlərin altında əzilirlər. Qətiyyən bu hissləri özümə yaxın buraxmıram.
Bəlkə də, ilk və son dəfə açıqlayıram: Oqtay Əliyev dünyada olanda beş aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, TikTok yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.
Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.
Qeyd edək ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.







