Əsas məzmuna keç

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

Cari ilin oktyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabr ayında ölkə ərazisində müşahidə olunmuş hava şəraiti ilə bağlı açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, Abşeron yarımadası üzrə maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Abşeron yarımadası üzrə oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 santimetr qeydə alınıb. Ümumilikdə ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 millimetr (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 millimetr (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 millimetr (Neft Daşları) təşkil edib.

Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatalanın Yuxarı Tala kəndində, Şəkinin Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuzun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 millimetr olub.

Ay ərzində Bakıda və Abşeron yarımadasında 4, bölgələrdə isə 11 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27, bölgələrdə isə 20 metr təşkil edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…