Əsas məzmuna keç

Məzuniyyət pulu yeni qaydada hesablanacaq – auditor qanunvericiliyi şərh edib

2026-cı ilin əvvəlindən Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri də əmək məzuniyyətinin hesablanmasına əsas verən 140-cı maddəyə edilən əlavədir. Həmin maddənin 1-ci bəndinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına uyğun müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmadan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.

Tezadlar.az xəbər verir ki, qanunvericiliyin bu tələbini sərbəst auditor Altay Cəfərov şərh edib.

Maddəyə nəzər yetirdikdə görünür ki, dəyişikliyə kimi yalnız Əmək Məcəlləsinin 140-cı maddəsinin birinci cümləsi mövcud idi. Ancaq dəyişiklikdən sonra ikinci cümlə də əlavə edilib. Bu cümlə sahibkarlar, işəgötürənlər, işçilər, həmçinin mütəxəssislər arasında olan fikir ayrılığına son qoyub.

Əvvəllər mütəxəssislər arasında olan mübahisəli məsələ kimi işçinin əmək məzuniyyəti dövrünün başlanması vaxtının ayın əvvəlində yox, məzuniyyətdən istifadə edilməsi vaxtı ay ərzində olduğu zamanı hesablamaq üçün dövrün müəyyənləşdilməsi ilə bağlı idi. Məsələn, işçi 15 oktyabr 2026-cı ildə əmək məzuniyyətinə çıxmışdırsa, bu zaman son 12 ayın nəzərə alınması ilə bağlı olan hal idi. Bəzi mütəxəssislər deyirdilər ki, Məcəllədə son tam 12 ay yazılmasına baxmayaraq, hesablamaq üçün 15.10.2025 – 15.10.2026-cı il dövr olaraq nəzərə alınmalıdır.

Artıq son dəyişikliklə bu hal tam aradan qaldırılıb. Yəni 140-cı maddəyə əlavə edilmiş son “…və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur” ifadəsi bu halı aradan qaldırmış oldu. Belə ki, nümunəmizdə olan hal üçün məzuniyyətin hesablanması dövrü 01.10.2025 – 30.09.2026-cı il olaraq nəzərə alınacaq. Yəni yarımçıq aydan əvvəlki son tam aylar hesablamaq üçün götürülür. Digər əlavələr də çox vacib dəyişikliklərdir. Bunu nümunələr üzərində nəzərdən keçirək.

Misal 1: “AA” MMC-nin işçisi ərizə ilə müraciət edərək 15.10.2026-cı il tarixindən 30 gün müddətinə əmək məzuniyyətinin təmin olunmasını xahiş edib. Şirkət rəhbərliyi də bunu təmin edib. Nəzərə alaq ki, işçinin 2026-cı ildə işlədiyi tam aylar ərzində məzuniyyət üçün aylıq əməkhaqqı sabit olaraq 600 manat təşkil edib. Ancaq 2026-cı ilin yanvar ayında qismən ödənişli sosial məzuniyyətdə, 2026-cı ilin mart ayında öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə, həmçinin 2025-ci ilin oktyabr ayında işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyib. Bundan əlavə, 2025-ci ilin sentyabr ayında işçi yenə də qismən ödənişli sosial məzuniyyətdə olub. Həmçinin, işçinin 2025-ci ildə işlədiyi tam aylar ərzində məzuniyyət üçün aylıq əməkhaqqı sabit olaraq 500 manat olub. Bu halda işçinin əvvəlki qaydalarla və son dəyişikliklərlə məzuniyyət haqqı necə hesablanacaq?

Bunun üçün MMC- nin işçisinin 2025-ci və 2026-cı il üçün əməkhaqqı gəlirlərini cədvəl formasında nəzərdən keçirək.

Sıra

№

İl Ay əməkhaqqı

məbləği

Qeyd
1 2026 Sentyabr 600
2 2026 Avqust 600
3 2026 İyul 600
4 2026 İyun 600
5 2026 May 600
6 2026 Aprel 600
7 2026 Mart 0 öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olub
8 2026 Fevral 600
9 2026 Yanvar 0 qismən ödənişli sosial məzuniyyətdə olub
10 2025 Dekabr 500
11 2025 Noyabr 500
12 2025 Oktyabr 0 işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyib
13 2025 Sentyabr 0 qismən ödənişli sosial məzuniyyətdə olub
14 2025 Avqust 500
15 2025 İyul 500
16 2025 İyun 500
17 2025 May 500

Dəyişikliyə qədər Əmək Məcəlləsinin 140-cı maddəsi aşağıdakı kimi olub:

Maddə 140. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Ona görə də məzuniyyət haqqının hesablanması üçün oktyabr 2025-sentyabr 2026-cı ilin əməkhaqqı gəlirləri nəzər alınırdı. Yuxarıdakı cədvələ əsasən, bu dövrdə işçinin gəlirləri 5.200 manat təşkil edib. Bu dövrdə işçinin ödənişsiz məzuniyyətlərdə olmasına baxmayaraq, həmin dövrlər də tam aylar kimi nəzərə alınırdı. Odur ki, işçinin məzuniyyət ödənişi belə hesablanırdı:

((5.200 : 12) : 30,4) x 30 gün = 427,63 manat.

Yeni qaydalarla isə hesablamalar dəyişib. Əmək Məcəlləsinin 140-cı maddəsinə əlavə edilmiş ikinci cümlənin bu, “….işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur” ifadəsi hesablamaları tamamilə dəyişib.

Bəs “işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur” dedikdə nə başa düşülür?

Bəzi mütəxəssislər Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci cümləsində olan səbəbdən işlənilməyən aya yaxın təqvim ayı dedikdə işlənilməyən aydan sonrakı və ya əvvəlki işlənmiş ayı nəzərdə tuturlar. Həmin işlənmiş ay işlənilməmiş ayı əvəz edirsə, onda işləyərək əvəz edilmiş ayı nə əvəz edir?

Bunu sadə formada misalımızda qeyd etdiyim kimi, 2026-cı ilin işlənilməyən mart ayının 2026-cı ilin aprel və ya 2026-cı ilin fevral ayı ilə əvəz edilməsi ilə hesablamaq olar. Bəs bu halda 2026-cı ilin aprel və ya fevral aylarını nə əvəz edir?
Burada məsələ tam başqadır.

Əvvəla bildirək ki, əmək məzuniyyətinin hesablanmasında dövrün başlanğıcı məzuniyyətə çıxan aydan əvvəlki tam aydan başlayaraq geriyə son tam 12 ay nəzərə alınır. Yəni hesablamalar üçün tam ay kimi geridə qalan dövr nəzərə alınır.
Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci cümləsinə əsasən, hesablamalar aparan mütəxəssis ilkin olaraq son tam 12 ayı nəzərə alır, daha sonra həmin tam 12 ayın daxilində 140-cı maddənin ikinci cümləsinə aid olan hallar vardırsa, yenidən geriyə tam işləmiş ayları götürməlidir.

Bizim misalımızda oktyabr 2025-sentyabr 2026-cı ildə 2026-cı ilin yanvar, mart və 2025-ci ilin oktyabr aylarında olan hallar 140-cı maddəyə uyğundur. Ona görə də yenidən dövrü nəzərdən keçirərək daha 3 ay geriyə hesablamalar aparmalıyıq. Odur ki, dövr olaraq iyul 2025-sentyabr 2026-cı il tarixləri nəzərə alınır.

Yuxarıdakı cədvələ baxsaq görərik ki, işçi 2025-ci ilin senyabr ayında da qismən ödənişli sosial məzuniyyətdə olub. Odur ki, hesablamalar üçün dövr daha 1 ay geriyə götürülür. Belə olan halda da dövr olaraq iyun 2025-sentyabr 2026-cı il nəzərə alınır. Güründüyü kimi, hesablamalar üçün dövr olaraq son 12 ay yox, 16 ay götürüldü. Amma bu dövrdə olan əməkhaqqı gəlirləri yenə də 12-yə bölünəcək.

Yeni dəyişikliklə işçinin məzuniyyət ödənişi məbləği belə hesablanacaq:

((6.700 : 12) : 30,4) x 30 gün = 550,98 manat.

Göründüyü kimi, əvvəlki qaydalarla yeni qaydalar arasında hesablamalar zamanı kifayət qədər fərq vardır. Yeni dəyişikliklər tam ədalətli və düzgündür.

Əlbəttə ki, 550,98 manat hesablamanı Əmək Məcəlləsinin 111-ci maddəsi ilə üzləşdirmək lazımdır. Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Nəticə olaraq, hətta yeni dəyişikliklə hesablanmış məbləğ işçinin işlədiyi son ayın əməkhaqqından azdırsa, ona son ayın əməkhaqqı məbləğindən az olmayaraq məzuniyyət haqqı ödənilməlidir.

Bu isə başqa bir mövzudur. Bu məqalədə əsas məqsədimiz işçilərə məzuniyyət hesablanması zamanı dövrlərin düzgün olaraq nəzərə alınması ilə bağlıdır.

Bəs yuxarıdakı misalda işçinin 2026-cı ilin fevral ayın yarısına kimi onun təqsiri olmadan boşdayanma səbəblərindən işlənilmədiyi və qalan günləri işləyibsə, hesablama dövrü necə nəzərə alınacaq?

Göründüyü kimi, bu halda da işçi Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci cümləsinə əsasən, tam ay işləmədiyindan dövr olaraq fevral ayı nəzərə alınmır, daha 1 ay geriyə hesablanılır. Bu zaman dövr kimi may 2025-sentyabr 2026-cı il götürülür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…