Əsas məzmuna keç

Bakıda iqlim üçün milyardlarla dollar vədlər necə yerinə yetiriləcək?

…300 milyard dollar! Bakıda keçirilən COP29 konfransında bu rəqəm dünya gündəminə çıxdı. Bəs həmin milyardlar iqlim fəlakətlərindən əziyyət çəkən ölkələrə həqiqətən çatacaqmı? 

2024-cü ildə əldə olunan razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin aparıcı rol oynaması ilə 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün hər il ən azı 300 milyard dollar iqlim maliyyəsinin səfərbər edilməsi hədəflənir. Daha geniş məqsəd isə bütün mənbələr hesabına illik maliyyə axınını 1,3 trilyon dollara çatdırmaqdır. Lakin bu rəqəmlər artıq ayrılmış vəsait deyil, gələcək üçün müəyyənləşdirilmiş hədəflərdir.

Milyardlar ayrılır, bəs kimə və necə?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, inkişaf etmiş ölkələr 2024-cü ildə inkişaf etməkdə olan ölkələr üçün 136,7 milyard dollar iqlim maliyyəsi təmin edib və səfərbər ediblər. Burada diqqətçəkən məqam maliyyənin hansı formada təqdim olunmasıdır. Məsələn, güclü daşqın nəticəsində evləri və yolları dağılan, iqtisadi imkanları məhdud olan bir ölkəyə kredit ayrıldığını düşünək. Həmin dövlət zərəri aradan qaldırmaqla yanaşı, gələcəkdə borcu da qaytarmalı olacaq. Bu səbəbdən inkişaf etməkdə olan ölkələr üçün vəsaitin məbləği qədər onun kredit, yoxsa geri qaytarılmayan qrant şəklində verilməsi də əhəmiyyətlidir. Reuters agentliyinin COP29-un yekunlarına dair məlumatlarında da bir sıra inkişaf etməkdə olan ölkələrin 300 milyard dollarlıq hədəfi kifayət hesab etmədiyi bildirilirdi.

İqlim böhranının siyasi tərəfi

İqlim dəyişikliyi bütün dövlətlərə təsir göstərir. Amma onunla mübarizənin maliyyə yükünü kimin daşımalı olduğu məsələsində fikir ayrılıqları qalır. İnkişaf etmiş ölkələr maliyyə məsuliyyətinin daha geniş bölüşdürülməsini istəyir. İnkişaf etməkdə olan dövlətlər isə tarixən daha çox istixana qazı buraxmış ölkələrin daha böyük məsuliyyət daşımalı olduğunu vurğulayırlar. Məncə, iqlim diplomatiyasının əsas çətinliyi də buradadır: dövlətlər təhlükənin mövcudluğunu qəbul etsələr də, onunla mübarizənin xərclərini bölüşdürməkdə ortaq mövqeyə gəlməkdə çətinlik çəkirlər.

COP31 və Azərbaycanın diplomatik rolu

9–20 noyabr 2026-cı ildə Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 əvvəlki iqlim qərarlarının icrasını müzakirə etmək üçün növbəti imkan olacaq. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizi beynəlxalq iqlim danışıqlarının mərkəzinə gətirdi. Bakıda əldə olunan razılaşmanın uzunmüddətli əhəmiyyəti isə onun gələcək nəticələrindən asılı olacaq. Beynəlxalq siyasətdə razılaşma əldə etmək diplomatik uğurdur. Lakin razılaşmanın real nəticəyə çevrilməsi daha çətin mərhələdir. Çünki iqlim fəlakətindən zərər çəkən insan üçün əsas məsələ konfransda neçə milyard dolların səsləndirilməsi deyil, həmin vəsaitin onun həyatında nəyi dəyişməsidir.

Elnarə Babayeva,

gənc siyasi təhlilçi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…