Əsas məzmuna keç

“Qlobal güclər ölkəmizin geosiyasi rolunu qəbul edir”- POLİTOLOQ ŞƏRH EDİR

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentini G20 sammitinə dəvət etməsi təsadüfi məsələ deyil. Bu məsələyə həm regional, həm də qlobal müstəvidə yanaşmağa ehtiyac var”. Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan strateji mövqedə yerləşir və Cənubi Qafqazın aparıcı dövlətidir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-yure, həm də de-fakto öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi situasiya yaradıb. Bu yeni siyasi situasiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Ermənistanla sülh sazişinin mətnini razılaşdırır, eyni zamanda bu ölkə ilə iqtisadi və siyasi münasibətlərin inkişafı istiqamətində addımlar atır. Ermənistana yüklərin daşınması üçün şərait yaradır, ölkənin enerji böhranının aradan qaldırılmasına dəstək məqsədilə benzin satışını həyata keçirir. Bütün bunlarla yanaşı, Azərbaycan regionda maraqların uzlaşdırılması və Cənubi Qafqazda sabitliyin təmin olunması siyasətini ön plana çəkir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi və siyasi münasibətlərini uzlaşdıraraq regionda sabitlik yaratmaq niyyətindədir. Xüsusilə beynəlxalq kommunikasiya xətlərinin Azərbaycan üzərindən keçməsi faktını nəzərə alsaq, ölkəmizin strateji əhəmiyyəti daha aydın görünür. Enerji daşıyıcılarının və enerji kəmərlərinin Azərbaycan üzərindən Avropaya nəql edilməsi, Orta Dəhliz layihəsinin ölkəmizin ərazisindən keçməsi, Şimal-Cənub dəhlizinin gündəmdə olması, elektron kommunikasiyaların Azərbaycan üzərindən dünya bazarlarına və müxtəlif istiqamətlərə çıxış əldə etməsi, eləcə də yeni yaşıl enerji layihələrinin gündəmə gəlməsi ölkəmizin əhəmiyyətini artıran əsas amillərdəndir. Bütün bu faktlar göstərir ki, Azərbaycan maraqları uzlaşdırmaqla regionda sabitlik yaratmaq siyasətini həyata keçirir. Azərbaycan coğrafi baxımdan kiçik dövlət olsa da, xarici siyasət strategiyası vasitəsilə qlobal güclərin maraqlarını uzlaşdıraraq dünyada gedən proseslərə bu və ya digər formada təsir göstərmək imkanına malikdir. Bu baxımdan Azərbaycan qlobal güclərin maraqlarını uzlaşdırmaqla və regionda maraqlar balansını qorumaqla sabitlik yaratmağa çalışdığı üçün dünyanın diqqət mərkəzindədir. Azərbaycan bu gün dünyada gedən proseslərdə fəal iştirak edən dövlətə çevrilib. Ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq siyasətini qoruyub saxlayır. Azərbaycan həm MDB məkanında, həm Türk Dövlətləri Təşkilatında, həm də Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edir. Bununla yanaşı, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Belə ki, Azərbaycan Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji əməkdaşlığını genişləndirir və bu əməkdaşlıq getdikcə inkişaf edir. Bu baxımdan Azərbaycan dünyanın diqqət mərkəzindədir və Azərbaycan-ABŞ münasibətləri də getdikcə inkişaf etməkdədir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşündə sülh gündəliyinin razılaşdırılması istiqamətində mühüm nəticələr əldə edildi. Bununla da ABŞ-non regiondakı maraqları da öz əksini tapmaqdadır. Zəngəzur dəhlizinin ABŞ-nin himayəsi altında həyata keçirilməsi məsələsi də Vaşinqtonun regionda maraqlarının olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, regionda Azərbaycanın iradəsi olmadan qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında formalaşmış dostluq münasibətləri də bu proseslərdə özünü göstərir. Azərbaycan həm regional, həm də geosiyasi müstəvidə söz sahibi olan dövlətdir. Bu baxımdan Azərbaycanın G20 sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. Qlobal güclərin maraqları, Avropaya nəql olunan enerji resursları, Orta Dəhlizin yeni layihələri və Zəngəzur dəhlizi vasitəsilə Avropaya çıxış imkanları məhz Azərbaycan üzərindən reallaşa bilər. Bu səbəbdən G20-yə üzv dövlətlərin Cənubi Qafqazdakı maraqlarını uzlaşdırmaq və təmin etmək üçün Azərbaycana ehtiyacları var. Onlar Azərbaycan Prezidentinin sözünün və imzasının sahibi olan lider olduğunu etiraf edir və qəbul edirlər. Bu baxımdan ölkəmizin həmin toplantıda iştirakının məqbul hesab edilməsi tamamilə təbiidir. Azərbaycan kimi, xəritədə kiçik görünməsinə baxmayaraq, qlobal müstəvidə söz sahibi olan dövlətlər də mövcuddur. Bütün bunlar onu göstərir ki, Azərbaycan maraqları uzlaşdıran dövlətdir. Ölkəmiz xarici siyasət doktrinasında neytral mövqe tutur və qlobal güclərlə münasibətlərini əsasən iqtisadi müstəvidə inkişaf etdirir. Azərbaycan dünyada gedən hərbi qarşıdurmalarda tərəf olmamağa çalışır. Neytrallığı və maraqları uzlaşdırmaq siyasəti bir çox dövlətlərin diqqətini ölkəmizə yönəldir. Xüsusilə bu gün Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında Azərbaycanın kifayət qədər böyük rolu və təsiri var. Bununla yanaşı, ölkəmiz həm şərqlə, həm qərblə, həm şimalla, həm də cənubla maraqlarını uzlaşdırır. Azərbaycan Çindən Avropaya, Rusiyadan İran körfəzinə qədər uzanan geosiyasi və iqtisadi proseslərə təsir göstərmək gücünə malik dövlətə çevrilir. Bu isə Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasətin məntiqi nəticəsidir. Çünki xarici siyasət daxili siyasətlə uzlaşdırılır. Azərbaycanda sabitliyin təmin olunması ölkənin xarici siyasətinə də birbaşa təsir göstərir. Qeyd etdiyim kimi, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycan yeni siyasi situasiya yaradıb və bu situasiya getdikcə qlobal güclərin maraqları ilə də uzlaşmaqdadır.

Ekspert bildirib ki, Azərbaycanın daxili siyasətdə sabitliyi təmin etməsi və xarici siyasətdə qlobal güclərin diqqətini özünə cəlb etməsi vahid strategiyanın tərkib hissələridir. Bu gün Azərbaycan xəritədə kiçik dövlət olsa da, qlobal müstəvidə söz sahibi kimi qəbul olunur və diqqət mərkəzindədir. Bu baxımdan ölkəmizin ABŞ-də keçiriləcək G20 sammitinə, o cümlədən Qəbələdə keçiriləcək toplantıya dəvət olunması təbii qarşılanmalıdır. Çünki həmin toplantılarda iştirak edən dövlətlərin Cənubi Qafqazdakı maraqlarının məhz Azərbaycan üzərindən uzlaşdırılması prosesi gözlənilir və bu istiqamətdə addımlar atılacaq. Azərbaycan coğrafi baxımdan şərqlə qərbi birləşdirən məkandır. Eyni zamanda, ölkəmiz sabit və neytral dövlətdir, maraqları uzlaşdırmaq imkanına malikdir. Bu baxımdan Azərbaycan müxtəlif tərəflərin maraqlarını özündə birləşdirir və belə toplantılarda Azərbaycan dövlətinin, eləcə də Prezidentinin mövqeyini eşitmək digər dövlətlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Prezidentinin həm sözünün, həm də imzasının sahibi olması bu dövlətlərin ölkəmizə marağını artıran amillərdəndir. Hesab edirəm ki, Azərbaycanın bu cür toplantılarda iştirakı dövlətimizin və milli maraqlarımızın tamamilə xeyrinədir. Çünki maraqların uzlaşdırılması, nəticə etibarilə, Azərbaycanda sabitliyin daha da möhkəmlənməsinə xidmət edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…