Əsas məzmuna keç

Arzular içində azadlıq- azadlıq içində arzular

Yaxud, bu gündən keçmişə səyahətli reportaj…

…Ağdam, «1 may» kolxozu. 1967-ci il. Yaxın qohumumuz Bəşir dayı kolxozun baş mühasibi idi. Kənddə sayılıb-seçilən, xüsusi hörmət qoyulan şəxslərdən biri idi. Çünki hamının ona işi düşürdü. Əmək haqqı və mükafatların hesablanması, sonra sənədlərin kassirə göndərilməsi… Kəndimizin işləyən üzvlərinin hamısı ondan razılıq edərdi. Hamı da onu dünyanın ən xoşbəxti sayardı. Pul, xətir-hörmət, vəzifə… Lap çox sonralar başa düşməyə başladım ki, yox, o xoşbəxtdir, amma kolxozun sədrindən asılıdır, azad deyil…

***

…Sabah sentyabrın biri olacaqdı. Kəndimizin yaşı 7 olan bütün uşaqları həmin gün birinci sinfə gedəcəkdilər. Axşamdan anama dedim ki, məni tez oyatsın, darvazamızın ağzından keçib məktəbə gedən uşaqlara baxmaq istəyirdim. Onda mənim cəmi 5 yaşım var idi…  Və hər il sentyabrın birini səbrsizliklə gözləyərdim. Çünki birinci sinfə gedən uşaqların ağ köynəyi və qara şalvarı olardı. Mənə elə gələrdi ki, dünyada bundan yaraşıqlı geyim- kecim yoxdur. Ürəyimdə arzu tutanda isə həmişə deyirdim ki, mənim də o uşaqlar kimi ağ köynəyim, qara şalvarım və qara ayaqqabım olsun! Həmişə də anama deyirdim ki, bəs mən nə vaxt onlar kimi geyinəcəyəm? Anam isə məni ovundurub deyərdi ki, tezliklə olacaq, yeddi yaşın olanda. Mən isə həmişə yeddi yaşımın tez olmasına tələsərdim. Amma sən demə, bunun üçün tələsməklə iş keçmir, bundan ötrü günlər, aylarş illər ötməlidir…

***

…Anam məni tezdən oyatmışdı. Dərhal quzuları  çəpərimizin ətrafında otarıb tövləyə qaytardım, sonra doqqazın ağzını azacıq aralı qoyub məktəbə gedən uşaqların yolunu həsrətlə gözləməyə başladım… Az keçmiş ağ köynəkli, qara şalvarlı uşaqlar bir- bir yolda görünməyə başladılar. Onlar yanımdan keçdikcə mənə elə gəlirdi ki, dünyanın ən xoşbəxt uşaqları onlardır. Mən də o cürə xoşbəxt olmaq istəyirdim… Amma hələki yaşım çatmırdı…

***

…İllər ötdü, mənim də 7 yaşım oldu. Atam Ağdam bazarından mənə ağ köynək, qara şalvar və  qara ayaqqabı almışdı. Mən hər gün səhər tezdən bu paltarları geyinib məktəbə gedirdim… Amma bir müddət sonra gördüm ki, yox, bu mənim üçün adiləşdi, mənim üçün xoşməxtlik deyil, həm də ən müqqəddəs arzu. Mən böyük qardaşım kimi tezliklə məktəbin 10-cu sinfini bitirib instituta girmək istəyirdim. Çünki kəndimizdə instituta girən uşaqlara xüsusi hörmət var idi, hamı fəxrlə danışardı ki, filankəsin oğlu institutda oxuyur.

Atam yaxşı oxuduğuma görə həmişə məni nümunə çəkərdi, buna görə də hərdən cibimə pul qoyardı. Amma mən o pullara məktəbin bufetindən kökə alıb yemirdim, yığıb saxlayırdım ki, instituta girəndə Bakıda xərcləyim. Bu xəyallara dalanda özümü dünyanın ən xoşbəxti sayardım. Ona görə də var gücümlə dərslərimi yaxşı oxuyub dünyanın ən xoşbəxti olmaq istəyirdim…

XXX

… İllər ötdü, mən orta məktəbi bitirib instituta daxil oldum. Tələbə biletini alan kimi qatarla Ağdama, ordan da kəndimizə gəldim. Ailəmizdə hamı sevinirdi… Qonşular xəbər tutub atamla anamı təbrik etmək üçün bizə qonaq gəlirdilər. Pay da gətirirdilər. Kimi bir cüt corab və cib dəstmalı, kimi çolpa, kimi bir balon qatıq, kimi də iki isti təndir çörəyi gətirmişdi… Mənə görə bunlar yaxşı oxuduğuma görə verilən dünyanın ən böyük mükafatları idi, bunları hələ də unutmuram, yadıma düşəndə bir də o illərə qayıdıb instituta girmək, tələbə olmaq istəyirəm…

***

…İnstitutda oxuyan illərdə əlaçı idim, məni qrup rəhbəri seçmişdilər… Müəllimlərim bütün tələbələrə nümunə göstərirdilər. Mənə elə gəlirdi ki, həyatda bundan böyük xoşbəxtlik yoxdur… Amma institutu bitirəndən sonra gördüm ki, yox, diplom var, amma pul yoxdur. Deməli, hələ işə girib yaxşı maaş almaq, sonra anamın gözaltı elədiyi qız ilə evlənmək, övlad sahibi olmaq lazlmdır…

***

Zaman keçdi, hərbi xidmətə getdim, nümunəvi olduğum üçün Pribaltika Hərbi Dairəsinin rəisi olan generalın adından ailəmizə təşəkkür məktubu göndərilmişdi. Atamdan aldığım növbəti məktub məni dünyanın ən xoşbəxti kimi qürurlu etmişdi. Atam məktubunda belə yazmışdı: “Salam. Biz sağ və salamat varıq, sənin də sağ və salamat olmağını o bir Allahdan arzu edirik. General yaxşı xidmət etdiyin üçün bizə təşəkkür məktubu göndərib. Kənddə hamıya göstərib oxuyuram, hamı sevinir. Sən ailəmizi dünyanın ən xoşbəxti etdin, buna görə çox sağ ol!”.

Mən sevinirdim ki, ailəmizi də dünyanın ən xoşbəxti edə bilmişəm… Amma hərdən düşünürdüm ki, mənim üçün daha böyük və arzuladığım müqəddəs xoşbəxtlik bu da deyil. Mən hələ də elə düşünürdüm ki, dünyada ən böyük xoşbəxtlik arzuladıqlarına nail olmaqdır. Mən görürdüm ki, arzuladıqlarıma da nail oluram, amma hələ də özümü o xoşbəxlik içində görə bilmirəm.

***

…Hərbi xidmətdən sonra rus dili biliklərimi təkmilləşdirdim. O vaxtkar rus dilini mükəmməl bilməyənləri məsul vəzifələrə götürmürdülər. Əgər məqsədin dövləti vəzifə tutmaqdırsa, ya gərək rus dilini ən yüksək səviyyədə, mükəmməl biləsən, ya da həyat yoldaşın erməni və ya rus millətindən olmalıdır. O vaxtın Sovet qaydaları belə idi. Amma və lakin…

***

…Və illər ötdü, mən ailə qurdum. Özümü xoşbəxt sayırdım, çünki iki övladım var idi, həyat yoldaşım vətənpərvər ailənin qızı idi, ali təhsilli, intellektual və savadlı, müasir dünyagörüşlü bir xanım idi… Əsas iş yerimdən əlavə, həm də Azərbaycan Dövlət Tele-radio Şirkətində verilişlər hazırlayırdım, qonorar alırdım, digər dövri mətbuatda hekayələrim, yazılarım çap olunurdu. Aldığım maaşdan əlavə, qonorarlarım ailə büdcəmizə sanballı mədaxil gətirirdi… Və düşünürdüm ki, bunlar ailə xoşbəxtliyi üçün əsasdır, amma fərdi azadlıq və xoşbəxtliyim üçün yetərli deyil. Çünki mən yenə də çalışdığım rəsmi iş yerimdə rəhbərdən asılı idim. O nə deyirdisə, hamı kimi mən də acizanə və itaətcəsinə icra etməli idim.

***

Qonşumuz Hətəm qəttəzə “Jiquli» almışdı… Səhərdən axşama kimi əlində bir çəllək su, maşını silib təmizləyirdi. Maşının başına pərvanə kimi dolanırdı. Yalan olmasın, əğər bir mığmığa, yaxud sərçə o «Jiquli»nin üstünə qonsaydı, qan düşərdi, Hətəmin səsi həyəti başına götürərdi: «nə istəyirsiz bu maşından???». O bilirdi ki, bu qışqırığın o sərçəyə, mığmığaya zərrə qədər də olsun dəxli yoxdur, amma Hətəm istəyirdi ki, qonşular pəncərədən baxsınlar ki, görəsən nə olub… Və elə də olurdu. Hə, bina sakinləri pəncərədən həyətə boylanıb, -Salam, Hətəm qağa, necəsiz? Toya sürəsən!- deməyi bəs idi. Hətəm dünyanın ən xoşbəxti olardı… Əslində, harasa sürmürdü də. Sadəcə, maşını işə salıb bərkdən siqnal verərdi ki, yəni mən maşina əyləşib harasa gedirəm. Həyətdə təkcə onun maşını var idi deyə, hamı ona həsəd aparardı.

***

Zaman keçdi, özümə söz verdim, pul toplayıb Hətəm kimi mən də maşın aldım… Özümü həm də həyətimizin xoşbəxti sayırdım… Sonra növbəm çatdı, iş yerindən mənzil də aldım… Mən xoşbəxt idim… Tanış-biliş gözaydınlığı verirdi. Bu qeyri-adi hiss idi… Amma nəsə çatmırdı. Mən nə istəyirdim, bilmirdim…

Bir dəfə isə evə gəlib güzgünün qarşısında dayandım, susdum, sonra özümə sual verdim ki, axı, ailənin xoşbəxtliyi həm də ondadır ki, maddi dolanışığında problemlər olmasın, bütün ehtiyacları təmin edilsin. Bunlar var. Amma mən bütün bu xoşbəxlik içində nədənsə yenə də asılı kimiyəm. Niyə? Niyə mən daxilən azad və daxilən müstəqil ola bilmirəm?

***

…Mən xoşbəxt olmaq üçün bütün arzuladıqlarıma nail olmuşdum, amma yenə də, yenə də xoşbəxt deyildim. Çünki daxilimdəki asılılıqlardan xilas ola bilmirdim. Birindən aldığım yüksək maaşa görə, digərindən övladımın daşıdığı vəzifəsinə görə, birindən də elmi-yaradıcı fəaliyyətimdəki tənqidi mövqeyimə görə çağrıldığım rəsmi orqanların münasibətinə görə… Yox, artıq anlayırdım ki, mən xoşbəxt deyiləm, mən kimlərdənsə və nədənsə asılıyamsa, necə xoşbəxt ola bilərəm?! Amma əsl səbəbləri tapa bilmirdim.

***

Həəəə…Nəhayət, anladım ki, mən xoşbəxtəm, amma azad deyiləm… İndi çalışıram ki, xoşbəxtliyimi azadlıqda deyil, azadlığımı xoşbəxtliyimdə tapa bilim… Hələki axtarıram… Yəqinki axtaran tapar… Müdriklər belə deyib axı…

Hərdən keçmişinizə səyahət edin, o illərin içində özünüzü görməyə çalışın… Görməli çox şeylər var…

Asif MƏRZİLİ

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…