Əsas məzmuna keç

MİRŞAHİN AĞAYEVDƏN ÖYRƏNDİKLƏRİM…

…2009-cu ildə məni ANS televiziyasına şəxsən Mirşahin Ağayev dəvət etmişdi. Əslində, televiziyada fəaliyyətimə tamam başqa bir layihə ilə başlamalı idim. Amma bəzi adamların işə qarışması, daha doğrusu, barmağını hər yerə soxmaq vərdişi nəticəsində hər şey başqa istiqamət aldı. Bu, ayrıca bir söhbətin mövzusudur.
Həmin ildən yaddaşıma həkk olunmuş bir iclas var.
Masada Mirşahin Ağayev, Vahid Mustafayev, İlhamə Quliyeva, Mayilə Muradxanlı və başqaları əyləşmişdilər. Mən isə bu böyük isimlərin arasında özümü az qala balaca bir uşaq kimi hiss edir, masanın ən gözəgörünməz yerində sakitcə oturmuşdum.
Müxtəlif mövzular müzakirə olunurdu. Birdən Mirşahin söhbəti yarımçıq kəsdi, üzünü iclas iştirakçılarına tutub məni göstərdi:
“Bax, bu qıza baxırsınız? 23 yaşı var. Amma mən 23 yaşında belə bir gəncə çox az rast gəlmişəm. Biz bayaqdan müxtəlif mövzulardan danışırıq, fikir verirsinizsə, bu qız neçə dəfə qızardı. Onda utanmaq hissi var. İndiki gənclərdə bu hissə çox az rast gəlinir.”
O sözləri heç vaxt unutmadım. Çünki həmin gün Mirşahin mənim nə istedadımdan, nə zahiri görünüşümdən, nə də gələcək perspektivimdən danışmışdı. O, insanın xarakterində getdikcə nadirləşən bir keyfiyyəti görmüşdü: həya hissini.
İllər keçdi.
Bu gün bəzi adamlar böyük fəxrlə özlərini Mirşahin Ağayevin tələbəsi kimi təqdim edirlər. Halbuki onların peşəkar fəaliyyətində Mirşahinin jurnalistika dəst-xəttindən əsər-əlamət belə görünmür. Kənardan baxanda adamın istər-istəməz gülməyi gəlir. Amma bunu da anlayışla qarşılamaq olar: kimisi heyran olduğu şəxsiyyətə mənəvi yaxınlıq duymaq, kimisi də öz peşəkar bioqrafiyasına bir az nüfuz əlavə etmək istəyir. Nə isə, hər kəsin özünü təsəlli etmək üsulu var. Mövzumuz bu deyil.
Mənim isə belə bir iddiam yoxdur. Mirşahin Ağayev mənim jurnalistika, televiziya və ya aparıcılıq sahəsində müəllimim olmayıb. Bu, nə mənim peşəkar kimliyimə nəsə əlavə edir, nə də ondan nəsə əskildir. Sadəcə, həqiqət budur və mənim onu olduğundan fərqli təqdim etməyə ehtiyacım yoxdur.
Amma Mirşahindən öyrəndiklərim var ki, onların dəyəri mənim üçün istənilən peşəkar tituldan böyükdür.
Mən onda mərhəmətin sözdə deyil, əməldə ifadəsini, sədaqətin və vəfanın isə insanın ən çətin günündə üzə çıxan xarakter keyfiyyətləri olduğunu görmüşəm. Başqasının dərdinə doğmasının qayğısı ilə yanaşmağı, kömək üçün uzanan əli cavabsız qoymamağı ondan öyrənmişəm. Onun qapısını döyən insanların əliboş qaytarılmadığına da şəxsən şahid olmuşam.
Bir də Mirşahində həmişə heyran olduğum bir xüsusiyyət vardı: böyüklüyünü nümayiş etdirməyə ehtiyac duymayan sadəlik. O vaxt jurnalistikanın əlçatmaz zirvəsi hesab etdiyim bu insanın istedadı və nüfuzu qədər təvazökarlığı, eqodan və təkəbbürdən uzaq davranışı da yaddaşımda qalıb.
İllər mənə bir həqiqəti öyrətdi: istedad insanı məşhur edə bilər, amma onu böyük edən xarakteridir. Peşəkarlığı öyrətmək mümkündür, insanlıq isə çox vaxt dərslə deyil, şəxsi nümunə ilə ötürülür.
Böyük bir insanın adını öz bioqrafiyana yazmaq asandır. Çətin olan onun mənəvi keyfiyyətlərindən öz xarakterinə bir şey köçürməkdir.
Mən Mirşahindən jurnalist olmağı yox, yaxşı insan olmağı öyrənmişəm.
Bu gün, 12 noyabr, Mirşahin Ağayevin doğum günüdür.
Çox sağ ol, Mirşahin. Mən vəfanı səndən öyrənmişəm.
Doğum günün mübarək!
Tunay Əliyeva
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…