Giriş: çip – XXI əsrin nefti
Süni intellekt dövründə bir ölkənin gücü getdikcə daha çox onun çip əldə etmək imkanı ilə ölçülür. XX əsrdə neftə sahib olan ölkə sənayeni hərəkətə gətirirdi. Bu gün isə hesablama gücünə sahib olan ölkə və şirkət süni intellekti, robotları, pilotsuz nəqliyyatı və məlumat mərkəzlərini idarə edir.
Bu yaxınlarda “Təzadlar” qəzetində və “Moderator” saytında dərc olunmuş “İki zavod, iki tale: Tayvanın TSMC-si və Azərbaycanın AZON-u” məqaləmdə AZON zavodunun bərpasına çağırmışdım. Ondan sonra dünyada baş verən bir hadisə bu çağırışı daha da aktuallaşdırdı: İlon Mask dünyanın ən böyük binasını – çip zavodunu tikir.
Mətbuatda bu layihə barədə həm doğru, həm də şişirdilmiş məlumatlar yayılır. Ona görə də əvvəlcə faktları dəqiqləşdirmək, sonra isə onlardan Azərbaycan üçün nəticə çıxarmaq istəyirəm.
Terafab: düzəldilmiş və dəqiqləşdirilmiş faktlar
Terafab Tesla, SpaceX və xAI şirkətlərinin birgə çip zavodudur. Layihə 2026-cı ilin martında elan olunub. Zavod ABŞ-ın Texas ştatında, Qrayms qraflığında tikilir.
Terafab rəqəmlərlə:
Mask məsələni sadə qoyur: ya Terafab tikiləcək, ya da çiplər olmayacaq. TSMC-nin istehsal xatləri illərlə qızışdırılıb, Samsung da gələcək gücünü artıq digər müştərilərə ayırıb. Məqsəd Tesla və SpaceX-in TSMC və Nvidia-dan asılılığını azaltmaqdır.
Litoqrafiya darboğazı: mif və reallıq
“Intel litoqrafiya maşınları olmadan çip istehsal edəcək” fikri yanlışdır. Tesla əksinə, Intel-in 14A prosesindən istifadə etməyi planlaşdırır. Bu proses Niderlandın ASML şirkətinin ən yeni ekstremal ultrabənövşəyi (EUV) litoqrafiya maşınlarına əsaslanır.
Məsələnin məğzi burdadır: dünyada qabaqcıl çipi “çap edən” EUV maşınlarını yalnız ASML istehsal edir. Intel-in texnologiya direktorunun sözlərinə görə, ASML ildə 100-dən az EUV maşını istehsal edir və onilliyin sonuna qədər bu sayı əhəmiyyətli dərəcədə artırmaq planlaşdırmır. Yeni nəsil maşınların hər birinin qiyməti 350 milyon dollara yaxındır və növbə illərlə uzanır.
Analitiklərin müzakirə etdiyi alternativ yol litoqrafiyadan imtina deyil, ondan ağıllı istifadədir. Qallium nitrid çipləri daha geniş yayılmış DUV litoqrafiyası ilə istehsal oluna bilər. Performans artımının bir hissəsi isə tranzistoru kiçiltməklə deyil, qabaqcıl qablaşdırma – çiplərin bir-biri ilə birləşdirilməsi – hesabına əldə olunur.
Bu, Azərbaycan üçün çox vacib dərsdir. Çip sənayesində hər şey ən qabaqcıl 2 və ya 1,4 nanometr çiplər deyil. Sensorlar, güc elektronikası, qablaşdırma və sınaq – bunlar daha ucuz avadanlıqla, ASML-in növbəsini gözləmədən qurula bilən sahələrdir.
AZON və TSMC: iki zavod, iki tale
AZON TSMC-dən təxminən 14 il əvvəl yaranmışdı. Lakin bu gün TSMC dünya çip istehsalının lideridir, AZON isə keçmiş potensialının kiçik bir hissəsini saxlayır.
AZON hüquqi şəxs kimi bu gün də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir. İtirilmiş olan zavodun adı deyil, onun keçmiş miqyası, bazarı və mülki istehsal potensialıdır.
Müqayisə üçün: TSMC-nin bazar dəyəri Azərbaycanın təxminən 76 milyard dollarlıq ÜDM-indən 25 dəfədən çox böyükdür. Fərqi dörd amil yaratdı: iqtisadi model, dövlət siyasətinin ardıcıllığı, texnoloji yenilənmə və keçid dövrünün şokları. Tayvanın uğuru tək bir zavodun deyil, onun ətrafında qurulmuş təchizatçılar, universitetlər və layihələndirmə şirkətləri ekosisteminin uğurudur.
Terafab AZON-un bərpası üçün arqumentdir
Maskın layihəsi göstərir ki, çip istehsalı artıq sadəcə biznes deyil, strateji təhlükəsizlik məsələsidir. Dünyanın ən zəngin şirkətləri belə bazardan kifayət qədər çip ala bilmir və öz zavodlarını tikməyə məcbur olur. Bu, Azərbaycan üçün dörd nəticə deməkdir.
Tələb artır. Süni intellekt, məlumat mərkəzləri, elektrikli nəqliyyat və avtomatlaşdırma çipə tələbi davamlı artırır. SEMI-nin proqnozuna görə yarımkeçirici avadanlıq bazarı 2026-cı ildəki 165,9 milyard dollardan 2028-ci ildə 229,5 milyard dollara qədər böyüyə bilər.
Asılılıq riskdir. Terafab tikilir, çünki bir halqanın – TSMC-nin və ya ASML-in – növbəsinə bağlı olmaq böyük şirkətlər üçün də qəbul edilməzdir. Kiçik ölkə üçün bu risk daha da böyükdür: müdafiə, enerji və neft-qaz avadanlığının elektronikası xarici təchizatdan asılıdır.
Sıfırdan başlamaq lazım deyil. Mask sıfırdan başlayır və yenə də Intel-in təcrübəsinə müraciət edir. Azərbaycanın isə artıq AZON kimi bazası, mikrosxem istehsalı mədəniyyəti və mütəxəssislər nəslinin qalıqları var. Bu bazanı itirmək yenidən qurmaqdan qat-qat bahadır.
Tərəfdaşlıq modeli işləyir. Terafab-ın əsas dərsi budur: texnologiyası olmayan sifarişçi təcrübəli istehsalçı ilə birləşərək zavod qurur. AZON da xarici tərəfdaşla – qablaşdırma, sınaq və xüsusi təyinatlı komponentlər üzrə – yenidən canlandırıla bilər.
Amma Terafab həm də xəbərdarlıqdır. Onun təkcə birinci mərhələsi (16,8 milyard dollar) Azərbaycanın illik ÜDM-inin beşdə birindən çoxdur. Bu miqyasda yarışmaq real deyil. Ona görə də AZON-un bərpası “ikinci TSMC” qurmaq deyil, dünya təchizat zəncirində öz dar, lakin dəyərli yerini tutmaq kimi qurulmalıdır.
Çip, kosmos və gələcəyin ehtiyatı
Terafab təkcə Yer üzrə layihə deyil. Onun ikinci zavodu kosmik məlumat mərkəzləri üçün çip istehsalına həsr olunur. Başqa sözlə, çip sənayesi ilə kosmos sənayesi artıq bir zəncirin halqalarıdır. Azərbaycan üçün bu, AZON-un bərpasını kosmos strategiyası ilə birləşdirmək üçün tarixi fürsətdir.
Azərbaycan bu yola artıq çıxıb:
Kosmik peyk, raket və kosmik məlumat mərkəzi – haması çip üzərində işləyir. Kosmosa radiasiyaya davamlı, xüsusi təyinatlı mikrosxemlər lazımdır. Bu, AZON-un müdafiə və xüsusi təyinatlı elektronika təcrübəsi ilə birbaşa üst-üstə düşən sahədir.
Valyuta ehtiyatlarımızı inflyasiyaya yedirtməməliyik. 2026-cı ilin 1 noyabra Azərbaycanın strateji valyuta ehtiyatları 88.6 milyard dollara çatıb: bunun əsas hissəsi Dövlət Neft Fondunun sərəncamndadır. Bu pulun hamısı daxili dövriyyədən çıxarılıb və xarici ölkələrdə saxlanılır.
Sadə hesab: əgər təxminən 24 milyard dollarlıq istiqraz portfelinin gəliri inflyasiyadan cəmi 1 faiz bəndi geri qalırsa, ölkə hər il real ifadədə təxminən 240 milyon dollar itirir. (Neft fondunun nominal qazanc səviyyəsi əksər vaxt qlobal inflyasiyadan xeyli aşağı olub, yəni real faiz gəliri sıfırın altında olub). Bu, AZON-un bərpasının birinci mərhələsini maliyyələşdirməyə kifayət edən məbləğdir. Qlobal inflyasiya ciddi surətdə valyuta ehtiyyatlarını yeyir. Hər il milyardlarla itki veririk. 88,6 milyard dollar 2013-cü ilin dolları ilə cəmi 62 milyard dollar dəyərə malikdir.
Neft Fondunun aktivlərinin cəmi 1%-i – təxminən 735 milyon dollar – “Texnologiya və Kosmos” investisiya portfelinə yönəldilsə şox böyük təkan olardı. Bu portfel çip, süni intellekt, peyk və kosmik texnologiyalara, əvvəlcə isə bu sahələrdə çalışacaq mühəndislərə yatırılsın. Pul kağız şəklində inflyasiyaya yedirdilmək əvəzinə real texnologiyaya çevrilsin.
Uzunmüddətli perspektivdə kosmos həm də yeni resurs mənbəyidir. Asteroid və Ay resurslarının mənimsənilməsi hələ kommersiya mərhələsində deyil, lakin onilliyin texnologiya yarışı məhz bu gün başlayır. Bu yarışa çip və peyk sənayesi olmadan qoşulmaq mümkün deyil.
Neft-qaz ixracına söykənən ölkələrin, o cümlədən müsəlman dünyasının bir çox dövlətinin iqtisadi modeli əldə olan resursu çıxarıb satmağa əsaslanır. Biz başqa yol tutmalıyıq: mövcud resursu tükətmək yox, ondan gələn gəliri yeni resursların – bilik, texnologiya və kosmik imkanların – axtarışına yönəltmək. (Qərb ölkələrinin yerdən kənarda kəşf etdikləri zəngin resurslar haqqında növbəti tədqiqatlarda).
Nəticə
Orta əsrlərdə Avropalılar yeni qitələri mənimsəməyə başladı, amma dünyanın ən iri imperialarından olan Osmanlı, Səfəvilər, digər müsəlman ölkələri içəridən bir-birini məhv etməyə yönəldi. O vaxt Amerika qitəsini, Avstraliyanı, Antraktidanı tutan xalqlar bu gün dünyanı idarə edir. Həmin xalqlar bu gün yerdən kənar planetlərin, hətta, qalaktikaların resurslarını mənimsəməyə başlayıblar. Müsəlmanlar yenə də dincəlir, hicab davası edir.
Mask dünyanın ən böyük binasını çip zavodu kimi tikirsə, bu, çipin XXI əsrin əsas sənaye məhsulu olduğunun ən açıq sübutudur. Azərbaycan 1973-cü ildə bu yolun başında idi – TSMC-dən 14 il əvvəl.
Bu gün məqsəd o dövrü geri qaytarmaq deyil, gələcəyə – çip və kosmos sənayesinin birləşdiyi nöqtəyə – hazırlaşmaqdır. Məqsəd AZON-un bazasında dizayn, sınaq, qablaşdırma, sensor və güc elektronikası ekosistemi qurmaqdır. Bu sahələrdə Azərbaycan ASML-in növbəsini gözləmədən, öz enerji və neft-qaz sektorunun tələbinə söykənərək rəqabət qabiliyyətli ola bilər.
Neft gəlirlərinin bir hissəsini çip və süni intellekt ekosisteminə yönəltmək – qeyri-neft iqtisadiyyatına keçidin ən güclü arqumentidir.
Dərin hörmətlə,
Prof. Saleh Məmmədov ·







