İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib. Dövlət Qaçqınkom-dan Tezadlar.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb. Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb. Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.
Yurda qayıdışımız əbədi olsun!







