Qüsurlu mal satıldığı halda istehlakçıların bir sıra hüquqları var. Bu hüquqlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.
O xatırladıb ki, qanunvericiliyə əsasən, mal bir neçə halda qüsurlu hesab olunur. Bunlara malın müqavilə şərtlərinə uyğun olmaması, qüsurun aradan qaldırılması üçün çoxlu əmək və vaxt tələb edilməsi, qüsurun malın görünüşünü dəyişdirməsi və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxması, istehlakçı tərəfindən aradan qaldırılmasının mümkün olmaması, satıcının mal barədə təqdim etdiyi məlumatda uyğunsuzluq, eləcə də malın təyinatı üzrə istifadəsini mümkünsüz edən hallar daxildir.
Y.Tapdıqlının sözlərinə görə, istehlakçıya qüsurlu mal satıldıqda onun seçimindən asılı olaraq bir neçə hüququ təmin edilməlidir. İstehlakçı malın qiymətinin qüsura uyğun məbləğdə azaldılmasını, müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini, qüsurun aradan qaldırılması üçün çəkdiyi xərclərin kompensasiyasını tələb edə bilər.
Bundan başqa, istehlakçı qüsurun satıcı tərəfindən aradan qaldırılmasını, malın lazımi keyfiyyətli eyni model və markalı məhsulla dəyişdirilməsini, yaxud dəyəri yenidən hesablanmaqla başqa malla əvəz olunmasını tələb etmək hüququna malikdir. İstehlakçılar praktikada daha çox malın təmir edilməsini, yenisi ilə dəyişdirilməsini və ya geri qaytarılmasını tələb edirlər. Bununla belə, qanunvericilikdə nəzərdə tutulan hüquqların hansından istifadə etmək istehlakçının seçimindən asılıdır.
Şöbə müdiri xarici onlayn platformalardan, o cümlədən “Temu”, “eBay” və “Amazon” kimi saytlardan alınan qüsurlu mallarla bağlı məsələlərə də münasibət bildirib.
Onun sözlərinə görə, xarici elektron ticarət platformalarından sifariş edilən mallarla bağlı yaranan mübahisələrin həlli beynəlxalq səviyyədə də aktual məsələlərdəndir. İstehlakçılar bu platformalarda qeydiyyatdan keçərkən, adətən istifadə şərtləri ilə tanış olmurlar. Halbuki həmin şərtlərdə mübahisələrin hansı ölkənin hüququ əsasında və hansı məhkəmə və ya arbitraj orqanında həll ediləcəyi göstərilə bilər.
Y.Tapdıqlı bildirib ki, beynəlxalq xüsusi hüquq normalarına əsasən, xarici platformalar vasitəsilə əldə edilən mal və xidmətlərlə bağlı mübahisələrin həlli zamanı tərəflər arasında münasibətləri tənzimləyən hüquq normaları və müqavilə şərtləri nəzərə alınmalıdır. Əgər platformanın istifadə şərtlərində mübahisələrin başqa ölkənin məhkəməsində və ya arbitrajında həll olunması nəzərdə tutulubsa, bu hal istehlakçının hüquqlarını müdafiə etməsini çətinləşdirə bilər.
O, həmçinin qüsurlu malların təmiri müddətinə aydınlıq gətirib. Bildirib ki, qanunvericiliyə əsasən, malın qüsuru 14 gün ərzində aradan qaldırılmalıdır. Bu müddətdə təmirin başa çatdırılması mümkün olmadıqda, məsələn, zəruri ehtiyat hissəsinin xaricdən gətirilməsi tələb olunduqda, sahibkar müddətin uzadılmasını istehlakçı ilə razılaşdırmalıdır.
“Əgər istehlakçı təmir müddətinin uzadılması ilə razılaşırsa, tərəflər arasında razılaşdırılmış müddət ərzində qüsurun aradan qaldırılması mümkündür”, – deyə Y.Tapdıqlı qeyd edib







