Əsas məzmuna keç

Alimlər allergiyanın yaranması ilə bağlı yeni nəzəriyyə irəli sürüblər

Alimlər allergiyanın yaranmasının immun sisteminin fəaliyyətindəki pozuntulardan deyil, orqanizmin müxtəlif orqanlarını örtən hüceyrələrdə enerji çatışmazlığından qaynaqlana biləcəyini düşünürlər.

Tezadlar.az xəbər verir ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları gəliblər. Araşdırma çərçivəsində allergiyanın inkişaf mexanizminə dair yeni nəzəriyyə irəli sürülüb.

Tədqiqatın rəhbəri, professor Piter Smitin sözlərinə görə, hüceyrələrdə enerji istehsalını təmin edən mitoxondrilərin fəaliyyətinin pozulması orqanizmin təbii müdafiə baryerini zəiflədə bilər. Bu isə allergik reaksiyaların yaranmasına şərait yaradır.

Alimlər hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərə biləcək bir sıra amilləri də müəyyənləşdiriblər. Bunlara emal olunmuş qidalar, ətraf mühitin çirklənməsi, mikroplastiklər, yuyucu vasitələr, qida liflərinin az qəbulu və erkən yaşlarda antibiotiklərdən istifadə daxildir.

“Allergy” jurnalında yayımlanan tədqiqatın nəticələrinin allergiyanın müalicəsində fərqli yanaşmaların inkişafına töhfə verə biləcəyi bildirilir.

Tədqiqatçılar qeyd edirlər ki, hazırda tətbiq olunan müalicə üsulları əsasən iltihabın azaldılmasına yönəlib. Yeni nəzəriyyə isə allergiyanın meydana gəlməsinə səbəb olan ilkin mexanizmlərin araşdırılmasını ön plana çıxarır.

Alimlər araşdırmanın növbəti mərhələsində körpələrdə allergik xəstəliklər yaranmazdan əvvəl qoruyucu hüceyrələrin fəaliyyətini öyrənməyi planlaşdırırlar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…