Azərbaycanda səfərdə olan Belarus nümayəndə heyətinə hərbi texnikalar nümayiş etdirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub.
Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkənin hərb tarixi, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolu ilə tanış olublar.
Qeyd edək ki, səfər iki ölkə arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.







