Klinikanın rəhbəri Bünyamin Xəlilov isə 1930 manat pul ödəmiş xəstəni ələ salaraq get-gəllə bezdirdi, qalmaqal böyüdü…
Bakı Şəhəri Masazır Qəsəbəsi, Murtuza Muxtarov Küçəsi-36 ünvanda yaşayan Gülnurə Ayaz qızı Həsənova tərəfindən «Təzadlar»a daxil olmuş şikayət məktubu həqiqətən də inaılmazdır. Aşağıda həmin şikayət olduğu kimi təqdim ediləcək, amma qısa olaraq xatırladırıq ki, «Dantera Klinikası»nda müştəri olan gənc qızı dişsiz qoyublar… Və zərərçəkmiş qız klinikanın rəhbəri Bünyamin Xəlilova dəfələrlə tədbir görülməsini xahiş etsə də, ondan klinikaya 1930 manat pul ödəmiş xəstəni ələ salaraq get-gəllə bezdirib, qalmaqal böyüyüb… O dərəcədə ki, şikayət hətta Azad İstahlakçılar Birliyinə göndərilib, oradan isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə. Amman ə sirdirsə, bu dəfə də adında «Prezident yanında…» sözü olan bu birliyin sədri Elnur Bağırov da demək olar ki, ağzındakı bütün dişlərini itirmiş gənc qızı deyil, onu dişsiz-yeməksiz qoub psixi xəstə halına gətirmiş Bünyamin Xəlilovu müdafiə etmişdir. Bu barədə az sonra. Aşağıda şikayət məktubunu təqdim edirik, özünüz nəticə çıxarın:
« “Təzadlar» qəzeti redaksiyasına!
Hörmətli redaksiya, başıma gələn müsibətlər barədə Sizə məlumat verirəm və mənə kömək etməyinizi xahiş edirəm.
Mən Həsənova Gülnurə Ayaz qızı, Bakı şəhərinin Masazir qəsəbəsində yaşayıram. 24 noyabr 2025-ci ildə Xırdalan şəhərində yerləşən «Dantera» Diş Klinikasının (010-386-56-41) bərbəzəkli reklamını görüb kreditlə diş müalicəsi ilə bağlı ora yaxınlaşdım. Onlar mənə 1930 manat məbləğində kredit ödəyəcəyimi dedilər və mən də həkimin yaxşı olduğunu düşünüb razılaşdım. Bu 1930 manat məbləğin 12 aya bölünəcəyi və “Ferrum Kapital”a hər ay 161-162 azn civarında məbləğ ödəyəcəyimi dedilər, onlar mənimlə “Ferrum Kapital” vasitəsilə elektron formada müqavilə bağladı, mən də razılaşdım. Sonra mənə vaxt yazdılar və hər gün klinikada fəaliyyət göstərən Elvin adlı həkimin yanına diş müalicəsi ilə bağlı gedirdim. Həkim mənim 9 ədəd dişimi qapaq qoymaq məqsədilə yondu və öz dediyinə görə, sinirlərini çıxartdı, bir müddət sonra mən həkimə şikayətlərimi bildirdim ki, bu dişlərim ağrıyır və həkim hər gün «keçib gedəcək» deyə məni aldadırdı. Mən bu şikayətlərə baxılmadiğını gördüm, imtina isdədim. Klinikanin rəhbəri Bünyamin Xəlilova kreditin ləğvini və dişlərimi burda düzəldirmək isdəmədiyimi bildirdim. Halbuki bir ayın ödənişini də ödəmişdim 162 azn və hətta bir ayını da ödüyərəm deyə bildirdim.
Mənimlə razilaşmadılar, aramızda söz-söhbət oldu. Mən ora getməkdən imtina etdim. Bir müddət getmədim. Sonrasında isə «Dantera» Klinikasının rəhbəri Bünyamin Xəlilova şikayətimi yenidən yanvar ayında bildirdim. Ağrılara dözə bilmirdim. O da bu məsələyə biganə yanaşdı və bildirdi ki, heç cürə krediti ləğv etmək mümkün deyil və s. Mən hər gün Bünyamin bəyə zəng edirdim, məsələyə baxılmadı. Daha sonra məhkəməyə şikayət edəcəyimi bildirdim və onlar mənə dedi ki, mən onlara 500 manat ödəməliyəm ki, qalan krediti ləğv etsinlər. Təbii ki, buna da razı olmadım. Çünki ortada düzəltdirmədiyim bir dişin ödənişini istəyirdilər məndən. Buna da razı olmadığıma görə onlar mənə həmin klinikanın 20 yanvar filialını təklif etdilər. Bünyamin bəy 20 yanvar filialında çox təcrübəli və Rusiyada təhsil almış Şahin doktorun olduğunu bildirdi, mənə söz verdi ki, gəlin kreditinizi ləğv etməyin, bizim 20 yanvar filialımızda mükəmməl həkim var, dişlərinizi isdədiyiniz kimi təhvil verəcək. Bunu da bildirdi ki, əgər nəsə problem olsa, həmin məbləği şəxsən özüm sizə qaytaracam. Mən məcbur olub fevral ayında 20 yanvar filialına yaxınlaşdım, yarımçıq qalan dişlərimi Şahin həkim düzəltməyə başladı. Mənə bildirdi ki, sizin dişlərinizdə guya güclu iltihab var. Sonra mənə antibiotik yazdı, iki həftə antibiotik içdim, o bu dəfə mənə iltihabın keçmədiyini bildirdi və yenə dərman içdim, yenə dedi ki, keçməyib.
Dedi ki, dişlərin daha üçü çəkilməlidir. Mən imtina etdim, gördüm ki, məni aldadırlar, dişlərimin çəkilməsini istəmədiyimi qəti surətdə bildirdim. O mənə iltihabı bir yolla kanalı tapıb çıxaracağını bildirdi. Sonra necə təcrübəsiz həkimdir ki, kanalı da tapa bilmədi. 3 dışimi kökündən sındırdı, mənə zülm elədi və üç dişimi çəkdi. Mən dişlərim çəkilən gün evə gəlib hirsimdən, köməksizliyimdən nə qədər ağladım, ora getdiyimə peşman oldum. Artıq çıxış yolu yox idi. Sonra çəkilən dişlərin yeri sağalandan sonra həkim məndən dişlərimin ölçüsünü götürdü. 10 ədəd «zirkon» dişlər çox gec hazır oldu. Lakin buna baxmayaraq mən həmin dişlərin dəfələrlə ona tək-tək olmasını demişdim, o isə mənə bunun mümkün olmadığını demişdi. Buna səbəb isə çəkilən dişlər idi. Axı mən sağlam dişlərimin çəkilməsini istəmirdim, bilirdim ki, onun üstündə qapaq dişlər dayanmayacaq. Həkim bunları bilməli idi.
Hörmətli redaksiya! Bunlar məni, sanki arxasız-kimsəsiz görüb ələ salırdılar. Uzun aradan sonra «zirkon» qapaq hazır oldu, amma istəmədiyim formada 10 ədəd bitişik zirkon qapaq idi. Aprelin ayının 13-ü «zirkon» qapağı ağzıma yerləşdirdilər. Mən biçarə ordan ayrıldım. Şahin doktor mənə bildirdi ki, «zirkon» diş ən azı 5-6 il gedəcək. Amma halbuki üstündən 4 ay keçmədi, dişlər yellənməyə başladı və dişlər qapaqın altında ağrımağa başlamışdı, sızıltıdan su belə içə bilmirdim. Yemək yeyən yerdə dəhşətlə qarşılaşdım, dişlərim «zirkon» qapaqla bir yerdə çıxıb düşdü. Mənim ağzımda diş qalmadı, təsəvvür edirsiniz, mən yemək yeyə bilmirdim… Çox çətin vəziyyətdə qaldım. Qorxumdan getdim başqa həkimə, xərc çəkib həmin qapağı müvəqqəti yapışdırtdım. Üstündən yenə bir ay keçmədi, oktyabrın 2-si çay içən yerdə «zirkon» qapaq bütov ağzımdan cıxdı düşdü yerə. Mən dəli vəziyyətində idim, oturub ağlamağa başladım və dişidə götürüb yenidən klinikaya yaxınlaşdım, onlarla ciddi mübahisə etdim. Benyamin həkim mənə dedi ki, guya Şahin doktoru işdən çıxarıb. Bu klinikanı məsuliyyətdən qurtarırdımı? Bu cinayət işidir və mənim səhhətimə ağır zədə yetiriblər. Azərbaycan Cinayət Məcəlləsində sağlamlığa bilərəkdən zərər yetirmənin sanksiyası var.
Hörmətli redaksiya, xahiş edirəm, mənim istehlakçı hüququm pozulmuşdur, mən çıxılmaz vəziyyətdəyəm, nə pulumu qaytarırlar, nə də vurulmuş ziyanı kompensasiya edirlər.
Bir xahişim də odur ki, bu şikayətimi Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə göndərin, bu həkimlər və Klinikanın rəhbəri Benyamin Xəlilov cəzasını almalıdır».
-Bəs görəsən niyə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun «Dantera» Klinikasının rəhbəri Bünyamin Xəlilova gücü çatmır???
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu






