Əsas məzmuna keç

1500-dən çox insanın həyatın itirdiyi “Titanik”dən sağ çıxan modelin üzüyü hərracda

White Star Line şirkətinə məxsus transatlantik səyahətlər üçün tikilmiş “Olimpik” tipinə aid olan üç əkiz gəmidən biri olan “Titanik”in yadigarlarından biri satılır.

Belə ki, “Titanik” faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb.

Tezadlar.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat) qiymətləndirilib.

Lüsi Daff-Qordon 1912-ci ildə həyat yoldaşı ilə birlikdə “Titanik” gəmisində səyahət edərkən faciədən sağ çıxıb. Onun barmağında olan və nişan üzüyü olduğu ehtimal edilən brilyant qaşlı zinət əşyası gəmi qəzasından salamat qalan yeganə dəyərli şəxsi əşyası olub.

Üzük onilliklər ərzində ailədə qorunaraq nəsildən-nəslə ötürülüb. Hərracda onun mənşəyini təsdiqləyən imzalı məktub və brilyantın rəsmi sertifikatı da təqdim olunub.

Qeyd edək ki, Daff-Qordon və həyat yoldaşı 40 nəfərlik xilasetmə qayığında cəmi 12 nəfərin olduğu vaxt xilas ediliblər. Sonradan cütlük digər sərnişinləri xilas etmədən gəmini tərk etmək üçün qayıq heyətinə rüşvət verməkdə ittiham olunsa da, bu iddialar təsdiqini tapmayıb.

Xatırladaq ki, Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.

Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…