20 Aprel 2023 / 16:25

BAYRAĞIMIZIN YANDIRILMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI

Aprelin 14-də Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılışı mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb.

Azərbaycan bayrağına bu cür münasibət “milli nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş nümayişkaranə hərəkətlər” kimi qiymətləndirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumata görə, bayrağın yandırılması ilə bağlı istintaq Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zorakılıq tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (ölkə hüdudlarından kənarda xarici vətəndaşlar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycana qarşı milli nifrət və düşmənçiliyin salınması), 12.2, 324 (Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər) maddələrilə aparılır.

Qeyd edək ki, 12.2-ci maddə Azərbaycanın hüdudlarından kənarda ölkəyə qarşı cinayət törətmiş əcnəbilərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Bayrağı yandıran Aram Nikolyanın və bu cinayətdə əli olan digər şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici dövlətlərin müvafiq orqanlarına və beynəlxalq təşkilatlara müraciətlərin göndərilməsi təmin ediləcək, Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!