21 Sentyabr 2023 / 14:56

QARABAĞ ERMƏNİLƏRİNƏ TEZLİKLƏ ƏRZAQ YARDIMI GÖNDƏRİLƏCƏK

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Tezadlar.az xəbər verir ki, bu barədə sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!