24 Fevral 2025 / 12:38

Ürəyi şeirlərində döyünən Zəkiyyə Musaqızı…

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zəkiyyə Musaqızının yeni kitabı işıq üzü görüb. II Qarabağ müharibəsi şəhidi , XTQ-nin Baş giziri, “Qarabağ” ordenli qardaşı Yusifov Mehman Musa oğlunun timsalında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Zirvəyə gedən yol” kitabı müəllifin “Ömür karvanım” kitabından sonra oxucularla ikinci görüşüdür. 

“Zirvəyə gedən yol” kitabı “İMZA” nəşrlər evinin məhsuludur. Kitabın ön söz müəllifi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Vaqif İsaqoğludur. V.İsaqoğlu Zəkiyyə Musaqızının özünü, yaradıcılığını o qədər gözəl səciyyələndirib ki, oxucularımıza təqdim etmədən keçə bilmədim.

Vaqif İsaqoğlunun “Zirvəyə gedən yol” a yazdığı ön sözü və kitabdan bir neçə şeiri Tezadlar.az-ın oxucularına təqdim edirik:

ÜRƏYİ ŞEİRLƏRİNDƏ ÇIRPINAN ŞAİRƏ

Zəkiyyə Musaqızı Tovuzun Azərbaycana bəxş etdiyi söz adamlarından biridir. O, həm də Allah adamıdır, ürəyi Allah eşqiylə döyünür, xeyirxahlıqla, yaxşılıqla insanlara və Tanrıya məhəbbətlə döyünür.

O, həm də dünyamızın xeyirxah “mələyidir” və o xeyirxah mələyin, o gözəl şairənin hər şeiri poeziyasevərlərə, eləcə də ədəbiyyatımıza, həqiqətən dəyərli bir hədiyyədir. Bu hədiyyəni – “Zirvəyə gedən yol”un əlyazmasını birnəfəsə oxudum, daha doğrusu, Zəkiyyənin şeirləri yaxamdan yapışıb “məni oxuyacaqsan” – dedi. Mən də oxumağa başladım və elə o dəqiqə “Zirvəyə gedən yol”da toplanmış ilk şerin ilk misrasının sehirinə düşdüm. Şeirlər məni ovsunladı. Bu sehirdən, bu ovsundan bir də əlyazmanın sonunda verilmiş – “Allah istəyəndə daşlar da dil açar” hekayəsini oxuyandan sonra çıxa bildim. Çıxa bildimmi?

Axı minacatla başlayan “Məni nura çəkən ey həqiqətim” şerinin təsirindən uzun müddət çıxmaq mümkünmü? Mümkün deyil.

Şükranlıq, təşəkkür borcumdur sənə,

Səcdənlə ucalmaq bəxş etdin mənə.

Yaşamaq eşqiylə hər doğan günə,

Xoş müjdə pay verən “Ol”, mərhəmətim!

Məni nura çəkən ey həqiqətim!

Bu misranın işığında ən müqəddəs yerlərə ziyarətə getmək olar!

Zəkiyyənin şeirləri ruhumu gözqamaşdırıcı bir işığa bələdi. Bu işıqda onun saf, təmiz, ağappaq nura bələnmiş dünyasını gördüm, onun qəlbinin çırpıntılarını, ürəyinin döyüntüsünü eşitdim. Onun kövrək şair ürəyi iman işığına qərq olub, dilindən Allahın adı düşməyən Zəkiyyə Musaqızı şeirlərinə çox bənzəyir. Şeirləri səmimidir, iç dünyamıza nüfuz etməyi bacarır… Sözlərində çəki var, dolğunluq var, hər misrasının ruhu var, rəngi var, nəfəsi var, fəlsəfi yükü var… Bir sözlə, şeirlərinə çox bənzəyən Zəkiyyə Musaqızı sözü özü boyda olan şairədir.

Hər şeirində əsl şair obrazı boy göstərir. Gəlin “Quran sədası” şeirindən bu misralara diqqət kəsilək:

Allah eşqli tövhid dinin ürfanı,

Sağı, solu mələklərdi hər yanı.

Əməliylə ön cərgədə duranı,

İlahinin qüdrəti var o səsdə.

İnsanın qəlbinin ən incə tellərini titrədən, ruhumuza sığal çəkən, könlümüzü oxşayan incə qəlbli bir şairə kimi Zəkiyyə Musaqızının şeirləri hər kəsi mənəvi təmizliyə çağırır, onun şeirləri dünyaya işıq tutur və bu işıqda insanın iç dünyası, onun hiss və duyğuları, fikir və düşüncələri, arzu və istəyi…. məlum olur. Hissin, ovqatın müasirliyi o qədər orijinal təsir bağışlayır ki, heyrətlənməyə bilmirsən:

Zəkiyyə şəhid bacısıdır. O, şəhid bacılarını haqlı olaraq “dürr danəsi” adlandırır. Şəhid bacıları qəm yükünü ürəyində gizlin çəksələr də, həmişə məğrur gəzər, göz yaşlarını gizlədər, qəhrəman və ölməz qardaşlarıyla fəxr edər, öyünərlər… Zəkiyyə II Qarabağ müharibəsində şəhid olmuş  XTQ-nin baş giziri Mehman Yusifov haqqında çox yazmış, qardaşıyla qürur duyduğunu, onunla fəxr etdiyini, ölməzlik mərtəbəsinə – şəhidlik mərtəbəsinə yüsəldiyini şerlərində, eləcə də “Zirvəyə gedən yol” lirik poemasında açıb göstərə bilmişdir.

Şairə qardaşının timsalında onun dəyərli silah dostlarını vətən xilaskarı adlandırır və “Mərd igidlər” şerində belə yazır:

Zirvəyə layiqsiz, zirvədə durun,

Hey məğrur dayanın, mübariz olun!

Zülmətli yollara gur işıq salın,

Xüsusi Təyinat Hərbi Qüvvələr,

Vətən xilaskarı ey mərd igidlər!

Zəkiyyə Musaqızı sevgidən, məhəbbətdən, anadan, vətəndən, qəhrəman oğullardan, vətənpərvər igidlərdən, ölməz şəhidlərdən…. yazır, özü də sözün qayğısını çəkərək, sözün taleyini düşünərək yazır. Ona görə də misralarında yerində olmayan bir sözə rast gəlmədim, gələ də bilməzdim. Çünki o, şairdir.

Zəkiyyə Musaqızı sözü ürəyində “bişirməmiş” şeirə gətirmir, sözün keşiyində müsəlləh əsgər kimi dayanaraq ürəyinin diktəsilə əlinə qələm götürür və əlinə götürdüyü qələmini haqq yolunda işlədir, sözlərilə haqq yoluna işıq salır. Çünki o, şairdir.

Zəkiyyə Musaqızı Allaha doğru yol gedən, getdikcə paklaşan, nəfsizləşən, günahsızlaşan bir qələm adamıdır. Qələm sözünün kəlam sözündən götürüldüyünü yaxşı bilir. “Kəlam” deyəndə öncə Həzrəti Muhəmmədin və Həzrəti Əlinin…. kəlamları yada düşür.

Zəkiyyə həm də buna görə qələmə müqəddəs bir varlıq kimi baxır. Qələm onun əlində haqsız, yersiz, mənasız, bayağı… bir söz də yaza bilməz. Hər halda, mən belə düşünürəm. Çünki o, şairdir.

Əsl şairlər Tanrıya daha yaxın olur, Tanrının pıçıltılarını qələmə alır… Tanrının pıçıltılarını qələmə alan əsl şairlər qələmə xəyanət edə bilərmi? Əsla, yox!

Zəkiyyə Musaqızının üzü də, özü də, sözü də su kimi durudur. Ürəyində bulaq saflığı var. Bu saflıq onun şeirlərinə də hopub.

Yurdumuza bahar gəlir, İlahi,

Bu füsunkar bol nemətə min şükür.

Yerin-göyün tək sahibi Pənahı,

Lütf etdiyin bu sərvətə min şükür!

Bu misralar “Yurdumuza bahar gəlir” şeirindən götürülüb. Şairənin hər şeirində bulaq saflığı var, İlahi eşq var, Allaha məhəbbət, sevgi var!

Bu misralar da təsdiq edir ki, o şairdi, heç kimə bənzəməyən şairdi. Sözləri şeirə, şeiri poezyaya çevirən şairdi, sözün mayasına haram qatmayan şairdi.

“Zirvəyə gedən yol”u oxuduqca Zəkiyyənin ürəyini nar çiçəyinə bənzədirdim. Gün keçdikcə nar çiçəyi içi nar dənələri ilə dolu olan meyvəyə çevrildiyi kimi, Zəkiyyə də şeirdən şeirə püxtələşir daha çox “şairləşir”.

Hər nar dənəsi eşqlə, Tanrı sevgisiylə dolu bir dünyadır, sirri-Xudadır. Zəkiyyənin də ürəyi eşqlə Tanrı sevgisiylə doludur. O, nar çiçəyinə bənzətdiyim ürəyində bəşəri hisslər, duyğular gəzdirir və hisslərini, duyğularını şeirə çevirərək iç dünyamızı silkələyə bilir, bizi düşünməyə, düşünə-düşünə haqq yoluna üz tutmağa səsləyir.

Zəkiyyə Musaqızı çıçək həyalı bir şairədir, həm də istedadlı bir şairədir. Çiçək həyalı olduğuna görə “kölgədə” qalıb, “mən də varam” deyərək özünü irəli verməyib, şair kimi tanınmağa can atmayıb. Can atsaydı, onun şairliyindən istedadlı söz adamı olduğundan hamı xəbər tutardı. İnşallah, “Zirvəyə gedən yol”da hamı onu görəcək, səsini eşidəcək, ruha sığal çəkən şeirlərini oxuyub həmin şeirlərin işığında sözlə nəfəs alan, sözə nəfəs verən bir şairəni görəcək… Həm də görəcəklər ki, Azərbaycanda Bayramlı adında bir kənd də var. Tovuzun bu kəndində yaşayan Zəkiyyə Musaqızı şeir yazmaq üçün dünyaya gəlib. Gəlib ki, dünyaya sözünü desin. Deyir də…..

Sadə bir kəlmədən min məna doğar,

Təmiz ürəklərə ülvi eşq sığar.

Zəkiyyə köksündən şükranlıq yağar,

Sözə ilmə vuran millər səninmi?

Tanrım, “sözə ilmə vuran” Zəkiyyə Musaqızının qələm tutan əlinə güc ver! Qələmini vətən üçün, millət üçün işlədən, Tanrı gözəlliyindən zövq alan, dünyanı sahmana salmaq istəyən, hər kəsin ürəyində xeyirxahlıq toxumu əkən, ürəyi yaxşılıqlarla döyünən, həmişə yaxşılıq etməyə can atan, vaxtsız solan bir gül ləçəyinə görə də qəmlənən…. Zəkiyyə Musaqızı kimi adamlara dünyanın böyük ehtiyacı var!

Tanrım, qoy onun qələminin ucundan həmişə inci tökülsün, ilhamının çağlayan səsi susmasın, yeni-yeni kitabları ilə həmişə bizi sevindirsin! Axı hər kəsin sevinməyə haqqı və ehtiyacı var!

Şeirlərinlə sevindir bizi, Zəkiyyə Musaqızı! Həmişə sözünlə, təbəssümünlə qəlbimizi nurlandır. Qoy bu nurun işığından süzülən “dirilik suyu”nu içərək Məmməd İsmayılın bu misrasını dua kimi pıçıldayaq: “Hələ yaşamağa dəyər bir az da…”. Doğrudan da Zəkiyyə kimi Allah sevdalısı, vətən sevdalısı olan şairlər, dili dualı xanımlar, xeyirxah və yaxşı insanlar olan yerdə hələ yaşamağa dəyər!

***

MİN İL SONRA

Bu dünyanın Yaradanı gözəldir,

Ömrün, günün hər bir anı gözəldir.

Düşüncəsi Rəbbə xatir olarsa,

Həm ahılı, həm cavanı gözəldir.

 

Tarix boyu xeyirlə-şər yarışıb,

Sevinc qəmə, qəm sevincə qarışıb.

Əməlsaleh, səbir, təmkin sahibi,

Həm zamanla, həm dövranla barışıb.

 

Qəlbi təmiz, gözütoxlar san alar,

Hörmət, izzət etiqadla ucalar.

Gözəl əxlaq mərifətin güzgüsü,

Nur içində ömür sürər qocalar.

 

Görüləcək çox işlərim var hələ,

Ömür qısa, gör çatırmı il hələ?

Yaşa, yarat, elə qal ki, dünyada…

Min il sonra adın gəlsin qoy dilə.

 

Tovuz eli sərrafların yurdudu,

Sazlı-sözlü dahiləri ordudu.

Güc aldığım Oğuz-Turan torpağı,

Dünyaya bəxş edib Dədə Qorqudu.

 

Böyüklərə tükənməzdir hörmətim,

Nəsihətlər varım, mülküm, sərvətim.

Zəkiyyəyəm, könlüm Haqqa bağlıdır,

Uca Allah eşqim, ruhum, qüdrətim.

 

YURDUMUZA BAHAR GƏLİR

Yurdumuza bahar gəlir, İlahi,

Bu füsunkar bol nemətə min şükür!

Yerin-göyün tək Sahibi Pənahı,

Lütf etdiyin bu sərvətə min şükür!

 

Böyük-kiçik çillələrə əlvida,

Çətin anda Xızır çatır imdada.

Boz ay yetir abu-atəş, xak-bada,

Dörd ünsürə, “Ol” hikmətə min şükür!

 

Günəş doğar, şəfəq saçar gülümsər,

Ay dolanar sübhü açar gülümsər,

El-obalar xoş hal olar gülümsər,

Səmimiyyət, şərafətə min şükür!

 

Qar əriyər sular coşar, çağlayar,

Ruh paklaşar, qanlar coşar çağlayar.

Sevənlər də əhdi-peyman bağlayar,

Təmiz eşqə, məhəbbətə min şükür!

 

Xoş diləklə səmənilər boy atar,

Süfrələrə, xonçalara rəng qatar.

Yurd-yuvalar tonqal qalar, od çatar,

Sevgi dolu hərarətə min şükür!

 

Qaranquşlar müjdə verər yaz gəlir,

Bənövşələr xəzəl altdan dirçəlir.

Durnalar da qatarlaşıb düz gəlir,

Qovuşduran kəramətə min şükür!

 

Dünya-aləm sanki nağıl, möcüzə,

Açılıbdır gül qönçələr tər-təzə.

Budaqlardan çiçək yağır üz-gözə,

Quşlar ötər zildə-bəstə min şükür!

 

Könülləri bihuş edər xoş ətir,

Arılar da çiçəklərdən bal çəkir.

Gözəllərin əllərində gül çətir,

Bu zəriflik lətafətə min şükür!

 

Bulud axar, şimşək çaxar, göy gurlar,

Yer üzünə bin-bərəkət nur damlar.

Qara şuma toxum düşər nübarlar,

Ruzi verən mərhəmətə min şükür!

 

Bu elə bir gözəllik ki, tükənməz,

Bu elə bir sevgidir ki, yenilməz.

Söyləməklə bitən deyil, əlqərəz,

Bu möhtəşəm təbiətə min şükür.

 

Yaradandan ümmətə bir hədiyyə,

Novruz payı keçmişlərdən indiyə,

Ulu adət-ənənədir, Zəkiyyə,

Bu mübarək həqiqətə min şükür!

 

İGİD ƏSGƏR

Sən Allahın əmanəti,

Sevənlərin duasısan.

Sən vətənin dəyanəti,

Ulu türkün balasısan.

 

Özün boyda Azərbaycan,

Mübariz ol, mətin dayan!

Yurd-yuvama sipər olan,

Sən əzəmət qalasısan.

 

Addımınla yer titrəsin,

Görən düşmən tir-tir əssin.

Elin-oban fərəhlənsin,

Sən iftixar sədasısan.

 

İgid əsgər, uğur olsun,

Hər sabahın nurla dolsun,

Düşmən görsün rəngi solsun,

Sən ki, zəfər çalasısan.

 

Şərəf yolun çox mübarək,

Xidmətində sən ol zirək!

Xoş sədanla hey öyünək,

Çox ödüllər alasısan.

 

Zirvələrdə al bayrağım,

Cəsarətim, güc qaynağım.

Səd-səngərdə nur çırağım,

Sən dəyanət qalasısan.

 

İftixarım, qürurumsan,

Zəkiyyəyəm, göz nurumsan,

Namus, qeyrət onurumsan,

Başımda tac olasısan,

Ulu türkün balasısan.

 

XOŞBƏXT YUVAM OL

Ən yaxın dostumsan, yaxın sirdaşım,

Sirlər qalasıyam, sənsə sirr daşım.

Ömrümə-günümə sən o yoldaşım,

Gözünü gözümdən çəkmə amandı.

 

Məhəbbət payım ol, eşq qaynağım ol,

İman günəşim ol, nur çırağım ol,

Ən gözəl diləyim, sən dayağım ol,

Gözünü gözümdən çəkmə amandı.

 

İzin ver, əllərim tutsun əlini,

Allahın hökmüylə qəbul et məni!

Bu qədər gözlətməz sevən-sevəni,

Gözünü gözümdən çəkmə amandı.

 

Ən xoş arzularım, təmiz duam ol,

İlahi məkanım, xoşbəxt yuvam ol,

Xeyir-bərəkətim, şükrü-salam ol,

Gözünü gözümdən çəkmə amandı.

 

Birlikdə dayanaq sübhü-ehrama,

Təbəssüm paylayaq zöhrü-məqama.

Əbədi şükr edək Haqqı-Mövlama,

Gözünü gözümdən çəkmə amandı.

 

Səadət bağçamız olsun, əzizim,

Sevgi nəğməsiylə dolsun, əzizim,

Məhəbbət ətrimiz olsun, əzizim,

Gözünü gözümdən çəkmə amandı.

 

Sənə “canım” desin qoy hər an dilim,

Köksündə, qəlbində olsun mənzilim,

Səni əzizləyim, hey səni sevim,

Gözünü gözümdən çəkmə amandı.

 

Mənə üz çevirsən gül rəngim solar,

Ahım ərşə qalxar, mələklər ağlar,

Onu bil, Zəkiyyən təmiz məhv olar,

Gözünü gözümdən çəkmə amandı.

Təqdim etdi: Elbar ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!