Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2026 / 15:47

Sözə sədaqətli bir ömür- Nicat Kolan yazır

…Ədəbiyyat insan ruhunun aynasıdır. Zaman dəyişsə də, sözün gücü dəyişmir. Şeir bəzən bir ömrün danışa bilmədiyini deyir, roman isə bütöv bir dövrün yaddaşına çevrilir. Ədəbiyyat yalnız yazı deyil — o, hisslərin, düşüncələrin və insan talelərinin səssiz tarixidir.
 Böyük ədiblər zamanın içindən keçib getsələr də, onların sözləri yaşayır. Çünki həqiqi ədəbiyyat ölmür. O, hər oxucunun qəlbində yenidən doğulur, yeni mənalar qazanır. İnsanlıq var olduqca sözə ehtiyac olacaq, söz yaşadıqca isə ədəbiyyat yaşayacaq. İnsan ömrü bəzən bir kitab kimidir — illər keçdikcə səhifələri saralsa da, dəyəri daha da artır. Elə insanlar var ki, onların adı təkcə gördüyü işlərlə deyil, yaratdığı ab-hava, bölüşdüyü söz, yaşatdığı dostluqla yadda qalır. Professor Qurban Bayramov da məhz belə ziyalılardandır.
  Sözdən anlayan insanlar həyatı da dolu yaşayırlar. Qurban müəllim də söhbəti, dostluğu, məclisi və insanları qiymətləndirməyi bacaran kişilərdən biridir. O, təkcə elm adamı deyil, həm də həyatın dadını bilən, yeyib-içən, zarafatcıl və səmimi insandır.
 Qurban Fərman oğlu Bayramov 1946-cı il mayın 30-da Qarabağda – Ağdam rayonunun Əlimədədli kəndində anadan olur. Orta təhsilini elə doğulduğu kənddə aldıqdan sonra indki Nəsrəddin Tusi adına ADPU-nun filologiya fakültəsinə daxil olur və fərqlənmə ilə oranı bitirir. Pedaqoji fəaliyyətinə orta məktəbdə müəllim kimi başlayır, daha sonra tədris işləri üzrə direktor müavini vəzifələrində çalışır. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü , Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru , professordur.
xxx
Onun keçdiyi ömür yolu təkcə elmi fəaliyyətlə ölçülmür. Bu yolun içində tələbələrə verilən işıq, televiziyadan insanlara çatdırılan ədəbiyyat sevgisi, dost məclislərində bölüşülən səmimi söhbətlər, zarafatla qarışıq hikmətli fikirlər yaşayır. Uzun illər boyu Səməd Vurğun irsinin araşdırıcısı kimi gördüyü işlər Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur. Vaxtilə Azərbaycan Televiziyasında (AzTV)
“Ədəbiyyat və zaman” verilişində onun səsi və düşüncələri bir çox insanların yaddaşına çevrilmişdir. Çünki o, ədəbiyyatdan danışanda sadəcə alim kimi yox, sözü sevən bir insan kimi danışırdı.
     Qurban müəllim böyük bir nəslin nümayəndəsidir. Onun ədəbiyyata bağlılığı təsadüfdən yaranmayıb. Bu sevginin kökü ailədən, ocaqdan gəlir. Qurban müəllimin atası — Fərman müəllim də ədəbiyyat müəllimi olmuş, sözə və kitaba böyük dəyər vermiş insanlardan biri idi. Görünür illər öncə bir müəllim ocağında yanan o işıq sonradan oğul ömründə daha da böyüyərək davam edib.
    Professor Qurban Bayramov mənim üçün təkcə alim və ədəbiyyatşünas deyil, həm də yol göstərən insanlardan biridir. Mənimdə ədəbiyyata marağım var. Hərdən özümçün cızmaqara yazılar yazardım. Bir dəfə mənə dediyi bir fikir yaddaşıma həmişəlik həkk olunub: “Sənin yaxşı qələmin var, hərdən yaz”. O sözlər mənə sadə bir məsləhət kimi yox, ədəbiyyata baxış kimi təsir etdi. Bəlkə də Qurban müəllim sözdə fikir ağırlığını, düşüncə dərinliyini daha çox görürdü. Çünki o, ömrünü ədəbiyyata vermiş, sözün məsuliyyətini yaşamış insanlardandır. Onun bu fikri mənim üçün bir istiqamətə çevrildi.
Qurban müəllimlə aramızda həmişə səmimi münasibət olub. Onunla söhbət edəndə insan özünü sıxılmış hiss etmir, əksinə, elə bil illərin tanışı ilə danışır. Sadəliyi, təvazökarlığı və səmimiyyəti insanı ona daha da yaxınlaşdırır. Böyük alim olsa da, heç vaxt qarşısındakı insanla arasında məsafə yaratmır.
O, Azərbaycan ədəbiyyatında təkcə tədqiqatçı deyil, həm də obyektiv və prinsipial tənqidçi kimi tanınır. Onun ədəbi tənqidləri emosiyadan çox faktlara, elmi yanaşmaya və dərin təhlilə əsaslanır. Qurban Bayramovun tənqidçi mövqeyi ədəbiyyata yanaşmada ədaləti və balansı qoruması ilə seçilir. O, ədəbi əsərlərə yalnız təriflə deyil, həm də inkişaf etdirən, yön verən elmi baxışla qiymət verir. Onun əsas məqsədi qüsur axtarmaq deyil, ədəbiyyatın inkişafına xidmət etməkdir.
 Bu gün elmə, təhsilə və insanlığa dəyərli töhfələr vermiş hörmətli professor Qurban Bayramovun 80 yaşı tamam olur. Uzun illər ərzində ədəbiyyatımıza göstərdiyi zəhmət, elm üçün gördüyü işlər və qazandığı nüfuz onun adını hörmətlə anılan ziyalılardan birinə çevirib. O, yalnız peşəkar alim deyil, həm də yüksək mənəviyyatı, sadəliyi və insanlara münasibəti ilə seçilən dəyərli şəxsiyyətdir. 80 illik ömür yolu böyük təcrübə, zəhmət və uğurlarla dolu bir həyatın göstəricisidir. Qurban müəllimə möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayıram. Qoy onun həyat yolu gələcək nəsillər üçün daim nümunə olsun.
“80 illik yubileyin mübarək” – böyük Ədib!
NicatKolan
“Təzadlar”dan: ustadımız Qurban Bayramovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik! 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!