1 İyun 2026 / 20:30

Myanmada partlayış: 55 ölü, 70-dən çox yaralı

Myanmada səbəbi bilinməyən partlayış nəticəsində ən azı 55 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Tezadlar.az xəbər verir ki, dünən səhər Cənub-Şərqi Asiya ölkəsi olan Myanmanın Çin sərhədi yaxınlığındakı Şan əyalətinin Namkham bölgəsində güclü partlayış baş verib. Yerli xilasetmə qrupları geniş dağıntılara səbəb olan partlayışda ən azı 55 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını və çox sayda insanın dağıntılar altında qalmış ola biləcəyini açıqlayıb.

Bölgəyə nəzarət edən Taang Milli Azadlıq Ordusu (TNLA) partlayışın qrupun iqtisadi bölməsinin nəzarətində olan ərazidə baş verdiyini açıqlayıb. TNLA hadisə ilə bağlı araşdırmanın başlandığını bildirib.

Yerli mənbələr partlayışın mədən əməliyyatlarında istifadə edilən partlayıcı maddələrin partlaması nəticəsində baş verə biləcəyini iddia edir, hakimiyyət orqanları isə hadisənin dəqiq səbəbinin hələ müəyyən edilmədiyini bildirib.

2021-ci ildə Myanmada baş verən hərbi çevrilişdən sonra ölkənin bir çox yerində ordu ilə etnik silahlı qruplar arasında toqquşmalar davam edir. Partlayışın baş verdiyi Şan əyalətinin şimal hissəsi son illərdə Myanma ordusu ilə etnik silahlı qruplar arasında şiddətli toqquşmaların baş verdiyi bölgələrdən biridir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!