27 Fevral 2025 / 12:49

«Təzadlar»ın «qadın türməsi»nin yerindəki tikinti ilə bağlı yazısına cavab gəldi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən daxil olan rəsmi cavabda məsələyə dair maraqlı fikirlər yer alıb.

«Təzadlar» qəzetinin rəsmi saytının 6 fevral 2025-ci il tarixli buraxılışında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində( Qənimətlər Parkı ilə üzbəüzdə) yerləşən keçmiş «Qadın həbsxanası»nın yerində aparılan qazıntı və tikinti işləri ilə bağlı vətəndaşlardan daxil olmuş şikayət əsasında yazı dərc edilmişdi. Yazıda vətəndaşları narahat edən məsələlərdən biri keçmiş qadın həbsxanasının yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin olacağı, bununla da A.Cəlilov küçəsindəki tıxacların daha da artacağı və s. ilə bağlı problemlər idi. Vətəndaşlar, həmçinin tikintinin təyinatı ilə bağlı xüsusi lövhənin olmamasını da bu narahat suallar sırasına daxil etmişdilər.

Əməkdaşlarımız həmin ərazidə olmuşdur. Və məlum olurdu ki, hər tərəfi göydələnlərlə dolu A.Cəlilov küçəsində avtobus və velosiped zolaqları ilə daha da daraldılmış yolda bəzən tıxac bir km. məsafəyə belə gedib çıxır. Yolun genişləndirilməməsi isə hazırda bu ərazidə tamamilə mümkünsüzdür.

Beləliklə, aidiyyəti şikayət və müşahidələr əsasında hazırlanmış yazı Azərbaycan Respublikasın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mövqe bildirilməsi üçün göndərilmişdir. Bu gün qurumun Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən cavab məktubu daxil olmuşdur. Yazıda qoyulan əsas suallara aydınlıq gətirilməsə də, rəsmi qurumun cavab haqqını tanıyaraq təqdim edirik:

«Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi

25 fevral 2025-ci il, 3-35-2/2-M-55-36-113///2025

“Təzadlar» qəzeti redaksiyasına 

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən“Qənimətlər parkı”ilə üzbəüz ərazidə aparılan tikintinin şəhərsalma ənənələrinə uyğun olub-olmaması və həmin ərazidə hansı obyektin və ya binanın tikiləcəyi ilə bağlı məlumatların verilməsi barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə ünvanlanan 6 fevral 2025-ci il tarixli elektron müraciətinizə baxılmışdır. 

 Müraciətlə bağlı nəzərinizə çatdırırıq ki, qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə əsasən şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan Şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara uyğun olaraq təsdiq edilmiş Baş planlarda təsvir edilir. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair təsdiq edilmiş Baş planı da növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə ehtiva edərək məcburi hüquqi qüvvəyə malikdir və ictimaiyyət üçün açıqdır.

  Həmçinin bildiririk ki, Komitə və onun tabeliyində olan qurumlara tikinti aparılması ilə bağlı müraciətlər daxil olan zaman təqdim edilmiş layihələrin ərazi planlaşdırılması sənədlərinə, o cümlədən qüvvədə olan Baş planlara uyğunluğu araşdırılır və yalnız uyğun olduğu təqdirdə tikintiyə icazə icraatına başlanılır///. Əlavə olaraq bildiririk ki, tikinti obyektlərinin tikintisinə,söküntüsünə, istismarına icazə verildiyi təqdirdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə, söküntüsünə və istismarına icazə verilmiş obyektlərlə bağlı informativ və statistik xarakterli məlumatlar tikintiyə icazə verən qurum tərəfindən vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Belə ki, tikintisinə-söküntüsünə və istismarına icazə verilmiş tikinti obyektləri barədə müvafiq məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytının Tikintilərin dövlət reyestri”modulunun axtarış bölməsindən əldə edə bilərsiniz.

Ramin Abdullayev,

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri». 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!