Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Hamımız yaxşı bilirik ki, kənd yerində yaşayan kəndlinin pay torpağı və həyətyanı geniş torpaq sahəsi, mal-qarası, qoyun-quzusu və toyuq-cücəsi olmalıdır. Çünki kəndlinin çörəyi məhz bunlardan çıxır. Onu da yaxşı bilirik ki, hazırda rayonlarda örüş və otlaq sahələri ayrı-ayrı məmurlar tərəfindən zəbt olunduğundan, yazıq kəndlinin mal-qarasını otarmasına yer də qalmayıb. Min bir çətinliyə baxmayaraq, yenə də cüzi də olsa, mal-qara, qoyun-quzu saxlayır ki, bərkə düşəndə, satıb problemini həll eləsin. Eyni zamanda südü və qatığı ilə uşaqlarını dolandırsın. Amma kəndlinin örüş və pay torpaq sahəsinə bir tərəfdən də canavarlar qənim kəsilir. Yazıq kəndlinin illərlə bəslədiyi qoyun-quzu, toyuq-cücə bəzən canavarların, çaqqalların və tülkülərin hücumuna məruz qalır, nəticədə kəndli çox acınacaqlı duruma düşür.
Elə bu yaxınlarda Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yaşayan Nəbiyev Hacımahmud Fərman oğlunun başına da belə bir müsibət gəlib. H.Nəbiyevin 15 baş qoyun-quzusu varmış. Qoyunların saxlandığı tövləyə canavarlar gecə ikən hücum çəkib, nəticədə 15 baş qoyun-quzudan yalnız 1 qoyun və 1 quzu qalıb. Qalan heyvanların hamısını boğaraq, parçalayıb, öldürüblər.

Əlbəttə, bu, kəndli üçün ağır bir durumdur. Bununla H.Nəbiyevə təxminən 5 min manatdan çox ziyan dəyib. İndi bu ziyanı kim ödəyəcək? Təbiəti Mühafizə İdarəsi, yoxsa vəhşi heyvanları ovlamağı qadağan edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Əgər canavarların hücumundan H.Nəbiyev xəbər tutub, onları tüfənglə vursaydı, yazığın özünə bəlkə də 5 min manat cərimə yazacaqdılar. İndi bəs bu yazıq kəndli neyləsin? Başına haranın daşını töksün ki, rahatca öz təsərrüfatı ilə məşğul ola bilsin? Açıq demək lazımdır ki, canavların hücumundan heç kim sığortalanmayıb.
Bizə verilən məlumata görə, bu canavarlar əvvəllər həmin zonalarda görünməyiblər. Amma Qarabağ işğaldan azad olunandan sonra. orada gedən nəhəng tikinti-quruculuq işləri canavarların “rahatlığını” pozub və onlar Şirvan zonasına, o cümlədən Kürqırağı ərazilərə köç ediblər. Bunun da nəticəsində kəndlilər belə müsibətə dücar olurlar. Onu da qeyd edək ki, bu hadisə təkcə H.Nəbiyevin başına gəlməyib. Qonşuluqdakı bir neçə kəndlinin də müxtəlif sayda qoyunları canavarların belə hücumlarına məruz qalıb.
Nəhayət, bu sahədə konkret bir qərar olmalıdır. Ya canavarların ovlanmasına imkan verilməlidir, ya da bu ovlamanı qadağan edən qurum kəndliyə kompensasiya ödəməlidir. Axı, kəndli üçün 5 min manat pul olduqca böyük bir məbləğdir. Bu insanların hər biri gözlərini, gündəlik qayğılarını ödəmək üçün aylıq pensiyaya, bəzi tələbatlarını ödəmək üçün isə, min bir əzab-əziyyətlə saxlayıb-bəslədikləri mal-qaraya, qoyun-quzuya dikiblər. Hər halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə xüsusi ilə diqqətlə yanaşmalı, vəhşi heyvanların hücumlarının qarşısını almaq üçün bir qayda-qanun tətbiq etməlidirlər. Əks təqdirdə, kəndlinin dolanmaq üçün son ümid yeri olan mal-qarasına, qoyun-quzusuna və toyuq-cücəsinə canavarlar, çaqqallar və tülkülər həmişə şərik olacaq.
Elçin Məmmədli