6 May 2026 / 12:10

HƏFTƏBECƏR-ELÇİN MƏMMƏDLİ YAZIR

Məlumatlara görə, Ermənistan 300 min azərbaycanlının dogma yurda qayıdışına hazırlaşır.

P.S. Qayıda biləcəklərmi? Çətin! Ermənilər tərəfindən törədilən bu qədər ölüm-itimdən, bu qədər faciələrdən, Qərbi Aazərbaycanlıların çəkdikləri bu qədər müsibətlərdən sonra, yenidən o erməni cəlladlarının arasına necə qayıtmaq olar?

***

Aprelin 1-də N.Paşinyan Moskvada keçirilən görüş zamanı V.Putinin üzünə “Qarabağ məsələsi bizim üçün bağlanıb” deməklə, sanki bi sillə vurmasını Rusiya ona bağışlaya bilmir. Bu görüşdən bir müddət sonra Ermənistanın “Cermuk” sularının satışı Rusiyada qadağan olundu. Rusiyanın Ermənistana qarşı bu addımına erməni iqtisadçısı Tatul Manaseryan Ermənistanı nəzərdə tutaraq belə reaksiya verib: “Açıq desək, eyni zamanda həm arvad, həm də məşuqə ola bilməzsiniz”.

P.S.İndi bunu necə başa düşək? Ermənistan Rusiyanın arvadıdır, yoxsa məşuqəsi? Ermənistanın onillərlə Rusiyanın dediyi ilə oturub-durmasını, ümumiyyətlə, Azərbaycan torpağında Ermənistan adlı dövlətin Rusiyanın belindən əmələ gəlməsini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan Rusiyanın arvadıdır. İndi bu “arvad” böşanmaq istəyirsə, burada heç bir qəbahət yoxdur… Erməni axçilərinin isə (qızlarının) ayrı-ayrı liderlərin, müxtəlif vəzifə sahiblərinin məşuqəsi olması isə, ermənilərin milli mentalitetidir. Ona görə də Tatul Manaseryan bir erməni olaraq, Rusiyanın Ermənistanla münasibətində arvadla məşuqənin fərqini bilməlidir.

***

Xəbər verilir ki, mayın 9-da Moskvada keçiriləcək paradda II Dünya müharibəsindən sonra ilk dəfə olaraq, hərbi texnikanın nümayişinə qadağa qoyulub.

P.S. Qoyular dəə… 5-ci ildir Rusiyanın Ukrayna ilə apardığı müharibədə ukraynalılar rusların  bütün hərbi texnikalarını darmadağın ediblər. Bu səbəbdən də 9 may paradında nümayiş etdirməyə görünür, daha texnika qalmayıb. Ehtiyatda qalan 5-3 texnikanın da parad zamanı Ukrayna dronları tərəfindən vurulma ehtimalı böyük olduğundan, hərbi texnikanın nümayişinə qadağa qoyulub. Bir də ki, Ukrayna ilə bu 4 illik müharibədə Rusiyanın heç bir uğur qazana bilməyən hərbi texnikalarını nümayiş etdirməyin nə mənası var?

***

Bütün sosial şəbəkələrdə bir suala cavab axtarılır: Şəhid və əlil olmaqdan Allahın möcüzəsi ilə qurtaran, bunun da sayəsində Ali Baş Komandanın döyüş tapşırığını axıra qədər icra edərək, torpaqlarımızı azad edən və həmin yerlərə bayrağımızı sancan, geri qayıdanda isə, atəş altından şəhid və yaralı qardaşını çıxaran veterana 2019-cu ildə nəqliyyat, kommunal və rabitə xərcləri üçün təyin edilən 80 manat niyə artırılmır?

P.S. Neçə vaxtdır bu suala cavab verən bir rəsmi qurum yoxdur. Bir vaxta ki, bu suala cavab verən yoxdur, onda  belə bir təklifim var. 2019-cu ildə nəqliyyat, komunal və rabitə xərcləri üçün təyin edilən 80 manatı artırmaq istəmirsinizsə, artırmayın, heç lazım da deyil. Onda zəhmət çəkin, nəqliyyat, kommunal və rabitə xərclərinin qiymətini 2019-cu ilin səviyəsinə endirin. Bundan sonra daha heç kim “niyə veteranların 80 manatını artırmırsınız”-deyib sizləri dəng etməyəcək. Bununla da problem həllini tapacaq…Vəssalam, şüttamam!!!

***

Həmişə açıq-saçıq şəkilləri ilə gündəm olan və aktrisa sayılan Nəsrin Cavadzadə, deyilənə görə, mayın 3-də ailə qurub. Nəsrin xanım Türkiyədə fəaliyyət göstərdiyindən elə orada türk Kadır Tener  Uçar ilə evlənib.

P.S.Neynək, Allah xoşbəxt eləsin! İndiyə qədər Nəsrin xanım tək olduğu üçün, əyin-başına pul çatdıra bilmirdi. Ona görə də Nəsrin xanımın geyimləri həm ətəkdən qısa, həm də sinədən aşağı olurdu. Nəticədə yazığın sinəsi çöldə qalırdı ki, bu da Nəsrin xanımın utana-utana, xəcalət çəkə-çəkə səhnəyə, efirlərə çıxmağına səbəb olurdu. Əlbəttə, kasıbçılıq ağır dərddir. Amma indi inanıram ki, ailə qurandan sonra, Kadır bəyin köməkliyi ilə kasıbçılığın daşını atacaq və həm abırlı, həyalı olacaq, həm də paltarlarının ətəkləri uzanacaq, sinəsi də örtüləcək. Bununla da Nəsrin xanımın bədən əzaları məcburiyyətdən daha çöldə qalmayacaq.

 

Müğənni sayılan Ayan Babakişiyeva bədəninin normal ölçüdə qalması barədə bir sayta danışarkən belə deyib: ”Çörək yemirəm, şirniyyatdan imtina etmişəm. Nə vaxt yediyim də yadımda deyil. Hətta ad günümdə belə tort yemədim”.

P.S. Ayan xanım, inanıram ki, öz ad günündə tort yeməmisən. Amma sənətin içinə tort qoyduğun göz qabağındadır. Hələ içinə tort qoyduğun sənəti bu xalqa sırıyırsan da…

Rəqsanənin müğənni sayılan qızı Aysun İsmayılova yataq otağından görüntülər paylaşıb ki, bu da izləyicilərin müzakirəsinə səbəb olub.

P.S. Aysunun yataqdakı bu şəklini görəndən sonra məşhur mahnının sözləri yada düşdü: ”Gəlmişəm yatağına ( yoxsa otağına?) oyadam səni, Qaragilə”. İndi biz hardan alaq elə bir bəyi ki, gələ Aysunun yatağına (yoxsa otağına?) oyadıb durğuza onu ayağa ki, bəsdir yatdığın. Daha o bəy Aysunu sazla durğuzacaq, sözlə durğuzacaq, mahnı ilə durğuzacaq, bu, onların öz işidir…

Müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov müğənniyə evlənməsinin səbəbini bir sayta açıqlayarkən belə deyib: ”Röyanın ən çox sevdiyim mahnısı “Bahar”dır. Mən o mahnı ilə ona vurulmuşam. Mən də mart ayında, yəni bahar fəslində dünyaya gəlmişəm”.

P.S.Hımm… Deməli, Anar bəy Röyaya “Bahar” mahnısına görə vurulub və sonra da evlənib. Yəqin elə bilib ki, Röya ona gecə də, gündüz də “Bahar” mahnısını oxuyacaq. Görünür, Röya da bunu bildiyindən həmişə Anar bəyə“ tez-tez “Bahar” mahnısı oxuyub. Nəticədə Anar bəyi hər gün tez-tez eşitdiyi bu mahnı bezdirib və nəticədə “həvəsdi, bəsdi” prinsipi ilə Röyadan ayrılmaq qərarına gəlib. ”Bahar”dan bir uşaq da yadigar qoyub və dabana tüpürərək, aradan çıxıb. İndi Anar bəy yəqin “Yay” mahnısını oxuyan axtarır. Qarşıda isə hələ “Payız” və «Qış» mahnıları da var e, mən ölüm…

Müğənni kimi tanınan, amma sənətdən uzaq olan Lətifə Soyuöz, “Gün ortası” verilişində “Biz şou- biznesdə deyilik” deyən Elnarə Abdullayeva və Könül Kərimovaya cavab olaraq belə deyib: ”Bəzi sənət adamları düşünür ki, şou- biznesdə olmaq yaxşı deyil. Başa düşmürəm niyə? Biz səhnəyə çıxırıq, bacardığımız şounu göstəririk, mahnı oxuyuruq, klip çəkirik…”

P.S. Lətifə xanım, bəla ondadır ki, şou göstərirsiniz, sənət yox.  Şou əhli efirlərdə  sənətdən başqa hər şeyi və hər yerini göstərir… Tamaşaçılar artıq şou əhli xanımların bütün bədən əzalarını tanıyırlar, alt və üst paltarlarının hansı rəngdə, hansı firmadan və hansı ölçüdə olduğunu belə bilirlər. Çünki şou əhli xanımların səhnədən, efirdən göstərdikləri sənət, mahnı, musiqi yox, çılpaq bədən əzaları, bahalı paltarları, maşınları, villalarıdır. Ona görə də Elnarə Abdullayeva, Könül Kərimova da deyir ki, biz şou- biznesdə olmayacağıq. Yəni, biz sənət göstərəcəyik, bədən yox. Lətifə xanım, əgər bu sözləri başa düşmürsənsə, onda sənin yerin elə şou-biznesdir…

Elçin Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!