Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bir gün Bakı küçələrinin birində qarşına cır-cındır geyimli, üzü tozlu, əli titrək bir qadın çıxır, ayaq saxlayırsan. Uşaq qucağında, gözlərində yaş, əlində bir nimçə və səni vicdan sıxır, cibindən 50 qəpik çıxarıb veririsən və “Allah kömək olsun!”, – deyib keçirsən. Ancaq bu 50 qəpik hara getdi, heç özü də bilmədi… Və heç kimin ağlına belə gəlməz ki, o qəpik sənin düşündüyün kimi bir parça çörəyə yox, bahalı bir villanın kreditinə getdi. Bəli, bura artıq mərhəmət meydanı deyil, çoxmillətli dilənçi mafiyasının görünməyən ticarət meydanıdır.

***
Dövlət qurumlarından birində çalışan tanışım maraqlı bir hadisə danışdı. Deyir, bir dəfə şəhərdə şübhəli görünən bir qadını izləyiblər. Qadın metrodan-metroya, qaranlıq küçələrdə küçəbəküçə keçir, sanki nəsə planlı hərəkət edirmiş. Əvvəlcə cəsus, ya da hansısa qanunsuz şəbəkənin üzvü zənn ediblər. Ancaq yoxlayanda məlum olub ki, bu qadın sadəcə, peşəkar bir dilənçidir. Ən qəribəsi isə, cibindən çıxan məbləğ olub – 650 manat. Bəli, bir günün “gəliri”! Dostum zarafatla deyir: “Mənim cibimdə 5 manat vardı, o biri dostumda 12 manat. Bu qadın isə küçədə əsl biznes qurubmuş!”
***
Bu tək bir misaldır. Amma bu misalda ciddi bir sual var: əgər bu fəaliyyət, doğrudan da bir biznesdirsə, o zaman bu “biznesin” sahibi kimdir? Sadə dilənçilərin arxasında təşkilatlanmış bir sistemin olduğu artıq heç kimə sirr deyil. Birinin “yerini” başqası tutur, kim harada dayanmalıdır – bu “sistem” daxilində əvvəlcədən müəyyən edilir. Hər axşam toplanan pullar bölünür. Bəziləri bu pulla borc verir, bəziləri isə qızıl alır. Bəzi “əməkdaşlar” isə uşaq və əlillərdən istifadə edir ki, insanlarda daha çox mərhəmət oyatsınlar.
Qanunlar var, amma tətbiqi sual altındadır…
Deyirlər, “dilənçiliyin kökü yoxsulluqdur”, amma biz görürük ki, dilənçiliyin kökü daha çox idarə edilən və qazanc gətirən bir strukturdadır. Bu strukturu isə yoxsul adamlar yox, onları küçəyə çıxaranlar idarə edir. Hətta izləmə zamanı bir detal da xüsusi diqqət çəkib. Küçənin kənarında dayanmış qara rəngli bir CİP-in içindən qadının izlənildiyi açıq-aşkar görünürmüş. Sanki sadəcə küçədə dilənən birini yox, “iş başında olan əməkdaşı” nəzarətdə saxlayırdılar. Bir növ rəsmiyyətə düşməyən “işgüzar nəzarət”.
Demək, o qadın tək deyil. Bu işin arxasında nə isə daha böyük bir mexanizm dayanır. Bəlkə də, “forması” fərqlidir, kiminsə işçisidir, sadəcə, əməkhaqqısını gündəlik kassadan, yəni ayaq üstə dayanan vətəndaşlardan toplayır.
Bu yerlərin öz “sahibləri” var…
Onu da deyim ki, Bakıda artıq çoxdan strateji dilənçilik nöqtələri müəyyənləşdirilib. Bir növ “JIRNI TOÇKALAR” qızıl mədənləri! Məsələn, «Koroğlu», «20 Yanvar», «28 May» metrostansiyalarının həndəvəri, “Şamaxinka” keçidi, Sədərək və Binə ticarət mərkəzləri, bankomatların qarşısı, metro çıxışları və s. Bu ərazilərin hər biri “bölüşdürülüb”, öz sahibi var. Yəni, buralarda istədiyin kimi əl açıb dayana bilməzsən. Hamımızın «Şamaxinka» kimi tanıdığımız ərazidəki “Şamaxinka keçidi”nə izinsiz girsən, çıxışın olmaya da bilər. Ciddi şəkildə deyirəm, bu artıq mərhəmət sektoru deyil, bu qayda ilə işləyən qanuniləşdirilmiş qanunsuz biznesdir. Hətta kim günün hansı saatında harada “iş başında” olacaq, bütün bunlar əvvəlcədən müəyyən edilir. Gəlir yığılır, bölünür, “yuxarıya” ötürülür. Sadə adamlar isə hələ də elə bilir ki, qarşısındakı qadın həyatı onu sındırdığı üçün əl açır. Ancaq o qadın əl açmır, o qadın sistem üçün çalışır…

***
Bir dəfə isə küçədə rast gəldiyim bir dilənçi qadınla söhbət etdim. “Niyə bu işlə məşğulsan?”, – deyə soruşdum. Qadın heç çəkinmədən cavab verdi: “Bu mənim işimdir, əsas Ramazan, Qurban bayramlarıdır, Novruz da pis deyil. Biz həmin günlərdə əsasən məscidlərin qarşısında dururuq, illik planı o günlərdə yığırıq.”
Yəni bu insanlar artıq təsadüfi acından, ehtiyacdan yola çıxan yox, «sezon» planlaması edən “peşəkarlar”dır. Onlar artıq yaxşı bilirlər ki, insanın vicdanına, inancına toxunan günlərdə pul daha bol olur. Kiminin orucunu pozmamaq üçün, kiminin isə sədəqə vermək istəyi ilə cibinə uzanan əli onların “büdcə gəliridir”. Amma bu, hələ işin yumşaq tərəfidir.
Daha acınacaqlısı isə budur: hər gün metro keçidində gördüyümüz yaşlı, hərəkətsiz, bəzən huşsuz görünən qadınlar və kişilər var. Onları hər səhər kimlərsə gətirir, yerbəyer edir, axşam isə “yığılanı” götürüb aparır. Mən elə birini şəxsən tanıyıram. Hər kəsin gözü önündədir. Yaşlı, artıq danışa bilməyən bir qadını keçidə qoyur, özünü isə heç göstərmədən kənardan nəzarət edir. Amma sonra eşidirəm ki, onun övladlarını oxutdurub, maşın alıb və s. “Amma adamın üstündə Allah var də…” qocaya yemək lazımdırsa, “verilir”, pampers dəyişmək lazımdırsa, “günortaya yaxın baxılır”. Bu artıq fərdi yox, təşkilatlanmış bir istismar modelidir.

«Bu məsələyə artıq təkcə sosial yox, etik və hüquqi baxış lazımdır. Çünki bu sistem yalnız küçəni işğal eləmir, insanlığın əsas dəyərlərini korlayır…»
Burada söhbət təkcə küçədə pul istəyən bir qadından getmir, burada insanın, yaşlının, fiziki cəhətdən zəifin alətə çevrildiyi bir mexanizm var. Bu sadəcə dilənçilik deyil, bu vəziyyətdən sui-istifadədir. Üstəlik, bəzi hallarda bu işin arxasında borca salınan qadınlar, zorakılıqla bu “işə” cəlb olunan uşaqlar da var. Tunel keçidlərində körpə uşaqlarla dayanıb dilənçilik edənləri az görmüsünüz? Bəs tunellərdəki kameralar niyə hərəkət iştirakçısı olan avtomobil sürücülərinə ciddi mane olan bu təhlükəni görə bilmir???
***
Ən qorxulusu isə odur ki, bizlər cəmiyyətdə yaşayan sadə insanlar, bəzən isə bilmədən bu istismarın könüllü sponsoruna çevrilirik. Vicdanımızı rahatlamaq üçün cibimizdən çıxardığımız hər qəpik, əslində, bir insanın daha uzun müddət zəiflik içində istifadə olunmasına şərait yaradır. Bu məsələyə artıq təkcə sosial yox, etik və hüquqi baxış lazımdır. Çünki bu sistem yalnız küçəni işğal eləmir, insanlığın əsas dəyərlərini korlayır.
«Niyə heç bir qurum bu qədər görünən bir problemi görə bilmir? Bakı başdan ayağa kameralaşdırılıb. Kameraların da gözü «zəifləyib»???»
Əlil uşaqları oğurlayıb, şikəst edib diləndirirməyə gəldikdə isə, bəlkə də, bu mifdir. Amma mən bunu hələ uşaq vaxtında eşidirdim: uşağı oğurlayırlar, onu şikəst edirlər, psixoloji basqılarla ailəsini belə unudur və küçələrə buraxılır. Qolu sınıq, gözü tutulmuş uşaqlar… Onları hamımız görmüşük və görürük… Onlar təkcə kasıb ailənin uşaqları deyil. Onlar da, yəqin ki, bu dilənçilər “sistemi”nin qurbanıdır.
***

Bəs pərdə arxasında kim dayanır? Bu qədər sərvət, bu qədər rahatlıq, bu qədər sükut… Bu pullar hara gedir? Hər gün 500-600 manat bir dilənçinin yığdığı pul kimə verilir, hara verilir? Qara «CİP»lə gəzənlər kimlərdir? Niyə heç bir qurum bu qədər görünən bir problemi görə bilmir? Bakı başdan ayağa kameralaşdırılıb. Kameraların da gözü «zəifləyib»??? Axı küçədə əl açan qadının köynəyi cırıq ola bilər, amma arxasında dayanan əl kostyumludur…
Əgər, doğrudan, da bu sahə bir “mafiya”nın əlindədirsə, bu təkcə sosial yox, hüquqi, iqtisadi və mənəvi bir problemdir. Vicdanla verdiyimiz pullar kimin cibinə gedir? Kimin villası tikilir, hansı lüks maşının benzininə çevrilir? Bəlkə də, artıq bu sistemin adı dəyişməlidir. Bu, “dilənçilik” deyil. Bu, görünməyən iqtisadiyyatın bir qolu, görünən maskalıların bir dramıdır.
***
“Dilənçi mafiyası”: bu iki söz hələ çox şeyi demir. Amma əgər bu belə davam edərsə, bir gün biz də küçədə əl açıb dilənənləri görməyəcəyik. Onların yerini artıq robotlaşdırılmışlar yox, daha peşəkar “işçilər” tutacaq… Bizi isə tək bir sual düşündürəcək: “Biz kimə rəhm edirik?”
Elşad FƏRMANOĞLU