Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 14:55

“Valideynlər və şagirdlər monitorinq imtahanlarına görə narahatlıq keçirməməlidir, çünki…”

Ötən  gün IV və VI siniflər üçün keçirilən monitorinq imtahanları bir qiymətləndirmə vasitəsi deyil, tədrisin keyfiyyətinə dair diaqnostik məlumat toplayan alətdir. Bu imtahanların məqsədi şagirdləri qiymətləndirmək deyil, istifadə olunan dərsliklərin effektivliyini, tədris metodlarının səmərəliliyini və ümumilikdə təhsil sisteminin mövcud vəziyyətini analiz etməkdir. Nəticələr yalnız təhlil və statistik məqsədlər üçün istifadə olunur.

TEZADLAR.AZ  xəbər verir ki,   bunu tanınmış təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 14.2-ci maddəsinə əsasən təhsilalanların bilikləri, bacarıqları və vərdişləri summativ və formativ qiymətləndirmə ilə müəyyən edilir:
“Monitorinq imtahanları isə bu qiymətləndirmə mexanizmlərinə daxil deyil və məktəbdaxili yarımillik və illik qiymətlərin formalaşmasına heç bir təsir göstərmir.
Valideynlər və şagirdlər bu imtahan nəticələrinə görə narahatlıq keçirməməlidir, çünki nəticələr fərdi deyil, ümumi təhlil xarakteri daşıyır. Məsələn monitorinq nəticələri əsasında hansı mövzuların şagirdlər tərəfindən daha az mənimsənildiyi, dərsliklərdə hansı məzmun boşluqlarının olduğu və müəllimlərin tədris prosesində nə kimi çətinliklərlə qarşılaşdıqları müəyyən edilir. Bu isə təhsil siyasətçilərinə və məktəb rəhbərliklərinə təkmilləşdirmə tədbirləri görmək üçün imkan yaradır.
Dünyanın bir çox ölkəsində də bu tipli imtahanlar (məsələn, İngiltərədəki “SATs”, Sinqapurda aparılan “Checkpoint tests”, Estoniyada “Digiproov”) şagirdləri cəzalandırmaq üçün deyil, sistemin nəbzini tutmaq üçün keçirilir.
Yəni monitorinq imtahanları nə attestata düşəcək, nə də şagirdin gələcək təhsil imkanlarına təsir edəcək. Əksinə, bu imtahanlar gələcəkdə daha keyfiyyətli dərsliklərin hazırlanması, təlimin daha məqsədyönlü aparılması və ümumi təhsil strategiyasının təkmilləşdirilməsi üçün əvəzsiz məlumat mənbəyidir. Ona görə də panikaya, təzyiqə, stressə ehtiyac yoxdur. Bilik yoxlanışı deyil, sistem yoxlamasıdır”, – deyə təhsil mütəxəssisi qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!