Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimlərinin II Qurultayı baş tutub. Tezadlar.az xəbər verir ki, qurultayda azərbaycandilli məktəblərdə çalışan müəllimlərlə yanaşı, Gürcüstanın dövlət qurumlarının, diplomatik nümayəndəliklərin və təhsil sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə birinci qurultaydan keçən dövrdə görülən işlər, qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olunub. Qurultayın sədri, “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva hesabatla çıxış edib.
O, Azərbaycan dilli məktəblərdə tədrisin vəziyyəti, ikidilli təhsil sisteminin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, 2023-cü ildə keçirilmiş ilk qurultaydan sonra azərbaycandilli məktəblərin müəllimlərinin qarşılaşdığı bir sıra problemlərin həlli istiqamətində mühüm addımlar atılıb, müəyyən uğurlar qazanılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova, Gürcüstan parlamentinin Təhsil elm və gənclərlə iş üzrə komitəsinin əməkdaşı Elene Vekua, Gürcüstanın Müəllimlər Evi, Qeyri-Gürcüdilli Məktəblərə Dəstək Proqramının meneceri Nino Berikaşvili və digərləri çıxış edərək qurultayın işinə uğurlar arzulayıb və bildirib ki, bu cür tədbirlər təhsilə, gənclərin inkişafına böyük təkan verir. Daha sonra qurultay panel iclaslarla öz işini davam etdirib.