Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2025 / 15:19

Mobil rabitənin keyfiyyətini ölçən İKTA niyə nəticələri ictimaiyyətdən gizləyir?…

” …”Ölçdük, amma demirik” yanaşması nə ictimai maraqlara, nə də inkişaf iddialarına uyğun gəlir.”
***
RİNN tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mobil rabitə xidmətinin keyfiyyəti ilə bağlı əhəmiyyətli ölçmələr aparıb və nəticələri yalnız mobil operatorlara təqdim edib. İKTA ölçmələri ərazilərin əhəmiyyəti və mobil istifadəçilərin şikayətlərini nəzərə alaraq həyata keçirdiyini bildirib. İKTA-nın bu addımları mobil rabitə xidmətinin keyfiyyətinə dövlət nəzarətinin gücləndirilməsi baxımından faydalıdır.
Tezadlar.az xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Osman Gündüz məsələ ilə bağlı ortaya təbii bir sual çıxdığını – ” Niyə bu nəticələr ictimaiyyətə açıqlanmır?” , –  deyə quruma ünvanlayıb.

“Əgər internet provayderləri üzrə ən çox şikayət olunan şirkətlərin adları ictimaiyyətə təqdim olunursa, niyə mobil operatorlar üzrə belə bir şəffaflıq tətbiq edilmir? Mobil operatorlar dövlətə məxsus olan tezliklərdən istifadə edir. “Azercell” isə həm də dövlət şirkətidir.
İctimai resurs olan tezliklərdən istifadə edən mobil operatorların xidmət keyfiyyəti ilə bağlı nəticələri ictimaiyyətin bilməsi ən azı şəffaflıq və istifadəçi hüquqlarının qorunması baxımından zəruridir. Beynəlxalq təcrübədə isə ölçmə nəticələrinin ictimaiyyətlə paylaşılması normal haldır. Bu həm istifadəçilərin seçim imkanını artırır, həm də operatorlar üzərində ictimai nəzarət mexanizmi yaradır. Prezident də çıxışlarında dəfələrlə səsləndirib ki, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır.
Bəs istifadəçi daha yaxşı və daha pis mobil xidmət verəni necə müəyyən etməlidir?
Elə ərazilər var ki, orada mobil rabitə hədsiz pis vəziyyətdədir, zənglərdə, data qəbulunda qırılmalar çox olur. Əgər problemin harada və kimdə olduğunu yalnız operator biləcəksə, görəsən vətəndaş nəyə əsasən seçim etməlidir?
Düşünürəm ki, İKTA ölçmə nəticələrini ümumiləşdirilmiş şəkildə, operatorlar üzrə müqayisəli təhlillə ictimaiyyətə açıqlamalıdır. Yoxsa “ölçdük, amma demirik” yanaşması nə ictimai maraqlara, nə də inkişaf iddialarına uyğun gəlir”, – deyə Osman Gündüz vurğulayıb.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!