Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan tərəfi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190″ sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün sənədlər hazırlayır”. Tezadlar.az AzərTAC- a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. İlham Əliyev bildirib ki, hadisənin üzərindən yeddi ay keçməsinə baxmayaraq, Rusiya tərəfi bu məsələ ilə bağlı hələ də heç bir cavab verməyib: “Bizə hər şey aydındır. Nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin rus rəsmilərinin də baş verənlərdən xəbərdar olduğunu bilirik. Bəs niyə onlar hər hansı bir məsuliyyətli qonşunun atmalı olduğu addımları atmırlar?” – deyə prezident bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın tələbləri aydındır. Sitat: “Rusiya tərəfi hadisəyə görə məsuliyyəti qəbul etməli, təyyarənin vurulmasında günahkar olan şəxsləri cəzalandırmalı və həlak olanların ailələrinə, yaralılara və “Azərbaycan Hava Yolları”na kompensasiya ödəməlidir. Artıq Rusiyaya bildirmişik ki, beynəlxalq məhkəmə üçün sənədlərimizi hazırlayırıq. Bilirik ki, bu proses uzun çəkə bilər. 2014-cü ildə Ukraynada vurulan Malayziya təyyarəsinin işi 10 ildən çox çəkdi. Biz də gözləməyə hazırıq, amma ədalət bərpa olunmalıdır”.