23 İyul 2025 / 11:46

Xətai rayon Yol Polisi Şöbəsinin əməkdaşları jurnalistlərin dövlət səviyyəli bayramını zəhərə döndərdi-TƏXRİBATMI?

 

Bu səhər Milli Mətbuatımızın 150 illiyi mərasiminin dövlət səviyyəsində keçirilən məkana- “Baku Marriott Hotel Boulevar”ın qarşısına gedib müşahidələrimi apardım. AYNA rəhbərliyinə üzrxahlığımı bildirirəm ki, yanlışlıq olub, sən demə, jurnalistlərə cəriməni DİN-nin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Xətai rayon Yol Polisi Şöbəsinin inspektorları yazıb. Ona görə də sözüm DİN-nin idarə rəisi, çox hörmətli Elşad Hacıyevədir.
– Hörmətli Elşad müəllim, dünən dövlət səviyyəsində keçirilən mərasimdə Siz də iştirak edirdiniz. Bu tədbir cənab Prezidentin Sərəncamına uyğun olaraq Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilirdi. Respublikanın və bəzi xarici ölkə jurnalistlərinin, deputatlarımızın və s. iştirak etdiyi mərasimdə (belə geniş tədbirlər beş ildənbir olduğu üçün) minə yaxın media mənsubu dəvətli idi. Belə bir mərasimdən Xətai rayon Yol Polisi inspektorlarının xəbəri olmaya bilməzdi. Çünki mərasimə cənab Prezidentin köməkçisi, çox hörmətli Hikmət Hacıyev də gəlmişdi və Prezidentin jurnalistlərə təbrik məktubunu şəxsən oxudu!
Odur, Sizdən xahiş edirik, müdaxilə edin, jurnalistlərə, o cümlədən də mənə yazılmış cərimə silinsin! Təqdim etdiyim foto və videolardan da görə bilərsiniz ki, buraya, hətta bir az da görünməz yerə qoyulmuş nişan olduqca yersizdir, çünki oteldə belə təntənəli tədbirlər çox olur. Avtomobil sahibləri kimə mane ola bilər axı! Yox, əgər elədirsə, Yol Polisi məgər elə cərimə yazmaq üçündür, xəbərdarlıq edə bilməzdi, yaxud, Prezidentin xüsusi diqqət ayırdığı bu möhtəşəm gündə qonaqlara güzəşt etmək də olmazdı? Axı o nişan əsassız olaraq, hətta deyərdim ki, məqsədli şəkildə bura qoyulub, götürülməlidir! Üstəlik, fotoşəkillərdən də görünür, həmin ərazi yol deyil, qapalı ərazidir, oradan hər hansı avtomobilin əks tərəfdən, arxadan gəlməsi yoxdur!

Asif MƏRZİLİ

https://www.facebook.com/100002726276553/videos/pcb.9644737878960325/1061642219447593

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!