4 Avqust 2025 / 20:08

Kanadadan dünyaya səs: “Azərbaycan Post” artıq beynəlxalq media xəritəsindədir!

“Azərbaycan Post” qəzeti əvvəlki adı ilə “Heydərbaba” olaraq ilk dəfə 2008-ci ildə Kanadada təsis olunmuşdur. Bu nəşr, xaricdə ilk rəsmi və müntəzəm mətbu orqanı kimi fəaliyyətə başlamış və Türk dili, tarixi, mədəniyyəti və incəsənətini təbliğ etmək məqsədi ilə türk, fars və ingilis dillərində çap olunmuşdur.
Qəzetin baş redaktoru Yaşar Pourali “Təzadlar”a bunları söylədi:
– 2011-ci ildə qəzet Kanadanın Milli Etnik Mətbuat və Media Şurasına üzv qəbul olunmuş, beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) alaraq beynəlxalq nəşr sistemində rəsmi qeydiyyatdan keçmişdir. “Heydərbaba” qəzeti 2008–2019-cu illər ərzində sahibkarların reklam dəstəyi ilə aylıq nəşr olunmuş, lakin COVID-19 pandemiyasının yayılmasından sonra maliyyə səbəblərindən nəşrinə müvəqqəti fasilə verilmişdir. 2023-cü ildən etibarən qəzet yenilənmiş format və adla “Azərbaycan Post” olaraq fəaliyyətini bərpa etmişdir. Bu dəyişiklik, medianın məzmununun genişləndirilməsi və daha geniş auditoriyaya çatmaq məqsədilə həyata keçirilmişdir.
 Hazırda “Azərbaycan Post” qəzeti 32 səhifəlik aylıq nəşr formatında, 5.000 tirajla çap olunur və hər ayın üçüncü cümə axşamı Toronto, Mississauga, Scarborough, Thornhill, Richmond Hill, Aurora və Newmarket şəhərlərində oxuculara çatdırılır. Ottawa və Montreal şəhərlərində isə bir həftəlik gecikmə ilə paylanır. Qəzetin çap nüsxələri ticarət mərkəzlərindən oxucular üçün pulsuz əldə edilə bilər.
 Bundan əlavə, qəzet rəqəmsal platformalarda da fəal şəkildə fəaliyyət göstərir və sosial şəbəkələr vasitəsilə dünyanın dörd bir yanından geniş oxucu auditoriyasını cəlb etməyi bacarıb.
Rəsmi beynəlxalq qeydiyyatlar və identifikatorlar:
Yenidən təşkilatlanmadan sonra, “Azərbaycan Post” qəzeti Kanada Hökumətinə tabe olan Kanada Kitabxana və Arxivlər İdarəsi (Library and Archives Canada) tərəfindən aşağıdakı beynəlxalq standart seriya nömrələrini (ISSN) almışdır:
ISSN 2819-4047 – “Azərbaycan Post” (çap versiyası)
ISSN 2819-4055 – “Azərbaycan Post” (onlayn versiya)
Bu nömrələr qəzetin beynəlxalq məlumat bazalarında və kitabxanalarda standart şəkildə tanınmasını və qeydiyyatını təmin edir.
 Bununla yanaşı, “Azərbaycan Post” qəzeti beynəlxalq Crossref sisteminə üzv olaraq, elmi və analitik məqalələr üçün daimi rəqəmsal identifikator (DOI) əldə edir. Bu da o deməkdir ki, bu media orqanında yayımlanan məqalələr beynəlxalq elmi səviyyədə etibarlı sayılır və davamlı rəqəmsal istinadla elmi ədəbiyyatlarda istifadə oluna bilir.
 Qəzet yalnız Kanada Kitabxana və Arxivlərində deyil, eyni zamanda Azərbaycan Milli Kitabxanasında da arxivləşdirilir. Bu, rəqəmsal nüsxələrin silinmə və ya unudulma təhlükəsinin qarşısını alır və gələcək nəsillər və tədqiqatçılar üçün etibarlı mənbə kimi qorunub saxlanılmasını təmin edir.
OCLC Nömrəsi / Unikal Identifikator: 1524098019
Bu nömrə, Azerbaijan Post qazetinin OCLC (Online Computer Library Center) tərəfindən idarə olunan dünya üzrə verilənlər bazası WorldCat-da unikal qeydiyyat nömrəsidir.
Bu nömrə vasitəsilə qazetimiz birbaşa WorldCat bazasında qeydiyyata alınmış və izlənilə biləndir, həmçinin 180-dən çox ölkənin üzv olduğu beynəlxalq kitabxana şəbəkəsinin siyahısında yer alır ki, bu ölkələrdə qazetimizə asanlıqla giriş və axtarış etmək mümkündür”.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!