Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Rusiyaya qarşı sanksiya rejimi prezident Donald Trampın rəhbərlik etdiyi hazırkı Vaşinqton administrasiyası dövründə zəifləyib.
Tezadlar.az xəbər verir ki, bu fikri ABŞ Demokratik Senatorları çərşənbə axşamı dərc olunan hesabatda bildiriblər.
Konqresin yuxarı palatasının üzvləri Jinn Şahin və Elizabeth Uorren tərəfindən hazırlanan sənəddə deyilir ki, Tramp vəzifəyə gəldikdən sonra Vaşinqton “ABŞ-ın Rusiyaya qarşı təzyiqlərini dəstəkləyən və artıran əsas sanksiyaları tətbiq etməyi və ixrac nəzarətini həyata keçirməyi dərhal dayandırıb”. Qanunvericilərin fikrincə, hazırkı Respublika administrasiyası Rusiyaya qarşı “effektiv sanksiyaları dəstəkləməyə hazır olmadığını dəfələrlə nümayiş etdirib”.
Senatorlar hesab edirlər ki, Trampın dövründə ABŞ Rusiya neftinin tədarükünə əlavə məhdudiyyətlər tətbiq etmək imkanından istifadə edə bilməyib. Bundan əlavə, qanunvericilərin fikrincə, ABŞ-ın Rusiyaya qarşı sanksiya rejiminə nəzarət indiki administrasiyanın bəzi departamentlərdə, o cümlədən Dövlət Departamentində, həmçinin Xəzinədarlıq, Ticarət və Ədliyyə Departamentlərində ştatları ixtisar etməsi səbəbindən zəifləyib. “Bu, sanksiyaları və ixrac nəzarətini saxlamaq və gücləndirmək qabiliyyətimizi sarsıtmaq təhlükəsi yaradır”, – Şahin və Uorren vurğulayıblar.
Hesabatda bildirilir ki, Dövlət Departamentinin sanksiyalar siyasətini əlaqələndirən bölməsində cəmi iki əməkdaşı qalıb. Bu bölməyə rəsmi rəhbər təyin edilməyib.
İyulun əvvəlində Şahin, Uorren və Demokrat senator Kris Kuns Tramp administrasiyasının yarandığı gündən Rusiya müdafiə sənayesinə qarşı yeni sanksiyalar tətbiq etməməsi səbəbindən yoxlama aparacaqlarını bildiriblər. Hesabat bu auditin nəticələrinə əsasən hazırlanıb.
Xatırladaq ki, iyulun 14-də Tramp bəyan edib ki, Moskva və Vaşinqton 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək. İyulun 29-da Tramp bu müddəti 10 günə endirmək qərarına gəldiyini açıqlayıb. Avqustun 5-də Tramp qeyd edib ki, ABŞ yuxarıda qeyd olunan idxal rüsumlarının tətbiq edilib-edilməməsinə daha sonra qərar verəcək. Onun sözlərinə görə, ABŞ-ın gələcək addımları onun xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvada gözlənilən danışıqlarının nəticəsindən asılı olacaq.
E.ŞİRİNOV