12 Avqust 2025 / 11:07

“”Milli Məkan Məlumatları” ilə bağlı İşçi Qrupuna müstəqil ekspertlərdən və biznesdən nümayəndələr daxil edilməyib…”

“10 il bundan öncə icrasına tapşırıq verilən “Milli Məkan Məlumatları” ilə bağlı işlər nəhayət ki xeyli canlanıb”
***
Azərbaycanda dövlətə məxsus ən nəhəng informasiya resursunun hazırlanması işləri xeyli sürətlənib.10 il bundan öncə icrasına tapşırıq verilən “Milli Məkan Məlumatları” ilə bağlı işlər nəhayət ki xeyli canlanıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İşçi Qrupunun növbəti iclası keçirilib.
Tezadlar.az xəbər verir ki,  bunu  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib .
O qeyd edib ki, dövlət qurumlarında mövcud olan məkan məlumatlarının vahid sistemə – “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiyası prosesi haqqında fikir mübadiləsi aparılıb.
“Xatırladıram ki, “Milli Məkan Məlumatları” informasiya sistemi dedikdə çoxsaylı ictimai məlumatların (topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri, su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları, fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s.) inteqrasiya olunduğu bir rəqəmsal resurs nəzərdə tutulur.
Ümumiyyətlə, son zamanlar hiss olunur ki, İqtisadiyyat Nazirliyi (İN ) bu infrastrukturun əsas operatoru müəyyən olunandan sonra bu proses xeyli sürətlənib”, – deyə Osman Gündüz bildirib.
O xatırladıb ki, ötən ilin sonu bununla bağlı İN-nin tenderləri olub və iki tender üzrə bu işlərin görülməsinə 25 milyon manatdan çox vəsait ayrılıb:
“CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub.
Bir müddət öncə İN ABŞ qurumu “Environmental Systems Research Institute” ilə Milli Məkan Məlumatları sahəsində bilik mübadiləsi, bu sahədə insan resurslarının inkişafı və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə Anlaşma Memorandumu imzalayıb.
Bu layihənin əsas aparıcı təşkilatçılarından olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də ötən ay Xorvatiyada bu sahədə təcrübənin öyrənilməsi üçün nümayəndə heyəti göndərmişdi.
Keçən ay Prezident fərmanı ilə “Milli Məkan Məlumatları” informasiya sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na daxil edilib.
Xatırladıram ki, əvvəllər bir çox dövlət qurumlarının iddialı olduğu bu layihə sonda İN-ə həvalə edilib”.
Ekspert vurğulayıb ki, 2025-ci ildə yaradılmış İşçi Qrupuna  hələ də müstəqil ekspertlərdən və biznes nümayəndələrindən heç bir kəs daxil edilməyib, hansı ki, ictimai əhəmiyyətli bir layihə üçün bu olduqca vacibdir.
“İN isə cari il aidiyyəti qurumların iştirakı ilə İşçi Qrup formalaşdırıb.
Maraqlıdır ki, hələlik qrupa vətəndaş cəmiyyətindən, müstəqil ekspertlərdən və biznesdən nümayəndələr daxil edilməyib. Hansı ki, belə bir kritik informasiya resursu üçün, ictimai əhəmiyyətli bir layihə üçün bu olduqca vacibdir.
Ümid edirəm yekunda İN, CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri dövlət və biznes üçün, bütövlükdə cəmiyyət üçün əlçatan olan, faydalı bir informasiya resursu ortaya çıxara biləcəklər”, – Osman Gündüz diqqətə çatdırıb.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!