Tezliklə ABŞ və Rusiya prezidentlərinin Alyaskada görüşü baş tutacaq. Dünyanın diqqəti bu görüşdə qəbul ediləcək qərarların necə olacağındadır. Bəs gözləntilər və proqnozlar necədir? Bu və ya digər suallarla tanınmış hüquqşünas, Baş ədliyyə müşaviri, politoloq Adil Minbaşıya müraciət etdim:
– Adil müəllim salam. Necəsiniz? Sizinlə uzun müddətdir görüşə və oxucularımızı maraqlandıran siyasi proseslər ətrafında söhbət edə bilmirik. Bunun səbəbi nədir?
– “Necəsiniz” sualı protokol norması olarak ritorik qaydada veriləndə cavabı da eyni qaydada “yaxşıyam” olur. Sual yaxın dostlarımızdan, yaşıdlarımızdan olanda isə “ köçüb gedənlərlə müqayisədə yaxşıyıq” cavabı daha təsəlliverici olur. Hər halda yaş və səhhət daha çox rahatlıq və dinclik tələb edir. Siyasi söhbətlərə gəldikdə isə, yaşadığımız tarixi dövrün mürəkkəbliyi ucbatından mən də həvəskar “ siyasətçi” olmuşam. Maşallah, indi yeni nəsl peşəkar siyasətçilərimiz və siyasi şərhçlərimiz yetişib. Meydan onlarındır. Təqaüdçü olduğunla hər sahədə barışmalısan. Elə deyilmi?
– Uzun illərdir oxuculatımız siyasi mövzularda Sizin maraqlı söhbət, şərh və proqnozlarınızı izləyiblər, onlar üçün sıyasi proseslərə Sizin yanaşmanız həmişə maraqlıdır…
– Görüş üçün vaxt ayırmışıqsa və söhbət ediriksə, Sizin suallarınızı öz baxış bucağımdan cavablandırmağa çalışaram.
– Dünyada gedən siyasi proseslər içərisində son günlər bütün gündəmi zəbt edən iki məsələ dayanır- Azərbaycan və Ermənistan arasındakı sülh sazişi razılaşması. Bu tədbir artıq bitmiş olsa da dünya dövlətləri tərəfindən böyük geosiyasi hadisə kimi hələ də aktual müzakirə mövzusu olaraq qalır. Xüsusilə ABŞ administrasiyası bunu Amerikanın sülhyaradıcı missiyası və şəxsən prezident Trampın böyük qələbəsi kim çox yüksək qiymətləndirirlər. Digər aktual məsələ isə Rusiya-Ukrayna müharibəsinin gedişatı və avqustun 15 -də gözlənilən Tramp- Putin görüşü, onün mümkün nəticələridir. Bu hadisələrə münasibətiniz və gözləntiləriniz nədir, Tramp bu görüşdə də sülh sazişinin bağlanmasına nail ola biləcəkmi?
– Bu iki məsələnin mahiyyəti eyni olsa da danışıqlara qədərki şərtlər müqayisə olunmayacaq dərəcədə fərqlidir və nəticələri də fərqli olacaq…
– Maraqlıdır, nəticəyə bu qədər ciddi təsir edəcək fərqlər nədən ibarətdir?
– Azərbaycan- Ermənistan razılaşmasının taleyi 44 günlük müharıbədəki tarixi qələbəmizlə həll edilmişdı. Məsələnin yekun həlli yalnız vaxt və texniki şərtlərə bağlı idi. Doğrudur, sülh danşıqlarının bir növ ABŞ bayrağı altında keçirilməsi gələcəkdə bəzi problemlərin həllində müsbət rol oynaya bilər və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ABŞ səfəri qarşılıqlı iqtisadi və siyası əlaqələrin möhkəmləndirilməsi baxımından xeyli uğurlu oldu. Amma sülh razılaşması ilə bağlı nəticənin alınmasında hər kəsin əməyini və xidmətlərini obyektiv qiymətləndirsək, deməliyəm ki, Donald Trampın xidməti simvolik xarakter daşıyır. Memorandumun orjinal mətnin də əks olunduğu kimi, o, sənədin imzalanmasında yalnız şahid qismində iştrak etmişdir.
– Bəs bu nəticənin alınması əsasən kimin xidmətidir?

– Rusiya, İran və Ermənistandakı bəzi dairələr istisna olmaqla, dünyanın bütün ölkələrindən ən yüksək səviyyələrdə müsbət rəylər səsləndirilir. Bu rəylərlə tanış olarkən dəqiq və obyektivliyinə görə biri diqqətimi daha çox cəlb etdi. ABŞ Hudson İnstitunun analitiki, professor Doran ayrı-ayrılıqda əməyi olan hər kəsin xidmətlərini qeyd edir. Təbii ki, Trampın uğurunu (əslində bu nəticənin əldə edilməsi şəxsən Tramın özü üçün böyük göstəricidir) qeyd edir. O, eləcə də Cənab Ərdoğanın uznmüddətli xarici siyasətinin, Azərbaycana göstərdiyi hərbi yardımların və siyasi dəstəyin danılmaz əhəmiyyətini xüsusi qeyd edir. Hətta Paşinyanın yaranmış vəziyyəti düzgün qiymətləndirməsini, bu razılaşmaya qarşı olan xarici və daxili qüvvələrin müqavimətini qirmasını, əzmkarlığını qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında isə bunları deyir: “ …düşünürəm ki, o, dövrümüzün böyük geostrateji mütəfəkkirlərindən biridi. Nisbətən kişik bir ölkədə fəaliyyət ğöstərdiyi üçün layiq olduğu qədər tam qiymətləndirilmir…Amma son nəticədə bütün bunların memarı odur”. Bu qiymətləndirməyə əlavə ediləcək heç nə qalmır. Sadəcə, bu nəticəyə keçdiyimiz ağir günləri yaşamış azərbaycanlı kimi baxdıqda- Sovet rejimindən yenicə xilas olmuş və siyasi cəhətdən təklənmiş, dövlət quruculuğunda ilk kövrək addımlarını atan, bütün iqtisadiyyatı dağılmış, ordusu formalaşmamış, torpaqlarının 20 faizi işğal olunmuş, milyon evsiz-eşiksiz qaçqın və köçkünlərin ölkəyə səpələndiyi, iqtisadiyyatı çökmüş yoxsul bir məmləkətdən bu gmünümüzə- regionun ən güclü dövlətinə çevrilmiş, güclü iqtisadiyyat və güclü orduya sahib olmaqla 44 günlük savaşda hərb tarixinə qızıl hərflərlə yazılacaq zəfərlə düşmənə və onun himayədarlarına diz çökdürmək, onları barışıq sazişinə məcbur etmək və bu sazişin dünyanın hegemon dövləti olan Amerika Birləşmiş Ştatlarına dəvət olunmaqla orada imzalanmasının dəyəri ölçüyə gəlməz və misilsizdir. Professor Doronun dediyi kimi: “…bütün bunların memarı odur”- Ali Baş Komandan İlham Əliyev cənabları!
– Adil müəllim, tamamilə haqlısınız və sizin söylədiklərinizə də əlavə ediləcək heç nə qalmır. Amma mövzu ətrafında qoyduğumuz digər sualları da cavablandırmalısınız…
– Sizin digər suallarınız Alyaskada Donald Trampla Vladimir Putin arasında baş tutacaq danışıqlarla bağlı idi. Mən hələlik bu mövzunu geniş şərh etmək istəmirəm, ona görə ki, bu görüşün nəticəsindən çox onun sadəcə təyin olunması və baş tutması belə o dərəcədə mürəkkəb və gizli mətləbləri ehtiva edir ki, bu barədə qısa dannışmaq oxucuya heç bir mətləbi anlatmayacaq. Bu Aysberqin suyun üzərində görünən kiçik hissəsi barədə danışmaq kimidir. Tezis olaraq bunları yadda saxlasaq kifayətdir, istəsəniz sonra detallı açıqlaya bilərəm – bu görüşün barışıq razılaşması ilə nəticələnməsi qeyri-mümkündür. Bunu tərəflərin hər ikisi bilir. Əslində, görüşün təşkil olunması başqa məqsədlər daşıyır və orada əsasən başqa mövzular müzakirə olunacaq. “ Sülh danışıqları” adı altında təşkil olunan görüşdə sülhlə bağlı heç bir ciddi nəticə əldə olunmayacaq. Təbii ki, görüşdən sonra Tramp görüşün niyə təşkil olunması sualına haqq qazandırmaq üçün ənənəvi qaydada şişirdilmiş, əsli olmayan versiyalar söyləyəcək, Dünyadan təcrid olunmuş, İran və Şimali Koreya kimi ölkələrə getməkdən başqa seçimi olmayan Putin isə ölkə daxilində imicini nisbətən də olsa bərpa etmək imkanı yaradacaq. “Solovyov”lar, “Simonyan”lar təbliğatlarını bu motiv üzərində quracaqlar ki, dünyanın iki hegemon dövlətinin prezidentləri “bərabər səviyyəli” müzakirələr apardılar və Putin öz mövqeyini sərt və qəti şəkildə qoydu və s. Yəni, onunla hələ də hesablaşırlar.
Trampın imici üçün isə bu görüşün təşkili və Putinlə görüşməyin özü çox ciddi zərbədir və onun üçün ağır nəticələrə səbəb olacağı istisna deyil. Əgər ölkə daxilində siyasi imicini yüksəltmək xatirinə bu görüşün xahişçisi Putin idisə, görüşdə Tramp senat, konqres və rəqibləri qarşısında əməlinə haqq qazandırmaq naminə görüntü olaraq formal- müvəqqəti atəşkəs, hava hücumlarına məhdudiyyət qoyulması kimi azacıq razılığa gəlmək üçün Putinə yalvaracaq… Gəlin tələsməyək, görüş olsun, bitsin… Sonra mən sizinlə təkrar görüşməyə və suallarınızı cavablandırmağa hazıram…
-Eksklüziv müsahibə üçün təşəkkür edirəm.
Asif MƏRZİLİ