“Klubumuz daha bir futbolçunun transferini reallaşdırıb: Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub. Klubumuzla 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək”.
Tezadlar.az xatırladır ki, bu sözlər “Qarabağ” FK- nin rəhbərliyinin sosial media hesabında ifadə edilir. Məlumatda o da deyilir ki, Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Qeyd edək ki, “Qarabağ” bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.
Xatırladırıq ki, “Qarabağ”ın bu gün saat 20:45- də Bakıda keçirəcəyi oyunu komandanın tarixinə yazılacaq ən məsul imtahan olacaq! “Qarabağ” – “Ferensvaroş” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Komandamıza uğurlar arzulayırıq!
A.Məmmədli