27 Avqust 2025 / 13:25

Qax alban kilsəsi: tariximizə sahib çıxmasaq…-FOTOLAR-VİDEO

Bu günlərdə “Təzadlar” komandası olaraq Şəki- Qax magistral avtomobil yolunun sağında- hündür dağların döşündə, meşəlik ərazidə yolçuların diqqətini kənardan cəlb edən kilsəni yaxından görmək və bu tarixi abidə barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmaq qərarına gəldik. Əvvəlcədən onu da deyim ki, bu tarixi abidəyə gedən yol və səmt barədə magistral yolun kənarında heç bir məlumat lövhəsi yoxdur. Görəsən niyə?  Turistlər və ya Azərbaycan yolçuları yalnız kənardan dağın zirvəsində belə bir abidənin olduğunu görüb şəxsi marağı ilə kilsəyə doğru yol axtarmaq qərarına gəlməli olurlar. Özü də tarixini bilmədən…

***

Elə biz də ərazidə yaşayanlardan məbədə gedən yolun haradan başlandığını öyrənirik. Təxminən 1 km- lik yol dağın sinəsi ilə kilsəyə doğru uzanır. Meşə ərazisindən keçən yol isı olduqca dar və bəzi yerlərdə keçilməsi çox təhlükəlidir. Yəni, bu yoxuşlu və uçurumlu yolu piyada, yaxud adi avtomobillə getmək mümkünsüzdür. Xüsusən də yağmurlu, çiskinli havalarda. Əsasən, “NİVA”a tipli və ya “CİP” avtomobilləri ilə bu çətin yolu getmək olar. Lakin burda da bir ciddi problem var. Əgər kimsə bu yolu qeyd etdiyimiz avtomobillərlə gedərsə və birdən qarşıdan- kilsə tərəfdən üzü aşağı avtomobil gələrsə, həmin dar və sıldırımlı yolda bir- birinə yol verilməsi qeyri- mümkündür. Çünki, qeyd etdiyimiz kimi, yol hər tərəfdən meşə ağacları ilə əhatələnib və aşağıya doğru sərt sıldırım mövcuddur. Adi bir səhlənkarlıq faciə ilə nəticələnə bilər…

XXX

Beləliklə, məbədə doğru piyada getməli oluruq…  Bu da qədim kilsə. Təəssüf ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu tarixi abidənin sahibsizliyi burada da diqqəti cəlb edir. Yəni, əgər kilsəyə gedən yol normal olarsa və ilin istənilən iqlim şəraitində keçilən olarsa, ən vacibi, kilsədə turistlərə bilgi verən kimsə olarsa, buraya turist axını yetərincə olar. Və məbədin daxilində həm də bölgənin tarixini əks etdirən mədəniyyət nümunələri, eksponatlar olarsa, pullu ziyarətdən daxil olan vəsaitlə oranın baxımsızlığı aradan qalxar, abidəyə nəzarət edilər, təmizliyə riayət olunar və s. Nəticədə, kilsə ziyarətçiləri Azərbaycanın keçmiş tarixinin bir parçası olan bu məbədin sayəsində əlavə bilgiyə və tarixi məlumatlara malik olarlar.

Tarixi abidəyə nəzarət yoxdur…

Onu da diqqətə çatdıraq ki, kilsə ərazisində ziyarətçiləri ətraflı məlumatlandıran lövhəyə rast gəlmədik… Bu bir yana, həm də bu tarixi abidəyə adi nəzarət belə yoxdur. Yalnız burada ziyarətçilərdən savayı bir yerli qadına rast gəldik(videokadrlarda görüntülənib). Hiss olunurdu ki, ziyarətçilərdən ianə almaq məqsədi ilə buradadır, özünü guya şəhid ailəsi kimi təqdim etdi, amma kameramızı görəndə çəkindi, onu göstərməməyimiz üçün kənara durdu, özünü gizlətməyə çalışdı. Sonra həmsöhbət olanda isə bildirdi ki, guya o, kilsənin təmizliyinə nəzarət edir və s. Amma təəssüflər olsun, kilsənin ətrafında isə hər cürə tullantılara rast gəlmək mümkün idi- su butulkalarından tutmuş, sellofan kisələrədək, hər şey var idi. Tariximizə belə laqeydlik yolverilməzdir!

Kilsənin içərisində isə xristian dininə sitayiş edənlər tərəfindən şamların yandırıldığının şahidi olduq. Görünür, bizdən əvvəlki ziyarətçilər tərəfindən yandırılmışdı… Kilsənin ətrafında isə niyyət  tutub arzu edənlər tərəfindən ağac budaqlarına bağlanmış çoxsaylı rəngli lentlərə də rast gəlmək mümkün idi. Mədəniyyət və Turizm Nazirliyinin saytında kilsə haqqında hər hansı məlumata rast gəlmədik. Sosial media resurslarında isə bu qədim kilsənin tarixinə dair anlaşılmaz məlumatlara rast gəldik. Vikipediyadakı məlumatdan belə çıxırdı ki, guya barəsində söhbət açdığımız kilsə, yəni Kürmük məbədi– Müqəddəs Georgi Kilsəsi adını daşıyır, “…Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir” və s. Yəni, kimlərsə bu qədim Alban kilsəsini gürcüləşdirmək istəyir!

Tarixçi alim, Professor Qafar Cəbiyevə bu kilsənin əsl tarixi ilə bağlı suallarımızı ünvanladıq. Professor “Təzadlar”ın suallarına dair hazırladığı bu məqaləsini göndərdi. Aşağıda “SELENA-AY MƏBƏDİNİN LOKALİZƏSİNƏ DAİR” məqaləni olduğu kimi təqdim edirik:

-…Antik Albaniyanın etnik palitrasında olduğu kimi, əhalisinin dini etiqad və baxışlarında da rəngarənglik hökm sürməkdə idi. Müxtəlif dillərdə danışan insanlar bir sıra hallarda həm də müxtəlif dinlərə sitayiş edirdi. Ölkədə çoxallahlığa qarşı hamıdan əvvəl Əhəməni imperiyası çıxdı. Başqa sözlə, Əhəmənilər öz ərazilərində hökmran olan zərdüştliyi tədricən Albaniya ərazisində də yaymağa başladılar. Əhəmənilərin bu kursunu sonralar Sasanilər də davam etdirdilər. Amma zərdüştlik Albaniyanın heç də hər yerində yayılmadı. Buna mane olan bir tərəfdən Albaniyada xristianlığın IV əsrdən etibarən rəsmən dövlət dini elan olunması idisə, digər tərəfdən əhalinin ibtidai dinlərə inamının hələ də güclü olması idi.

Antik mənbələrin məlumatlarına görə, albanlar Zevs, Helios və Selenaya sitayiş edirdilər. Strabon yazırdı ki, “onlar (yəni, albanlar – Q.C.) tanrılardan Helios, Zevs və Selenaya, xüsusən də məbədi İberiya yaxınlığında yerləşən Selenaya sitayiş edirlər”. Xatırladaq ki, albanların Selenaya – Ay ilahəsi şərəfinə tikilmiş məbədə sitayiş etmələrinə dair məlumatlara digər yazılı qaynaqlarda da rast gəlinir. Bu məsələ ilə bağlı demək olar ki, alternativ fikir yox dərəcəsindədir. Elm üçün qaranlıq qalan və tədqiqatçılar arasında müəyyən qədər fikir ayrılığı doğuran isə Ay məbədinin lokalizəsi məsələsidir. Məsələn, İ.Şopen və Strabon Selena – Ay məbədinin İberiya ilə qonşuluqda, daha doğrusu, İori və Alazan çaylarının Kürə

qovuşduğu ərazidə oldu­ğu­nu ehtimal edir. A.İ.Boltunova hər hansı konk­ret bir kordinat göstər­mədən Selenanın Alba­niyanın qərbində oldu­ğunu yazır. A.E.Krım­ski isə Sele­n­anın Şəki ərazisində ol­du­ğu­nu güman edir. Xatırladaq ki, bu ehtimal K.V.Trever tərəfindən də nəzərdən keçirilib.

Göründüyü kimi, A.E.Krımski istisna olunmaqla digər müəlliflərin Selenanın təqribi kordinatları barədə ehtimalları bir-birinə çox yaxındır. Məbədin yerini bilmədikləri halda müxtəlif müəlliflərin oxşar mülahizələr söyləməsi təbiidir ki, onların hamısının eyni mənbədən bəhrələnmələri ehtimalına gəlir. Başqa sözlə, bütün sonrakı müəlliflər bu halda sadəcə Strabona istinad etmişlər.

qafar-4

Bəli, Strabondan başlayaraq bu günədək Selena – Ay məbədi barədə çox yazıblar. Müxtəlif tarixi dövrlərdə yaşayan həmin müəlliflərin də demək olar ki, əksəriyyəti heç bir konkret məbəd adı çəkmədən sadəcə eşitdiklərini və ya oxuduqlarını təkrar etməklə kifayətlənmişlər. Zatən biz də bizə qədər yazılanları təkrarən dilə gətirdik. Məgər bundan artıq nə isə demək imkanları yoxdurmu? Gəlin, məsələni bir qədər konkretləşdirməyə cəhd edək. Elə isə əvvəlcə Albaniyadakı məbədlərin coğrafiyasına nəzər salaq: Girdiman məbədi, Kilsədağ məbədi, Kiş məbədi, Gənzəsar məbədi, Aquen məbədi, Kürmük məbədi, Qum məbədi, Ləkit məbədi, Zaqatala rayonunun Pipan ərazisindəki məbəd qalıqları və s. Baxın, alban məbədləri demək olar ki, ölkənin bütün regionlarını əhatə edib. Təbiidir ki, Selena bu məbədlərdən biri ola bilər. Elə isə sadalanan məbədlərdən məhz hansının Selena olmaq ehtimalı daha çoxdur. Əlbəttə, bu halda daha çox Albaniyanın qərb və şimal-qərb bölgələrindəki, özü də “İberiya yaxınlığında yerləşən” məbədlər üzərində dayanmaq daha məqsədəuyğundur. Bu halda ən əvvəl istər-istəməz Qax, Zaqatala və Balakən rayonları ərazisindəki alban məbədləri barədə düşünməli oluruq. Ona görə ki, həmin məbədlər həm də Alazan və İori çayları hövzəsinə nisbətən daha yaxın ərazidə yerləşir. Hansı ki, Selenanın lokalizəsindən bu və ya digər formada bəhs edən müəlliflər də onun məhz həmin çayların Kürə qovuşduğu ərazidə olduğunu ehtimal edirlər.

Təbiidir ki, Selena – Ay məbədi xronoloji baxımdan xristianlıqdan əvvəlki dövrə aiddir. Deməli, məntiqi baxımdan həmin məbəd çoxsaylı digər xristian məbədlərindən fərqli olaraq xristian olmayan insanlar üçün də sitayiş yeri ola bilərdi. Bu əlamətləri baxımından Qax rayonu ərazisindəki Kürmük məbədi daha çox diqqət çəkir. Birincisi, ona görə ki, Kürmük məbədi xristianlığın qəbulundan çox-çox əvvəl də insanların sitayiş yeri olub. İnsanlar min illərdir ki, oradakı Qara daşı müqəddəs bilərək ziyarət edirlər. Görünür, əvvəlcə xristian dini missionerləri, daha sonra isə Alban katalikosu və yepiskopları xristianlığın tez və asan yayılmasını təmin etmək məqsədilə sonralar orada xristian məbədi ucaldıblar.

Əfsuslar olsun ki, bu günədək Kürmük məbədi ilə bağlı tarixçilər, arxeoloqlar, memarlar və din  tarixi ilə  məşğul olan mütəxəssislər tərəfindən  demək olar ki, heç bir araşdırma aparılmamışdır. Hətta Albaniyanın antik və ilk orta əsr memarlıq abidələrindən bəhs edən fundamental əsərlərin müəllifləri də Kürmük məbədini büsbütün unutmuşlar.

Maraqlıdır ki, Kürmük məbədi yuxarıda sadalanan alban məbədləri içərisində yeganə məbəddir ki, insanlar bu gün də dini inanclarını reallaşdırmaq məqsədilə oranı ziyarət edirlər. Kürmük məbədi yeganə alban məbədidir ki, adamlar arzu və niyyətlərinə qovuşmaq üçün nəzir edərək ildə iki dəfə may və noyabr aylarında oraya gəlir, Qara daş üzərində şam yandırır və qurban kəsirlər. Diqqəti cəlb edən məqamlardan birisi budur ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Qax və ətraf rayonlardan, habelə, Gürcüstandan olan çoxsaylı insanlar hər il Kürmük məbədini ziyarət edirlər. Ziyarətçilər arasında azərbaycanlılarla yanaşı, gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar, bir sözlə, bölgədə yaşayan bütün etnosların nümayəndələrini görmək olar.

Albaniyada kahinlər “böyük və əhalisi sıx olan müqəddəs vilayətlərə başçılıq edir, həm də məbədin qullarını işlədirdi”.  Məlum olduğu kimi, antik dövrdə Albaniyada kahin vəzifəsini hökmdardan sonra ən hörmətli adam yerinə yetirirdi. Kahinlər geniş torpaq sahələrinə malik olmaqla bərabər, həm də məbədə məxsus qullara da nəzarət edirdilər. Tanrılara, daha doğrusu Selenaya – Ay tanrısına qurbanvermə mərasimlərinə nəzarət və rəhbərlik də kahinlərin vəzifə və funksiyasına aid idi.

Qurban kəsmə mərasimində əsasən heyvan kəsirdilər. Bununla belə, qullardan da qurban məqsədi ilə istifadə olunduğu bildirilir. Bir daha təkrar edirik, Azərbaycanın şimal-qərb bölgəsində bu günədək mövcud olan qədim Alban mədədlərindən yalnız Kürmük məbədi etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar tərəfindən ziyarət edilir. Fərqli dinlərin və fərqli etnosların təmsilçiləri tərəfindən Kürmük məbədində dini ayinlərin icrasında da demək olar ki, fərqlər hiss olunmur. Yəni, oraya ziyarətə gələn hər kəsin öz  niyyəti var. İnsanlar müxtəlif olduğu kimi, onların niyyətləri də müxtəlif olur. Məsələn, xəstəsi olanlar şəfa, övladı olmayanlar övlad niyyət edir, bu məqsədlə Qara daşın yanında qurbanlar kəsir. Maraqlıdır ki, həm müsəlmanlar, həm də xristianlar qurban olaraq ya xoruz, ya da qoç kəsirlər.

S.P.Boriskovskinin və bir sıra başqa tədqiqatçıların fikrincə ibtidai dönəmdə Selenanın (Artemid), yəni Ay ilahəsinin “nəsil artımı”, “uşaq qidalandıran”, “gəncləri sevən və yaşadan” kimi epitetləri də olub. Hesab edirik ki, Albaniyanın antik dövr abidələrindən tapılmış gildən hazırlanmış çoxsaylı qadın fiqurları da məhz Ay ilahəsinə sitayişin məhsulu olaraq meydana gəlmışdir. Həmin heykəlciklərin hamısının baş hissəsinin qırılması isə fikrimizcə xristianlığın vahid din olaraq yayılması zəminində baş vermişdir. Bütün bu xüsusiyyətləri Kürmük məbədinin İslamdan və xristianlıqdan çox-çox əvvələ aid bir etiqad yeri olduğundan xəbər verir. Əslində, məbədə aid ilkin bünövrə qalıqları və ətrafa səpələnmiş divar parçaları da bu cür düşünməyə əsas verir. Söhbət təqribən eramızın əvvəllərində “Qara daş” üstündə yonulmuş çay daşı və kirəc məhlulundan istifadə olunmaqla inşa olunmuş ilkin Alban məbədinin  qalıqlarından gedir. Hansı ki, həmin yerdə Kürmük xristian məbədindən daha öncə ən azı bir neçə əsr fəaliyyətdə olmuş məhz Selena-Ay məbədi region əhalisinin sitayiş yeri olub.

***

Xatırladaq ki, divarları bişmiş kərpicdən hörülən və bəzi insanların hələ də Kürmük məbədi olaraq təqdim etdiyi kilsə binası isə XIX əsrdə Çar Rusiyasının himayəsi ilə tikilib və onun nə Ay məbədi, nə də oradakı ilkin Alban xristian məbədi ilə heç bir əlaqəsi  yoxdur.

Məlum olduğu kimi, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra müqəddəs yerlərin ziyarətinə də tədricən rəsmi və ya qeyri-rəsmi qaydada qadağalar tətbiq olunub. Məhz həmin dövrdə Kürmük məbədi də çar çinovnikləri tərəfindən dağıdılaraq onun yanında bişmiş kərpicdən xristian kilsəsi tikilib. Xoşbəxtlikdən Kürmük məbədinin eramızın əvvəllərinə aid bünövrə qalıqları və oradan ətrafa səpələnmiş divar parçaları çox qiymətli tarixi dəlil-sübut kimi bu günədək qalmaqdadır. Bir daha bildirmək istərdik ki, XIX əsrdə Qara daş yaxınlığında qırmızı kərpicdən gürcü memarlığı üslubunda inşa olunmuş kilsə binasının Selenaya-Ay məbədinə və ya eramızın əvvəllərində orada inşa edilmiş erkən Alban məbədlərindən olan Kürmük məbədinə heç bir aidiyyəti  yoxdur. Sirr deyildir ki, Alban məbədinin yerində sonradan gürcü kilsənin tikintisində əsas məqsəd velikorus şovinizminin ideologiyasına uyğun olaraq milli ucqarlarda yaşayan xalqları, xüsusən də müsəlman əhalini tarixən formalaşmış olan milli-mənəvi dəyərlər sistemindən məhrum etməklə onları asimliyasiyaya məruz qoymaq idi.

Kürmük məbədi regionda ziyarətçilərin etnik və dini tərkibinin rəngarəngliyi və kütləviliyi baxımından analoqu olmayan bir abidədir…  

Xoşbəxtlikdən, 1990-2003-cü illərdə bölgədəki xidməti fəaliyyətimlə bağlı on ildən çox bir müddət ərzində hər il may və noyabr aylarında Kürmük məbədini ziyarət mərasimini izləmək imkanım olub. Bu, həqiqətən olduqca kütləvi bir mərasimdir. İki gün ərzində oraya təkcə Qax, Zaqatala, Balakən, Şəki və digər rayonlardan deyil, qonşu Gürcüstandan bəlkə də on minlərlə insan gəlir. Özü də hamı bayramsayağı bir əhval-ruhiyyədə olur.

Selena – Ay məbədinin yerində Kürmük xristian məbədinin tikilməsi və ətraf ərazilərin əhalisinin sitayiş obyekti olan qadın bütlərinin kütləvi şəkildə sındırılması da məhz xristianlığın rəsmi dövlət dini olaraq  qəbulu və yayılması ilə izah olunmalıdır. Əvvəllər, adətən hər il may ayının ikinci, noyabr  ayının isə sonuncu bazar günü Kürmükobanı (Qax və ətraf rayonların əhalisi Kürmük məbədini məhz bu cür adlandırırlar) ziyarət edirdilər. Diqqəti cəlb edən odur ki, son illər gürcü keşişlərinin təhriki ilə ziyarət günlərinin vaxtı bir qədər də konkretləşdirilib. Artıq neçə illərdir ki, may ayının 6-sı və noyabr ayının 23-ü həm Azərbaycan, həm də Gürcü icması tərəfindən Kürmük  məbədinin ziyarət günü kimi qeyd olunur. Həmin günlər Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən Tiblisi və Batumidən Qaxa çoxsaylı insanlar gəlir. Gələnlərin də əksəriyyəti keşişlər və rəsmi dövlət adamlarıdır. Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayən­də­­ləri  Kürmükoba ziyarətinin təşkilində xüsusi fəallıq göstərirlər.

Yuxarıda deyilənləri ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, qədim albanların sitayiş etdiyi, Strabonun da İberiya yaxınlığında olduğunu bildirdiyi Selena – Ay məbədi məhz Kürmük məbədidir. Bu məbəd min illərdir ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq regionda yaşayan bütün insanların ümumi inanc yeridir.

XIX əsrdən başlayaraq Çar Rusiyasının Qafqazda yeritdiyi şovinist və millətçi siyasətin nəticəsi olaraq Kürmük məbədinin bir xristian abidəsi olduğu istiqamətində fəal iş aparılmışdır. Gürcü kilsəsinin demək olar ki, bütün resursları bu işə cəlb olunmuşdur. Bir daha təkrar edirik, bəli, qədim albanların vaxtı ilə Qara daş üzərində çay daşı və əhəng məhlulundan istifadə olunmaqla inşa etmiş olduqları Selena XIX əsrdə məhz Çar hökumətinin tapşırıqları əsasında dağıdılaraq, onun yanında gürcü kilsəsi inşa edilmişdir. Amma bu da heç nəyin dəyişməmişdir. Yəni, əvvəllər region əhalisinin həmin ocağa münasibəti necə idisə, indi də məhz o cürdür. Deməli, kimlərinsə Kürmük məbədinin sırf xristian abidəsi kimi görmək arzusu reallaşa bilmədi. Kürmük məbədi İslamdan və Xristianlıqdan çox-çox əvvəl olduğu kimi sonralar da, yəni əvvəlcə Xristianlığın, daha sonra isə İslamın rəsmi dövlət dini olduğu dövrlərdə də, lap elə Çar Rusiyası və Sovet imperiyası tərəfindən milli-mənəvi dəyərlərə qarşı təzyiq və represiyaların tüğyan etdiyi dövrdə də ulu babalarımız olan albanların müqəddəs bilərək etiqad etdiyi, ziyarət etdiyi, nəzir-niyaz deyib üstündə qurbanlar kəsdiyi müqəddəs bir inanc yerimizdir.

Onun mahiyyətini, mənsubiyyətini və təyinatını dəyişmək istiqamətində atılmış addımlar hər zaman uğursuzluqla nəticələnib. İstərdik ki,  bundan sonra da insanlar oranı ancaq və ancaq xoş niyyətlərlə ziyarətə gəlsinlər. O müqəddəs ocağı ziyarət pərdəsi altında səpilən etnik və dini təfriqə toxumları, separatizm toxumları əgər ötən 2000 il ərzində göyərməyibsə, deməli bundan sonra da göyərə bilməz…

***

Bəli, tariximizə sahib çıxmasaq bu tarix və mədəniyyət nümunələrimiz, tarixi sərvətlərimiz onu saxtalaşdırmağa çalışanların qurbanı olacaq…

Asif MƏRZİLİ,

(Bakı-Qax-Bakı) 

https://www.youtube.com/watch?v=xrW8zqPYGFM

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!