Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistan ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, sentyabrda Rusiya neftinin alışını artırmağa hazırdır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların proqnozuna görə, Hindistanın neft emalı zavodları avqust ayı ilə müqayisədə sentyabrda Rusiya neftinin alışını 10-20% və ya gündəlik 150-300 min barel artıracaq. Avqustun ilk 20 günündə Hindistan gündəlik 1,5 milyon barel Rusiya nefti idxal edib ki, bu da iyul ayı ilə eynidir. Bu həcmlər qlobal tədarükün təxminən 1,5%-ni təşkil edir. Onlar Hindistanı Rusiya neftinin ən böyük alıcısına çevirir və ölkənin ehtiyaclarını təxminən 40 faiz ödəyir.
Mənbələr “Reuters” agentliyinə bildiriblər ki, “Rusiya nefti Hindistanın bu xammalın alışının əsas hissəsi olaraq qalacaq”. – “ABŞ-ın tariflərinin artırılmasına və Aİ-nin qiymət məhdudiyyətlərinə baxmayaraq, Hindistan ucuz rus karbohidrogenlərinin tədarükündən faydalanaraq Rusiyadan neftə arxalanmağa davam edir”.
Bundan əvvəl Hindistanın Rusiyadakı səfiri Vinay Kumar TASS-a bildirib ki, Hindistan fayda götürdüyü yerdən neft alacaq və ABŞ-ın rüsumlarla bağlı qərarı ədalətsiz və əsassızdır.
Xatırladaq ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar Hindistana 25% əlavə rüsum tətbiq edib. Vaşinqtonun Hindistan mallarına 25% rüsum tətbiq etmək barədə əvvəllər verdiyi qərar nəzərə alınaraq, respublikanın ABŞ-a idxalına qoyulan rüsumlar 50%-ə qaldırılıb. ABŞ prezidenti Donald Tramp Hindistanı “hərbi texnikasının çox hissəsini həmişə Rusiyadan aldığına” və “Çinlə birlikdə Rusiyanın enerji resurslarının ən böyük alıcısı” olduğuna görə tənqid edib.
Hindistan Xarici İşlər Nazirliyi ABŞ və Aİ-nin Rusiya neftinin idxalı ilə bağlı hücumlarını əsassız adlandırıb. Qərb ölkələri əvvəllər belə ticarəti təşviq etmişdilər və özləri də Rusiyadan mal və xidmətlər almağa davam edirlər. Hindistan Xarici İşlər Nazirliyi vurğulaylb ki, “ABŞ-ın bir sıra digər ölkələrin də öz milli maraqlarına uyğun olaraq həyata keçirdiyi hərəkətlərə görə Hindistana əlavə rüsumlar tətbiq etmək qərarına gəlməsi son dərəcə təəssüf doğurur”. Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək, – Cənubi Asiya Respublikasının Xarici İşlər Nazirliyi bildirib.
E.ŞİRİNOV