5 Sentyabr 2025 / 12:45

Rəssam Sevinc Əhmədova: “Bir gün o qapıları aça biləcəyik!” FOTOLAR

Sentyabrın 3-də Hüseyn Cavidin Ev Muzeyinin, Yasamal rayonu Heydər Əliyev Mərkəzinin, Beynəlxalq Qalereyanın və Ankara Rüzgarı Dərnəyinin birgə təşkilatçılığı ilə  “Bir millət, iki dövlət” adlı rəsm sərgisi keçirildi.

TEZADLAR.AZ  xəbər verir ki, sərgi 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərlərinin – Nuru Paşanın rəhbərliyi altında Bakının bolşevik-daşnak işğalından azad edilməsi münasibətilə təşkil olunmuşdu.

Sərgidə azərbaycanlı rəssamlarla yanaşı Türkiyədən gəlmiş “Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği”nin rəhbəri  Hatice Erdi, Salma Akyüz, Mücella Ersoy, Remziye Kurttürk,  layihə rəhbəri Aygün Əzizova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova,  Hüseyn Cavidin Ev Muzeyinin direktoru Validə Həsənova, media nümayəndələri və digər qonaqlar da iştirak edirdilər.

Tədbirdə rəssamların bir-birindən maraqlı rəsm əsərləri nümayiş olundu və sonda iştirakçılar diplomlarla təltif edildilər.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  (ADRA) 4-cü kurs tələbəsi (ikinci təhsil), istedadlı rəssam Sevinc Əhmədovanın Qərbi Azərbaycan mövzusunda çəkdiyi “İrəvana qayıdış” əsəri xüsusilə diqqət çəkən rəsmlərdən idi.

Tabloda tarixi Azərbaycan şəhəri olan qədim İrəvan və Qərbi Azərbaycana məxsus geyimlərimizdə ana və yanında qız uşağı təsvir edilmişdi. Al-əlvan libasda və gözlərində böyük ümid olan ananın qızının əlində isə açar var.

Sevinc Əhmədova əsəri barədə danışarkən İrəvanın açarının bizim əlimizdə olduğunu və bir gün o qapıları aça biləcəyimizi vurğuladı.

Xatırladaq ki, hələ 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycana məxsus tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Zaman-zaman  Rusiya ermənilərin tarixi ərazilərimizə köçürülməsinə nail oldu. Və azərbaycanlılar tarixi torpaqlarından sıxışdırılaraq, soyqırıma məruz qalaraq, ev-eşiyi talanaraq çıxarıldı – Qərbi Azərbaycandakı torpaqlarımız tamamilə işğal edildi.

Birinci mərhələ 1905–1920-ci, ikinci mərhələ 1948–1953-cü, üçüncü – sonuncu mərhələ isə 1988–1992-ci illəri əhatə edir. Biz həmin günləri heç zaman unutmayacağıq və bir gün o torpaqlara qayıdacağıq, mütləq qayıdacağıq!

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!