11 Sentyabr 2025 / 06:28

Tramp Netanyahuya Dohaya zərbə endirmək qərarının müdrik olmadığını deyib

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə gərgin telefon danışığı keçirib və o, Dohaya endirilən zərbədən narazılığını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə günü “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, prezident baş nazirə Qətərin paytaxtına zərbə endirmək qərarının “ağıllı olmadığını” deyib. Tramp həm də hücum haqda İsraildən deyil, Amerika hərbçilərindən xəbər tutmasından narazı olub. Hökumət başçısı ilə söhbətində prezident vurğulayıb ki, yəhudi dövləti Qəzza zolağında hərbi əməliyyatı dayandırmaq üçün danışıqlarda vasitəçilik edən ABŞ-ın müttəfiqinin ərazisinə hücum edib.

Netanyahu cavab verib ki, zərbə vurmaq üçün “kiçik fürsət pəncərəsi” var və o, bundan istifadə etməyi zəruri hesab edir.

Mənbə qeyd edib ki, iki lider arasında növbəti telefon danışığı daha isti olub. Tramp Netanyahudan hücumun uğurlu olub-olmadığını soruşub. Baş nazir cavab verib ki, hələ ki, bilmir.

Sentyabrın 9-da Dohada silsilə partlayışlar baş verib. Az sonra İsrail ordusunun mətbuat xidməti Baş Təhlükəsizlik Xidmətinin dəstəyi ilə Hərbi Hava Qüvvələrinin HƏMAS nümayəndələrini vurduğunu bildirib. Qətərin baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari hücuma görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib. Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyəti üzvlərinin həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edərək, hücumda Qətər təhlükəsizlik qüvvələrinin bir üzvü və Qəzza zolağındakı hərəkatın liderlərindən birinin oğlu Xəlil əl-Heyinin oğlu da daxil olmaqla altı nəfərin öldüyünü etiraf edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!