11 Sentyabr 2025 / 19:51

İsrailə görə daha iki ölkə “Eurovision”dan çıxmağa hazırdır

Onların qərarı dekabrın sonuna qədər açıqlanmalıdır

İsrailin iştirakına icazə verilərsə, İrlandiya və İspaniya “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan çıxmağa hazırdırlar.

Tezadlar.az xəbər verir ki, İrlandiyanın RTE yayımçısının baş direktoru Kevin Bakxerst ölkənin iştirakı ilə bağlı yekun qərarın Avropa Yayım Birliyinin rəyindən sonra veriləcəyini açıqlayıb: “Qəzzada davam edən və dəhşətli insan itkiləri nəzərə alınmaqla İrlandiyanın iştirakı qəbuledilməz olardı. RTE həmçinin jurnalistlərin məqsədyönlü şəkildə öldürülməsindən, beynəlxalq müxbirlərə çıxışın qadağan edilməsindən və girovların acınacaqlı vəziyyətindən dərin narahatdır.”

İspaniyanın mədəniyyət naziri Ernest Urtasun da Avropa Yayım Birliyini İsraili müsabiqədən kənarlaşdırmağa çağırıb, əks halda, ölkəsi iştirak etməyəcək. “Sky News”-un məlumatına görə, “Eurovision”un direktoru Martin Qrin Yaxın Şərqdəki müharibə ilə bağlı ölkələrin narahatlığını anladığını bildirib.

“Biz hələ də Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı iştirakı və geosiyasi gərginliyi necə idarə etdiyimizə dair fikir toplamaq üçün bütün EBU üzvləri ilə məsləhətləşirik. Yayımçılara gələn il Vyanada keçiriləcək tədbirdə iştirak etmək istəyib-istəmədiklərini təsdiqləmək üçün dekabrın ortalarına qədər vaxt verilir. Hər bir üzv müsabiqədə iştirak etmək istəyib-istəməyəcəyinə qərar verməlidir və biz istənilən qərara hörmətlə yanaşacağıq”, – o deyib.

Xatırladaq ki, sonuncu Avroviziya başa çatandan dərhal sonra Sloveniya İsrailin istisna olunmayacağı təqdirdə iştirakdan çıxmaq niyyətini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!