16 Sentyabr 2025 / 19:10

Sabiq hücumçu: Rəqib “Benfika” güclü və təcrübəli komandadır

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı bu gün keçirəcəyi matçın ilk dəqiqələrində qol buraxmasa, daha inamlı görünəcək.

Bunu Tezadlar.az-a açıqlamasında Ağdam təmsilçisinin və Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev deyib.

Mütəxəssis rəqibin güclü olduğunu vurğulayıb:

“UEFA Çempionlar Liqasında ilk oyundur. Amma rəqib güclüdür. “Qarabağ” bu yarışda kifayət qədər təcrübəsi olan komandaya qarşı oynayacaq. Səfərdə çətin olacaq. İlk dəqiqələrdən qol buraxmasa, komanda daha inamlı görünəcək. Millilərə görə yaranan fasilədən sonra “Qarabağ”ın futbolçuları birlikdə az məşq etmiş ola bilərlər. Amma istənilən halda, “Qarabağ”ın Avropa təcrübəsi var. Futbolçular güclü təzyiqi görüblər”.

O, Nəriman Axundzadənin komanda üçün ciddi itki olduğunu söyləyib:

“Əlbəttə, Nəriman Axundzadənin zədəli olması bu gün “Qarabağ” üçün ciddi itkidir. Amma Nəriman olmasa belə, başqa alternativ variantlardan istifadə edilə bilər. Məsələn, Leandro Andradeni irəlidə oynatmaq mümkündür. Oyuna Musa ilə də başlaya bilərlər. Hər halda, buna Qurban Qurbanov qərar verəcək”.

Qeyd edək ki, bu gün Lissabondakı “Eştadiu da Luş” stadionunda təşkil edəcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!