26 Sentyabr 2025 / 20:16

Bakı Slavyan Universiteti ilə Ardahan Universiteti anlaşma memorandumu imzaladı

Sentyabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və Türkiyə Respublikasının Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu arasında anlaşma memorandumu imzalanıb. Tezadlar.az xatırladır ki, tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetlərarası əlaqələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək, “Orhun” proqramı çərçivəsində mübadilə imkanları genişlənəcək və iki ali təhsil müəssisəsi arasında sıx tərəfdaşlıq əlaqələri qurulacaq.
Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu isə öz çıxışında imzalanan memorandumun elmi və akademik mühitin inkişafına, universitetlərarası əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyini qeyd edib. Memoranduma əsasən tərəfdaş universitetlər arasında elmi və akademik əlaqələrin inkişafı, mübadilə imkanlarının genişləndirilməsi, birgə elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi, təhsil proqramlarının təşviqi, eləcə də təcrübə mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, memorandumun məqsədi tədris və tədqiqat fəaliyyətlərinə marağın artırılması, həmçinin müəllimlərin, tələbələrin və əməkdaşların mübadiləsinin təşkili və dəstəklənməsidir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!