2 Oktyabr 2025 / 13:12

Akademik Teymur Kərimliyə ad günü təbriki…

 …Tanınmış ədəbiyyatşünas, mətnşünas, şərqşünas, şair, tərcüməçi akademik Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olmuşdur.

O, Azərbaycan ədəbiyyatşünaslığında öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri olan görkəmli bir şəxsiyyət kimi Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Akademik Teymur Kərimli Azərbaycan klassik ədəbiyyatı üzrə bir nömrəli mütəxəssis kimi tanınmaqdadır. O, Azərbaycanda elm təşkilatçısı və təbliğatçısı kimi fəaliyyət göstərməkdədir.

Akademik Teymur Kərimli Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü kimi şərəfli mövqelərə sahibdir.

Bu il görkəmli alim Teymur Həşim oğlu Kərimlinin 72 yaşı tamam olur. O, 2014- cü ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, 2021- ci ildən isə baş direktoru vəzifəsində çalışaraq, səmərəli elmi və elmi-təşkilati fəaliyyəti ilə humanitar elmlərin inkişafına sanballı töhfələr vermişdir. Alim 1990-2020-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru işləmişdir. O, eyni zamanda “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin re- daktoru kimi də fəaliyyət göstərmişdir.

Akademik Teymur Kərimli müasir Azərbaycan ədəbiyyatşünaslığının, bütövlükdə milli humanitar elmi fikrin tanınmış nümayəndəsi və çoxşaxəli elmi yaradıcılığa malik olan bir şəxsiyyət kimi Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının Azərbaycan və fars dillərinə tərcüməsi, “Görkəmli şəxslərin avtoqrafları və epistolyar irsi” layihələrinin icra olunması, 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusunun nəşr edilməsi kimi mühüm işlərin icrasını təşkil etmişdir. Teymur Kərimli qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi Azərbaycanın klassik irsinin görkəmli nümayəndələri olan Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Xətainin, M. P. Vaqifin, S. Ə. Şirvaninin, M. Ə. Sabirin, M. Şəhriyarın, H. Cavidin yaradıcılıqlarının müasir nəzəri- metodoloji baxışlar sistemini geniş şəkildə tədqiq etmişdir. Teymur Kərimlinin elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi olan dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi təşkil edir.

O, Azərbaycan ədəbi düşüncəsinin ayrılmaz bir hissəsi olan Nizami Gəncəvi yaradıcılığının Azərbaycana bağlılığını əsaslı dəlillərlə arqumentləşdirməklə yanaşı, bu ideyaların respublikamızda və xaricdə populyarlaşdırılması yolunda da uğurlu fəaliyyət göstərmişdir. Onun “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitabları Azərbaycan ədəbi düşüncəsinin inkişafında mühüm rol oynamışdır. Akademik Teymur Kərimli ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin həmmüəllifi olmuşdur. Dahi şəxsiyyətin xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunan elmi məqalələrinin sayı 200-dən çoxdur və bu məqalələrə tanınmış ədəbiyyatşünaslar dəfələrlə istinad etmişdirlər. Akademik Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olmuşdur. Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair, tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Azərbaycan ədəbiyyatşünaslığının öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri və çəkisi olan görkəmli bir simasıdır. Dahi şəxsiyyətin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı haqqındakı sanballı və dəyərli araşdırmaları sayəsində Azərbaycanda nizamişünaslıq daha da təkmilləşmiş və zənginləşmişdir. Akademik Teymur Kərimlinin klassik Azərbaycan ədəbiyyatına verdiyi töhfələr içərisində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin yaradıcılıqlarının geniş şəkildə araşdırılması alimin böyük uğurlarındandır. Görkəmli alim əsərlərində Azərbaycan klassik sənətkarları ilə yanaşı, ayrı-ayrı farsdilli şairlərin də çoxsaylı seçmə şeirlərinin üzdə görünməyən, alt qatda gizlənən mənalarının geniş və dəqiq təhlilini vermişdir.

Klassik Azərbaycan ədəbiyyatının mükəmməl tədqiqatçısı və kamil bilicisi, akademik düşüncə tərzinə malik görkəmli alim, geniş dünyagörüşlü, yaradıcı fikir adamı, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış mütəxəssisi olan Teymur Kərimli çoxsaylı tədqiqat əsərləri ilə elm sahəsində və ədəbi mühitdə böyük hörmət qazanaraq, onlarla şair və mütəfəkkirlərimizə həsr olunan əsərləri ilə Azərbaycanı dünyada tanıtdırmışdır. Teymur Kərimlinin bir elm adamı kimi yüksək ədəbi uğurlara nail olması birbaşa Azərbaycanın nailiyyətidir. O, bugündə Azərbaycan elmi üçün əhəmiyyətli olan böyük ictimai işlər görməkdə, zəngin təcrübəsini və dərin biliklərini tələbələrinə ötürməkdədir. Teymur Kərimli böyük alim və istedadlı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və böyük Nizami yaradıcılığının ən qüdrətli tədqiqatçılarından biri kimi adını tarixin səhifələrinə silinməz həriflərlə yazmışdır. Teymur Kərimlinin bir elm adamı kimi Nizami Gəncəvini, Füzulini, Nəsimini azərbaycanlı mütəfəkkir kimi öyrədib, təbliğ etmək yolunda göstərdiyi xidmətlər əvəzolunmazdır. Ədib geniş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının qədimliyini və fəlsəfi məzmun baxımından dərinliyini sübut etmişdir.

Görkəmli ədəbiyyatşünas alim həyatını klassik ədəbiyyatın tədqiqinə həsr etdiyi üçün onun bu sahədəki əsərləri Azərbaycan ədəbiyyatında xüsusi çəkiyə malik olub, sanballı mövqedədir. Azərbaycan ədəbiyyatşünaslıq elminin məhsuldar olmasında klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısının yeri və rolu olduqca böyükdür. Akademik Teymur Kərimli Azərbaycanın klassik irsinin görkəmli nümayəndələri olan Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Xətainin, M. P. Vaqifin, S. Ə. Şirvaninin, M. Ə. Sabirin, M. Şəhriyarın, H. Cavidin yaradıcılıqlarını geniş şəkildə tədqiq edərək keçmişlə bugün arasında mənəvi körpü yaratmağa nail olmuşdur. Mən, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin redaktoru Vəfa Şərifova akademik Teymur Kərimlinin günü-gündən yenilənən və zənginləşən ədəbi irsinin vikipediyada qeydiyyatını aparmışam və aparmaqdayam.

Hörmətli akademik Teymur Kərimlinin zəngin yaradıcılığının Azərbaycan vikipediyasında yenilənməsini icra etdiyim üçün qürur duyuram. Teymur müəllim, Sizin rəhbərliyiniz altında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyata keçirilən ardıcıl daxili və xarici siyasətə görə Sizə xüsusi səmimiyyət və minnətdarlıq hissi duyuram. Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin!

Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm.

Vəfa Şərifova,

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda

Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin redaktoru 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!