Bu gün şair Əlisəmid Kür (Cəfərli) dünyasını dəyişib.
Tezadlar.az xatırladır ki, şairin ailə üzvləri bu barədə mediaya məlumat verib. Belə ki, şair bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib. Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. O, 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.