17 Oktyabr 2025 / 08:06

Baş nazirin “Məhəmməd” adından niyə acığı gəlir?- SƏRT ETİRAZ

Gürcüstanın İlya Dövlət Universitetinin assosiasiyalı professoru Beka Mindiaşvili ölkənin Baş naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, Beka Mindiaşvili bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib. O bildirib ki, Kobaxidze son dərəcə ağır bir fikir səsləndirib: belə çıxır ki, Berlində bir uşağa “Məhəmməd” adının verilməsi Almaniyanın kimliyini itirməsinə səbəb olur: “Bu fikir, xüsusilə də Almaniya kontekstində, açıq-aşkar nasist yanaşmasıdır və belə də başa düşülə bilər: Almaniyada yaşayan təxminən 5 milyon müsəlman guya bu ölkənin kimliyini yox edir. Bu sizə heç nəyi xatırlatmır? Bəli, eyni ritorikanı vaxtilə Yozef Göbbels aparırdı. O da Alman mədəniyyətini və milli şüurunu ‘qeyri-alman’ elementlərdən təmizləməyi təbliğ edirdi. Əslində isə tam əksi baş verdi – nasist ideologiyası, etnik təqib, irqi ayrı-seçkilik və ‘irqi saflıq’ siyasəti ötən əsrin ilk yarısında Almaniyanı həm hörmətdən, həm kimlikdən, həm də on milyonlarla insandan və vahid dövlətdən məhrum etdi. Gürcüstanda isə əsrlərdir ki, gürcü yəhudilər yaşayır. Son illərdə getdikcə daha çox insan özünü “gürcü azərbaycanlısı”, “gürcü ermənisi” kimi təqdim edir. Bu düşüncəyə gəlib çıxmağımız, bu şüuru formalaşdırmağımız illər aldı. Axı milliyyət nə dini, nə də etnik mənsubiyyətlə müəyyən olunur – milliliyin əsası vətəndaş şüuru və ictimai məsuliyyətdir. Məhz bu anlayışı İlia Çavçavadze, Yakob Qoqobaşvili, Vaja Pşavela və digər böyük gürcü ziyalıları təbliğ edirdi. Gürcüstan Konstitusiyası da milliliyi məhz vətəndaş şüuru ilə müəyyən edir. Kobaxidze Gürcüstanda etnik ruslara qarşı baş verən nadir ksenofobiya hallarını ucadan tənqid edir, amma Avropaya gəldikdə açıq-aşkar nasist ritorikası ilə çıxış edir. Amma nə demək olar o qüvvəyə ki, müxalif düşüncəli gəncləri ‘artıq’ sayır və onları ölkəni tərk etməyə məcbur edir, müxalif fikrə sahib insanlardan isə mülki və siyasi hüquqları alır? Görünür, bu qüvvələr bir növ faşist diktaturası qurmaq niyyətindədirlər və əgər biz susacağıqsa, bu diktatura çox keçmədən hamının boğazından yapışacaq – təkcə fərqli düşünənlərin yox, həm də fərqli etnik mənsubiyyətə və dini inanca sahib insanların”, – deyə Beka Mindiaşvili qeyd edib.

Xatırladırıq ki, Baş nazir İrakli Kobaxidze ötən gün Birinci Kanalın efirindəki çıxışı zamanı Avropa ölkələrində miqrasiya və LQBT məsələlərinə dair vəziyyəti tənqid edib. O, Berlində ən çox rast gəlinən adlardan birinin Muhamməd olduğunu vurğulayıb və bunun Avropanın üzləşdiyi problemlərdən biri olduğunu qeyd edib. 

Təbii ki, siyasətçi baş nazirə qətiyyən yaraşmayan ifadədir və haqlı olaraq etirazlarla qarşılanıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!