Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

19 oktyabr — Qum adasında hər kəsin hörmət və sevgi ilə yanaşan, peşəsinə sədaqəti, insanlara mərhəməti ilə seçilən tibb bacısı Aygün xanımın doğum günüdür.

Aygün xanım uzun illərdir ki, bu məhəllənin insanlarına xidmət edən tibb bacısıdır. Onun haqqında danışanda sakinlərin üzündə xüsusi bir təbəssüm yaranır.
Çünki Aygün xanım təkcə iynə vurmaqla deyil, həm də insanlara diqqət və qayğı bəxş edir.
Onun ən çox dildən-dilə yayılan xüsusiyyəti isə peşəkar əl qabiliyyətidir. Aygünün vurduğu iynəni hiss etməmək bu məhəllədə adi haldır. İnsanlar zarafatla deyirlər ki, “o iynəni elə vurur ki, adamın ruhu da incimir”. O, xəstənin qorxusunu, narahatlığını hiss edir, öncə insanı arxayınlaşdırır, sonra isə öz işini böyük ustalıqla yerinə yetirir.

Tibb bacısı Aygün xanımı başqalarından fərqləndirən təkcə əl bacarığı deyil. Ona müraciət edən hər kəs bir tibb bacısından çox, mehriban bir qonşu, anlayışlı bir insanla qarşılaşdığını görür. Xəstələrinə yalnız tibbi xidmət göstərmir, eyni zamanda onların dərdinə qulaq asır, ibrətamiz sözləri ilə insanlara təsəlli verir. Sakinlər danışırlar ki, Aygünün qapısını döyəndə heç vaxt rədd cavabı almırsan. İstər gecə olsun, istər gündüz, imkan daxilində kömək etməyə çalışır. Çünki onun üçün peşə sadəcə pul qazanmaq vasitəsi deyil, vicdan, borc və insana xidmət anlayışıdır.

Bu gün Qum adasında Aygünün adı xüsusi bir məna daşıyır. Onu tanıyan hər kəs deyir ki, bu məhəllənin ən böyük güvənc yeri Aygün xanımın varlığıdır. Uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin sevgisini qazanmaq, hər evin duasını almaq hər adama nəsib olmur. Ancaq Tibb bacısı Aygün xanım bunu bacarıb.
Onun timsalında bir daha aydın olur ki, həqiqi tibb işçisi sadəcə iynə vurmaqla deyil, insanın qəlbinə yol tapmaqla yadda qalır. Onun haqqında deyilən ən dəyərli söz isə budur: “Əgər hər məhəllədə Aygün kimi qayğıkeş tibb bacıs olsa, heç kim sağlamlıq yolunda tək qalmaz.”
Bu doğum günündə tibb bacısı Aygün xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi, işində uğurlar və insanların sevgisini daim qazanmağı arzulayırıq.
Ad gününüz mübarək!
Elşad FƏRMANOĞLU