24 Oktyabr 2025 / 20:07

Bakıya giriş pullu olacaq…

Amma niyə, necə və kimə görə? Bəs insanlar nə deyir?”

Bakıya giriş pullu olacaq, ödənişli hərəkət zonaları yaradılacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, 2027-ci ildən Bakı şəhərində “ödənişli hərəkət zonaları” tətbiq olunacaq. Yəni, bəzi küçə və ya ərazilərə avtomobillə daxil olmaq pullu olacaq. Bu vəsaitlər “İctimai nəqliyyat” Fonduna yönəldiləcək və həmin pulla avtobusların subsidiyalaşdırılması, yəni ictimai nəqliyyatın saxlanması və inkişafı maliyyələşdiriləcək.

Sadə dillə desək, şəxsi avtomobillə şəhər mərkəzinə girmək pullu olacaq, rəsmiyyətdə məqsəd — ictimai nəqliyyatı daha əlçatan və keyfiyyətli etməkdir. Bu qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yəni, bu dəyişikliklərə uyğunlaşmaq üçün müəyyən zamanımız var.

***

Nə deyək, bir azdan öz dövlətimizdə havanı da pulla alacağıq. Görəsən, bu ödəniş zonaları haradan başlayacaq, harada bitəcək? Ən azı bunu açıqlasınlar ki, vətəndaş özünü ona uyğunlaşdıra bilsin. Qərar verilib, amma çox adam bundan xəbərsizdir. Sərəncam qəbul olunur, amma izahı verilmədən — bu, cəmiyyət üçün qəbuledilməzdir. Qərarın əsaslandırılması geniş şəkildə mətbuatda açıqlanmalıdır ki, insanlar nə üçün, necə və kimin xeyrinə belə addım atıldığını bilsin.

Bu tədbirin əsas səbəbi nədir? Əgər məqsəd həqiqətən tıxacları azaltmaqdırsa, bunun yolu var və o, yalnız paytaxtda pullu zonalar yaratmaq deyil. Əgər məqsəd şəhərin boşalmasını təmin etməkdirsə, cavab aydındır: regionlarda iş yerləri yaratmaq lazımdır. Yoxsa, o təmiz havalı, səfalı yerləri qoyub kim bu tozlu, boğucu şəhərə gəlmək istəyər ki?! Kim istəyər səhər quş səsini yox, maşın səsini eşitsin, torpaq qoxusu yox, tüstü iyi duysun? İnsanlar istirahət üçün yox, məcburiyyət üzündən qaçırlar o gözəl yerlərdən. Çünki dolanmaq, yaşamaq, ailəsini saxlamaq üçün başqa çarələri qalmayıb. Ona görə də problemi şəhərdə deyil, kənddə axtarmaq lazımdır. İnsanları doğma yurdlarından qoparan səbəbləri aradan qaldırılmalıdır. Səbəb də ki, göz önündədir, onu hamı görür. Bəli, insanlar Bakıya “kef üçün” gəlmirlər, onlar yaşamaq üçün, işləmək üçün gəlirlər. Rayonlarda iş, infrastruktur, məktəb, universitet və mədəni həyat yaradılmasa, bu axının qarşısını almaq mümkün deyil.

Başqa bir vacib məsələ: kənd əhalisinin hüquqları. Kənddə torpağı, otlaq sahəsi və yaşayış imkanları olan insana niyə rayondan ayrılıb şəhərə köçmək lazım olsun? Ərazi sahiblərinin hüquqları qorunmalı, məmur zəbtinə qarşı ciddi tədbirlər görülməlidir. Torpaq və otlaqlar insanlara verilsə, insanlar orada yaşayar, ailəsini saxlayar — bu həm ərzaq təhlükəsizliyini təmin edər, həm də şəhər üzərindəki təzyiqi azaltmış olar. Onda nə ət qıtlığı olar, nə də bahalaşma baş verər. Zatən, burda işləməyə gələnlər lüks həyat yaşamırlar ki… Kənd həyatını sevməməkdən deyil, amma dolanışıq olmayanda insan nə etsin — acından ölsünmü?

İnsanları “ödəmə” ilə şəhərdən uzaqlaşdırmaq olmaz. Onlara yaşamaq üçün alternativlər yaradılmalıdır. O zaman Bakı da, bölgələr də yaşam üçün əlverişli olacaq. Çünki insanı paytaxtdan deyil, problemlərdən uzaqlaşdırmaq lazımdır. Həyatı çətinləşdirmək deyil, asanlaşdırmaq dövlətin, cəmiyyətin borcudur. Yaşamaq haqqını pulla ölçməyin, yoxsa bir gün bu haqqı ödəməyə heç kimin imkanı qalmayacaq.

Elşad FƏRMANOĞLU

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!