Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq çoxlarına bəllidir ki, dünən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev nazirliyin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif (Bəhmənli) Quliyevə töhmət verib. Şairin nazirin qəzəbinə tuş gəlməsinə səbəb isə Əbülfəs Qarayevə ithaf etdiyi başı bəlalı “Hamıya yaxşılıq” şeiri olub….
Bəhmənlinin nazirlik tərəfindən özü töhmət almaqla yanaşı, bu şeir parçasını qəzetində dərc edilməsinə rüsxət vermiş “525-ci” qəzetin rəhbəri Rəşad Məcidin də qınanılmasına, xəbərdarlıq almasına səbəb olub. Onlardan tələb edilib ki, bir daha dövlət qulluqçusunun vəzifələrinə uyğun gəlməyən belə yaradıcılıq nümunəsini çap etdirməsin və bu üslubda şeir qəzetdə dərc olunmasın.
Qeyd edim ki, adı çəkilən başa bəla şeir nümunəsi (əlbətdə onun şeir olub-olmamsını şairlər deyə bilər -red) ətrafında artıq bir müddət idi ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş müzakirə aparılırdı. Şeirin yazı üslubu və nazirlik əməkdaşı – dövlət qulluqçusu olan şəxsin rəhbərliyinə qarşı öz fikirlərini yaradıcılıq nümunəsi şəklində çatdırması sərt tənqid olunurdu. Elə nazirliyin mətbuata verdiyi açıqlamadan da görünür ki, qəzetdə və şairin şeirlər toplusunda dərc edilmiş həmin şeir nazirə xeyirdən çox , ziyan gətirib. Belə ki, şeir ictimai müzakirələrə rəvac verərək təhlil edilib və Əbülfəs Qarayev də, müəllif də sərt tənqid ediliblər. Belə görünür ki, məhz ictimai müzakirəyə səbəb olmuş bu şeir ətrafındakı söz-söhbət və şəxsən nazirin də qınaq obyektinə çevrilməsinə rəvac verdiyinə görə Vaqif Bəhmənli cəzalandırılıb, ona xəbərdarlıq edilməklə töhmət elan edilib. Beləliklə, dünən nazirlik yaydığı açıqlamada bəyan etdi ki, Vaqif Bəhmənli bu şeiri dərc etdirməzdən neçə ay öncə nazirə göstəribmiş və nazir də ona həmin şeiri dərc etdirməməyi tövsiyə edibmiş… Burdan da aydın olur ki, o, Bəhmənli nazirin sözünü eşitməzdən gələrək qulaqardına vurub və nəinki şeiri “525-ci” qəzetdə dərc etdirib, hətta yubileyi ərəfəsində çap olunmuş şeirlər toplusuna da salıb. Görünür onun bu hərəkəti naziri lap əsəbiləşdirib.
Qeyd edim ki, nazirin Vaqif Bəhmənliyə töhmət elan etməsindən sonra da şeir ətrafındakı müzakirələr səngimədi, əksinə sosial şəbəkələrdə, saytlarda daha geniş vüsət aldı. İctimai müzakirələr zamanı insanlar arasında onu qınayanlar da oldu, yəni yenə fərqli münasibətlər – nazirin özünü təvazökar göstərməyə çalışmasından, rəğbət qazanmaq istəməsindən tutmuş gündəmin xeyirxahına çevrilmək istəməsi iddiasınadək – hər şey deyildi… Bəziləri isə, naziri şairə qarşı humanist olmamaqda qınadı. Yəni nazir sonra da qınayanlar tapıldı. Nazirin bu qərarına hərə öz baxış prizmasından yanaşdı. Əlbəttə, bu yanaşmalarda, münasibətdə bəzən şəxsi münasibətlər – dostluq, tanışlıq səmimiyyəti üstələdiyi üçün yazılanların da həqiqiliyi, doğruluğu şübhə doğururdu…
Amma şəxsən mənim subyektiv fikrimdir ki, nazir dünən Azərbaycan tarixində bir ilkə imza atmış oldu. İlk məmur, dövlət işçisidir ki, barəsində yazılan şeirdən imtina etdi və müəllifi də çəzalandırdı. Nəticə nə qədər acı olsa belə, biz bunu istəməsək belə…
***
Qeyd edim ki, Azərbaycanda həmişə belə zümrə – “saray” şairləri olub. Vaxt, dövran dəyişsə də, yazı üslubu təzələnsə də bu şəxslər mövcud olub. Yəni onların çörəyi “tərifdən” çıxıb. Onları hamımız tanıyırıq. Siz də, mən də… Onlar da zənnimcə, özlərini tanıyırlar…
Ona görə də biz tərifli ithaf şeirləri görəndə, o qədər də təəccüblənmirik -aşıq eşitdiyin çalar. Belələri “zəmanə adamı” olub istedadlarını bu istiqamətə kökləyənlərdi. Təsəvvür edin, Azərbaycanda kimlərə şeir ithaf edilmir – müəllifin kitabına sponsorluq etmiş alverçiyə, doktorluq dissertasiyanın rəhbəri olacaq professora, hərdən cibinə pul qoyduran icra başçısına, həyətində tikinti aparmaq istəyən sakin “JEK” müdirinə, sahə inspektoruna, təcili yardım həkiminə, “operasiya” etmək vəzifəsi olan cərraha, övladının təhsil aldığı məktəbin ibtidai sinif müəlliminə, direktoruna, seçicilərini üzünü görmədiyi bir çox yarıtmaz deputatlara, nazirlərə… Bu siyahını “N” qədər uzatmaq olar…
Amma buna ehtiyac yoxdur. Bircə onu qeyd etmək istəyirəm ki, şəxsən “Təzadlar” qəzetinin həm poçtuna, ya da şəxsən əlbəəl bu mövzuda yüzlərlə mənasız “şeirlər”, “məqalələr” gəlir. Əlbəttə biz onları dərc etmirik, lakin bəzən aylarla redaksiyaya təpik döyüb xahiş edənlər olur ki, həmin yazı dərc edilsin, sonra da həmin qəzeti götürüb gedələr həmin şəxslərin qəbuluna… Biz bu canfəşanlıqların, boğzadan yuxarı təriflərin nəyə hesablandığını çox gözəl bilirik… Acınacaqlısı isə odur ki, belə yazıların dərcinə icazə verməyəndə bəzən ağızlarından “dür” tökülən “şeir” və “məqalə” müəllifləri həmin tərifləmək istədikləri “obyektə” gedib deyirlər ki, bəs filankəs sənin paxıllığını çəkir, ona görə də sənin barəndə yazdığım “şeiri, məqaləni” dərc etmir… Belələrinə isə nə deyəsən, nə ad verəsən? Lakin aralarında söz başa düşən, məsləhət eşidənlər də olur. Elə bir neçə gün bundan əvvəl “Təzadlar”ın poçtuna Elmin Nuriyev adlı bir gənc prezidentə həsr etdiyi bir şeir göndərmişdi və onun dərc olunmasını xahiş edirdi. Hiss olunurdu ki, Elmin ürəyindən keçənləri yazıb, lakin biz ona məsləhət gördük ki, bu şeir prezidentin adına yaraşan şeir deyil və gələcəkdə bunu nəzərə alsın. Çox sağ olsun, o da əvəzində bizə minnətdarlıq etdi.
Yəni sözümün canı budur kİ, dəfələrlə Prezidentə həsr edilmiş çox mənasız, yazı üslubu zəif olan şeirlər olub ki, biz onu dərc etməmişik. Çünki elə şeirin hansısa özünə “şairəm” deyən adam tərəfindən yazılması nə ölkə başçısının özünə, nə nüfuzuna, nə də böyüklüyünə hörmət gətirməz, əksinə gözdən salmağa xidmət edər, ucuzlaşdırar… Bu gün çox təəssüf ki, bu “missiyanı” boynuna götürənlər var. Lakin pessimist olmayaq, gəlin ümid edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu haqlı narazılığı çoxlarına görk olacaq və bu tip “şirinliyə” Azərbaycanda son qoyulacaq.
Sonda hamının maraqlandığı həmin şeiri üzrxahlıq edərək şairlərin, oxucuların ixtiyarına verirəm. Oxuyun və deyin – kimdir haqlı, kimdir haqsız?
JASMİN
Hamıya yaxşılıq
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…
(29.10.2015)