31 Oktyabr 2025 / 11:57

Molla və haram- MEHRİBAN VƏZİR YAZIR

Bizim bir Molla Qurban var… arada məzarlıqda söhbət edərik…
O günlərdə danışır ki,
-Bir nəfər var, elə o da neçə illərdi gəlir-gedir qəbrüstə, onların yerinə də mən baxıram, elə məclislərinə də məni çağırır, yaxşı da hörmət edir, pullu adamdı, dəmdəsgahı var, deputatdı, arada söhbət edirik, adını demiyim.
Deyirəm, demə.
Molla sözünə davam edir,
– Deputat deyir, dərdimi sənə deyirəm, heç kimə deyə bilmirəm. Deyir, atam kasıb kişi idi, neçə uşaq idik, bizi halal zəhmətlə böyütdü, bir qarın ac, bir qarın tox, amma hamımızı oxutdu. Gəldik bu yerlərə çıxdıq. Heç vaxt atamın üzünə ağ olmadım, məclislərimin başında oturtdum, hörmətini saxladım. İndi mən möhtacam ki, oğlum mənə bir salam versin, üzümə baxsın, bir dəfə kefimi soruşsun. Ona hər şey eləmişəm, villa vermişəm, neçə yüz minlik bağ almışam, neçə maşın dəyişib, oxutmuşam, yaxşı işə düzəltmişəm, hara istəyib gedib, nə istəyib eliyib, heç nəyi əsirgəməmişəm. Di gəl, bu qədər əməyimin qara qəpiklik qiyməti yoxdu gözündə. Məni dindirmir, adam yerinə qoymur…
Molla sözünə davam edir,
– Bu deputat məndən soruşur ki, Molla, sən, Quran oxumuş adamsan. Bəlkə bilərsən, bu uşaq niyə belə edir. Dedim, bilirəm, amma demərəm. Dedi, mən ölüm, de. Dedim, and vermə, desəm inciyərsən. Dedi, sən Allah de, incimərəm. Bilmək istəyirəm. Dedim, bax and verdin, deyirəm, amma incimə. Özün deyirsən ki, atam halal adam idi. Bizi halal zəhməti ilə böyütdü. Sən də yaxşı övlad oldun, əməyini itirmədin, hörmətini saxladın, çünkü halal çörəklə böyümüşdün. Bayaqdan sayırsan villa, bağ, maşın, nə bilim nə… bunlar halal pulnan başa gələn işlər deyil axı, ay məllim… haramın da axırı budu da, haramla böyüyən övlad elə belə olar…
Mehriban VƏZİR,
yazıçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!