…Həyat yoldaşı birinci Qarabağ müharibəsində itgin düşən xanım Cıdır düzündə bizimlə birgə qayalıqlarla xeyli aşağı enir. Biz bu gözəl mənzərədə şəkillər, videolar çəkirik, o isə kənarda dayanıb baxır. Birdən deyir:
– Görəsən burada qışqırsan səs əks-səda verər?
Hərə bir tərəfdən cavab verir: Hə, məncə verər, filan… Qəfil sinəm göynəyir. Xanımın üzünə baxıb soruşuram:
-Qışqırmaq istəyirsiniz, hə?
O, artıq göz yaşını gizləyə bilmir. Qəhər içində boğulsa da, güclə “hə” deyir.
Gözümü üzündən çəkib, əlimi çiyninə toxunduraraq, yanından ötüb keçirəm:
– Bax, indi biz qalxacağıq yuxarı. Siz qalın, istədiyiniz kimi qışqırın deyirəm… Yanağından yaş süzülsə də, elə göz yaşı içərisində sevinir, razılaşır. Və hiss edirəm ki, onun içində həqiqətən də həyat yoldaşının onu eşidəcəyinə, yaxud bu harayla onu tapacağına inam var.
Qələbə bizimdir, Zəfər qazanmışıq, sevinirik, deyib-gülürük, amma bu bir həqiqətdir ki, müharibələrin ağrıları heç vaxt köhnəlmir. O yaralar həmişə təzədir. Həmin qadın Cıdır düzündə qışqırmaqla, yaşamadığı gəncliyini, ərinin itkin düşməsindən sonra doğulan körpəsinin üsyanını, yarım qalan xoşbəxtliyini, ümidlərini haraylayacaqdı. İllərlə çiyinlərinə yığılan ağrıdan qurtulmağa çalışacaqdı… Bunu anladığım üçün ondan uzaqlaşdım. Ümid edirəm ki, məndən sonra gələnlər canıyananlıq edib onu geri qaytarmadılar. Ümid edirəm ki, o, var gücü ilə qışqıraraq ürəyini boşalda bildi… Belə məqamlarda toxunmayın onlara. Qoy çığırsınlar, ağlasınlar, yüngülləşsinlər. Əks-səda versin hayqırtıları… Bəlkə doğrudan da səsləri çatcaq doğmalarına, əzizlərinə… Səsləri çatmasa belə, buna inanmaqlarının özü belə bir dərmandır, təsəllidir.
Məhsəti Musa